Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:41
“Nemətulla Kişvəri Nəsimidən sonra bizim anadilli ən görkəmli şairimizdir”

Bu sözləri - xronoloji baxımdan dəyərləndirməni AzadlıqRadiosuna N.Kişvərinin “Türk divanı”nın redaktoru və nəşrə hazırlayanı , M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu-Kərimov söylədi.

Onun sözlərinə görə, bu divan 1984-cü ildə də Əlyazmalar İnstitutu tərəfindən çapa hazırlanıbmış.

“O zaman bizim əlimizdə cəmi 3 nüsxə var idi. İkisi Özbəkistanda---Daşkənddə və Səmərqənddə, biri isə Bakıda. Ancaq bu nüsxənin üstünlüyü orasındadır ki, biz Almaniyada yaşayan Məhəmmədəli Hüseyninin yardımı ilə əsərin avtoqrafını—yəni müəllifin öz əli ilə köçürdüyü nüsxəsini əldə edə bilmişik və faksimelesini də vermişik”.

KİŞVƏRİ HƏM DƏ XƏTTAT İMİŞ!

Paşa müəllimin dediyinə görə, İslam ensiklopediyasında Nemətulla Kişvərinin həm də xəttat olduğu qeyd olunubmuş.

“Biz fikirləşirdik ki, bu dəqiq olmaya da bilər. Amma İranda “Məclisi-Şura-islami” kitabxanasında--əvvəllər Parlament kitabxanası deyirdilər—aşkar olunan kitabın Kişvərinin öz əli ilə köçürüldüyü üzə çıxdı. Müəllif özü yazıbsa, demək, hər şey dəqiqdir”.

KİŞVƏRİ SƏDİNİN “BUSTAN”INI DA KÖÇÜRÜB?

Bəzi mənbələrin Kişvərinin Sədinin “Bustan”ını da köçürdüyünü yazdığını deyən Paşa Əlioğlu müəllifin öz əlilə yazdığı“Türk divanı”nın ədəbiyyat tariximiz üçün, dilimizin tədqiqi üçün böyük tapıntı saydığını da dilə gətirdi.

“Divan bütöv deyil, ortadan bəzi səhifələr düşüb. Buna baxmayaraq divanda olan 22 bütöv, 2 natamam qəzəl Kişvərinin əvvəlki çaplarına düşməmişdi”.

KİŞVƏRİNİN FARS DİLİNDƏ DƏ ŞEİRLƏRİ VAR

Paşa Əlioğlu bu divanda Kişvərinin daha bir müəmmasının açıldığını--onun fars dilində də şeirlər yazdığını dedi. “ Düzdür, biz onları çap eləməmişik, amma əsas odur ki, əlimizdə var”.

KİŞVƏRİNİN GÖZƏL XƏTTİ VARMIŞ

Kitabın tədqiqatla birgə təxminən 100 səhifə olduğunu deyən Paşa Əlioğlu Kişvərinin gözəl xətti olduğunu--nəstəliqlə yazdığını da xatırlatmağı unutmadı.

KİŞVƏRİ ŞAH İSMAYILIN SARAYINDA YAŞAYIB

Paşa Əlioğlu Divandan Kişvərinin həyatına aid yeni bilgilər aldıqlarını da söylədi. “Biz bilirdik ki, Kişvəri Ağqoyunlular sarayında yaşayıb. Divandan aydın olur ki, o bir müddət Şah İsmayılın sarayında da yaşayıb-yaradıbmış”.

KİŞVƏRİ OSMANLI ŞAİRLƏRİNİ DƏ TANIYIRMIŞ!


Paşa müəllimin fikrincə, Kişvərinin Osmanlı şairləri—Əhməd Paşa və Nizami Qulnəvi kimi şairlərin əsərlərinə təxmis yazması göstərir ki, bu hörmətli şəxs onları tanımış və əlaqə saxlamışdır.

“Orta Asiya şairlərindən isə Əlişir Nəvaini çox sevmiş və şeirlərində onu dəyərləndirmişdir. Hətta Nəvainin şeirlərinə nəzirələri də vardır”.

DİVAN AZ TİRAJLA BURAXILIB

“Türk divan”ının az tirajla buraxıldığını deyən araşdırıcı axır vaxtlar klassik ədəbiyyatı oxuyanların azlığı üzündən 200-300 nüsxədən artıq kitab nəşr etmədiklərini də etiraf etdi.

“Amma bilsək ki, tələbat var, böyük tirajla təzədən çap edə bilərik”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG