Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:11
Mario Varqas Lyosanın "Şəhər və itlər" romanının oxuyarkən


"DÜŞMƏN CASUSU" LYOSA...

...Qalxmaq istəsə də, bacarmadı - kimsə ayağını onun qarnına dayamışdı.

10 laqeyd sifət həşərat görürmüş kimi onun üzərinə əyilib tavanın qarşısını bağladı.

Onlardan hansısa əmr etdi:

- Əvvəl-əvvəl "Kukaraçi" üstündə 100 dəfə "Mən bir itəm" oxu!

O oxuya bilmirdi. Buna özü də çox təəccüblənirdi. Təəccübdən gözləri kəlləsinə çıxmışdı. Qəhər onu boğurdu. Kimsə ayağıyla onun qarnını yerə sıxmışdı.

- İstəmir - həmin səs yenə eşidildi. - İt oxumaq istəmir.

Bunu deyən kimi onların onu da ağzını açıb onun üzünə tüpürdü. Özü də bir dəfə yox, dəfələrlə. Gözünü yummalı oldu.

Həmin səs təkrarən və daha ucadan eşidildi.

- Sənə deyirlər "Kukaraçi" üstündə yüz dəfə "Mən bir itəm" oxu!

Bu dəfə o oxudu. Deyilən ifadə boğazından xırıltıyla çıxırdı...

Milli qəhrəmanın adını daşıyan və mötəbər tədris ocağı kimi təqdim edilən hərbi məktəbdə qəddar dedovşina...

"Ded"lər - yuxarı kurs müdavimləri it adlandırdıqları yeni kursantları dəhlizdə tutub bir-bir beləcə "qılınclarının altından keçirirlər".

Ona "Mən bir itəm"i vals, mambo üstündə də oxudurlar.

Sonra onu özü kimi təzə gələn kursantla birlikdə "dörd ayaq üstündə" dayanıb bir-birilərinə hürməyə, boğuşmağa məcbur edirlər.

Amma bütün bunlar yalnız "üvertüradır". Sonra onu bayıra çıxarıb soyundurur, məcbur edirlər ki, stadionun ətrafındakı qaçış zolağında arxası üstə "üzsün".

Daha sonra yenə kazarmaya qaytarıb şkafın üstünə çıxarıb oynadır, çarpayıları yığışdırmağa, yeri yalamağa, balışları "zorlamağa" məcbur edir, sidik içirdirlər...

Bunlar heç də tam olaraq yazıçı təxəyyülünün məhsulu deyil.

Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Lyosanın özünü də 60 il qabaq - 14 yaşı olanda Perunun paytaxtı Limadakı Leonsio Prado adına hərbi gimnaziyaya - "kişilik məktəbi keçməyə" vermişdilər.

(Amma o, yuxarı kursda məktəbi atıb və həvəskar jurnalist kimi çalışmağa başlayır).

Limadakı Leonsio Prado adına hərbi məktəbin veb-saytı
Lyosa hərbi məktəbdə görmüş olduqlarını 1963-cü ildə - yəni 27 yaşı olanda qələmə almaq qərarına gəlir.

Uydurulmalı, qurulub-qoşulmalı obrazlar çox olmayacaqdı.

Sadəcə yaddaşın "ağzını açıb" oradan lazım olan obrazları "çıxarmaq" lazım idi.

Gənc yazıçı hətta hərbi məktəbin adını da olduğu kimi saxlayır.

(Həmin məktəb indi də fəaliyyət göstərir).

Romandakı çılpaq həqiqətlər bir "soyuq duş" olub Peru cəmiyyətini silkələyib oyadır.

Qəzəblənən generallar Lyosanı satqınçılıqda, o vaxt Peruya düşmən olan Ekvadorun "dəyirmanına su tökməkdə", düşmən kəşfiyyatının sifarişini yerinə yetirib öz ordusunu gözdən salmaqda suçlayırlar.

(1941-cı ildə iki ölkə mübahisəli ərazilər üstündə müharibə edib.

Narazılıq uzun illər davam edib və 1995-ci ildə daha bir müharibə ilə nəticələnib).

Hərbi məktəb rəhbərliyi isə "Şəhər və itlər" romanının 1000 nüsxəsini nümayişkaranə şəkildə yandırtdırır.

Roman tez bir zamanda xaricdə də populyarlaşır, rus dilinə də çevrilir və SSRİ-də çap olunur.

Yalnız Nobel Mükafatını alandan sonra sözün əsl mənasında dünyada məşhurlaşan bəzi yazıçılardan fərqli olaraq Lyosa mükafatı alanda artıq 40 ildən çox idi ki beynəlxalq səviyyədə qəbul edilən adlı-sanlı qələm sahibi idi.

SƏNDƏN OĞURLAYIRLAR, SƏN DƏ OĞURLA...

Bakı kimi Lima da ləpələrin sığal çəkdiyi bir liman şəhəridir - Sakit Okean sahilində.

Necə ki axır 20 ildə müharibə, silah teması torpaqları işğal altda qalmış Azərbaycan üçün aktualdır, Perunun da son 60 illik tarixi "süngü altında" keçib.

Mario Varqas Luosa 1982
Bu səbəbdən Lyosanın ordu temasını seçməsi təsadüfi deyil.

Ekvadorla müharibələrdən başqa Peru iki dəfə hərbçilərin "baş rollarda oynadıqları" dövlət çevrilişlərinin şahidi olub - 1968 və 1975-ci illərdə.

Bundan başqa onilliklər boyu hökumət qüvvələri ilə solçu üsyançılar arasında davam etmiş savaş 300 minə qədər insanın həyatına son qoyub.

Peru ordusunun və üsyançıların törətdikləri vəhşiliklər, işgəncələr, adam oğurluqları, qətllər ölkə tarixinin utanc doğruran və hələ də dartışılan səhifələridir...

Yeri gəlmişkən, bu yaxınlarda Peru prezidenti Alan Qarsia 80-ci illərin vətəndaş müharibəsi zamanı hərçilərin törətdikləri insan haqları pozuntularının təhqiqatına xitam verən fərman imzalayanda buna etiraz səsini ucaldanlardan biri də Lyosa olmuşdu.

Latın Amerikasında böyük nüfuz sahibi olan (hələ Nobel mükafatı almamışdan) yazıçının etirazı prezidenti öz fərmanının geri oxumağa məcbur etmişdi...

...Hərbi məktəbin zahiri parıltısı "göz qamaşdırır", müdafiə naziri və xarici qonaqlar gələndə kursantların silahı bərq vurur, onlar möhtərəm qonaqlara musqullarını nümayiş etdirir, ordunun və ölkənin gələcəyinin etibarlı əllərdə olduğunu "sübut edirlər".

Amma bütün bunlar şirmadır. Hərbi məktəbdə nizam-intizam "qatıqlı aşdan da aşağıdır", növbətçilər gecə postu buraxıb məktəbin həyətində sülənir. Kursantlar qumara qurşanıb.

Hətta məktəbin içində gizli dükan da var. Hər şey üçqat bahasına satılır. Ürəyin içki istəyir, əlin cibində olsun.

Burada tam olaraq "cəngəllik qanunları" hökm sürür. Sənin gödəkçəni oğurlayıblar?

Nə qədər ki zabitlər bunu bilib səni cəzalandırmayıblar, məsələn, cərgənin qarşısına çıxarıb -hamının gözü önündə "düz bucaq pozasında" dayanmağa, yəni əyilib arxadan "yağlı" təpik yeməyə məcbur etməyiblər, başına çarə qılmalısan.

Gecəylə kiminsə şkafının qıfılını sındırıb onun gödəkçəsini çırpışdırmalısan.

Ən pisi o deyil ki, hərbi məktəbdə dedovşina var və təzə gələn kursantların ləyaqətini alçaldırlar. Faciə ondadır ki, alçaldılanların özləri də yuxarı kursa çatanda eyni vəhşiliyi təkrarlayırlar. Bu - bir "it cəmiyyəti"dir...

Amma Lyosanın məqsədi bu romanla heç də təkcə bir məktəbdəki başıpozuqluq, özbaşınalıq və qanunsuzluqları ifşa etmək deyil.

Yazıçı hərbi məktəbi cəmiyyətdən təcrid edilmiş vəziyyətdə təsvir etmir. Bura qəbul edilənlərin biri oğrudur, onu bura "düzəlməsi" üçün veriblər, biri "ana uşağıdır", birinin ailəsində problem var...

Gələcəkdə ölkəni qorumağın etibar edilıəcəyi, ordunun tapşırılacağı gənclər elə bir "cəhənnəm"in içindən keçirlər ki, mənəviyyatlarının pozulması qaçılmaz olur.

PORNOQRAFİYA GİROVU

Əgər həqiqəti axıracan deməsəydi, günahkarı barmaqla göstərməsəydi, Lyosa Lyosa olmazdı.

Ona Nobel mükafatını nahaq yerə "hakimiyyət strukturunun kartoqrafiyası, eləcə də fərdin müqaviməti, üsyanı və məğlubiyyəti ilə bağlı parlaq obrazların yaradılmasına görə" verməyiblər.

Mario Varqas Lyosaya İspaniyanın "La Rioja" Universitetinin fəxri dərəcəsi verilir
"Şəhər və itlər" romanındakı süjetin mərkəzində bir müəmmalı ölüm hadisəsi dayanır.

Hərbi təlimlər vaxtı başından güllə yarası alıb ölən kursantla bağlı iş tələsik ört-basdır edilir, hadisə onun ehtiyatsızlıq edib şəxsi silahından özünə atəş açması kimi rəsmiləşdirilir.

Kursantı onunla düşmənçilik edən yoldaşı öldürsə də, rəis öz vəzifəsini itirmək qorxusundan hərbi məktəbdə qətl hadisəsinin baş verməsi faktının faş olmasına yol vermir.

Kursantlardan biri - Alberto (o həm də həvəskar yazıçıdır) dostunun qanının batırılması ilə razılaşmır.

Rəhbərliyə şikayət edir, zabitlərin ölümün əsl səbəbindən bixəbər olduğunu, ümumiyyətlə təlim-tərbiyəyə məsul olanların nəinki müdavimlər arasındakı münasibələr haqda heç nə bilmədiklərini, məktəbdə gizli alverin, qumarbazlığın, dedovşinanın baş alıb getdiyini sübut etməyə çalışır.

Həm də bütün bunların təsdiqlənəcəyi halda özünün də məktəbdən qovula biləcəyini göz önünə alaraq.

Amma "çoxbilmiş" Albertonu asanlıqla susdururlar.

Rəis siyirməsindən Albertonun pulla kursantlar üçün yazdığı və rəhbərliyin əlinə keçən pornoqrafik hekayələrinin əlyazmasını çıxarır - onları şikayəti araşdıran komissiyaya göstərərək soruşur: belə əxlaqsız yazıların müəllifinin iddialarına inanmaq, onu ciddi qəbul etmək olarmı? Alberto dili qısa olduğu üçün şikayətindən imtina etməli olur.

Hərbi məktəbdə mühit elədir ki, hamının gözü kölgəlidir, həqiqəti deyəni şantaj eləmək, insanların gözündən salmaq üçün həmişə rəhbərliyin əlində "daşdan keçən" sübutlar var.

Kursantın məktəbin qaranlıq həyatı haqda məlumatlar rəhbərliyə çatdırılsa da, ciddi bir tədbir görülmür.

Əsərin sonunda məktəbdə gizli şəkildə fəaliyyət göstərən, siqaret, içki satılan gizli dükanda yenə də şıdırğı alver getdiyini görürük.

Hətta bəzi kiçik zabitlər də təəccüblənir ki, adi bir kursant beli haralarasa bağlı olmasa, məktəbdə bazar aça bilərmi? Bu həngamədən sonra işinə davam edə bilərmi? Bəlkə məktəbdə intizamsızlıq, özbaşınalıq kimlərəsə sərf edir?..

Əlbəttə, bir hərbi məktəbdə, yaxud Latın Amerikasının bir ölkəsində baş verənlərin təsvirindən başqa bu roman həm də yaradıcılığının ilk dövrlərində solçu görüşləri müdafə etmiş Lyosanın ümumilikdə insan, onun qurduğu cəmiyyətin mahiyyəti haqda görüşlərini ifadə edir.

Təsadüfi deyil ki, o, "Şəhər və itlər" romanına 20-ci əsrin ən böyük filosof və yazıçılarından olmuş marksist Jan Pol Sartrın bir pyesindən epiqraf seçib:

"Kin. Biz ona görə qəhrəman rolu oynayırıq ki, qorxağıq, müqəddəs rolu oynamağımızın səbəbi odur ki, quduzuq. Biz ona görə qatil rolu oynayırıq ki, ətrafımızdakıları öldürmək istəyi ilə alışıb-yanırıq.

Ona görə rol oynayırıq ki, yalançı doğulmuşuq"...

Həmçinin oxu
Lyosa Nobel mükafatına layiq görüldü
M.V.Lyosa. Gənc yazıçıya məktublarından
Lyosa prezident seçkilərinə niyə qatılmışdı

Günün bütün mövzuları

XS
SM
MD
LG