Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:47
Nə üçün insanlar danışır, mürəkkəb riyazi məsələləri həll edir, uzunmüddətli planlar qura bilirlər, ancaq adamların ən yaxın qohumu sayılan meymunlar bunları bacarmırlar?

Həmişə bunu insanlarla meymunların beyinlərinin ölçüləri izah edirlər. İnsan beyninin ölçüsü şimpanzenin və oranqutanqın beynindən təxminən 3 dəfə böyükdür. Başqa səbəb insanların «ultrasosial» xarakterli olmasıdır. Yəni, adamlar bir-birlərindən öyrənməyə, məlumatları aralarında bölüşməyə meylli olurlar.

İnsanlar uşaqlıqdan öz sosial və mədəni qruplarına xas olan bacarıqlara yiyələnməyə başlayırlar. Məsələn, onların dil kimi bacarıqları var, insanabənzər meymunlarda bu yoxdur.

«Ultrasosial» səbəb bu vaxta qədər təcrübədə yoxlanmamışdı. İndi isə alimlər bunu araşdırıblar. Tədqiqatçılar təzə ayaq açan 105 körpə, 106 şimpanze və 32 oranqutanq arasında test keçiriblər. Həll etmək üçün onların hamısına eyni testləri veriblər. 2-3 yaş arasında olan körpələr Almaniyanın Leypsiq şəhərində testdən keçiblər. 3-21 yaş arasında olan meymunların isə testləri Konqo, Uqanda və İndoneziyanın təbii qoruqlarında olub.

Maraqlıdır, nəticələr necə olub? Sadə, fiziki bacarıqlar tələb edən testlərdə uşaqlar meymunlarla eyni nəticələr göstəriblər. Ancaq hissetmə və hesablama testlərində şimpanzelər və oranqutanqlar daha bacarıqlı olublar. Misal üçün, meymunlar içi düyü ilə dolu olan fincanı boş fincanlardan asanlıqla ayırıblar. Körpələr isə içində oyuncaq olan qabı tapa bilməyiblər. Ancaq onlar sosial qabiliyyət tələb edən testlərdə meymunları xeyli qabaqlayıblar. Məsələn, «ham-ham» edib iti yamsılamaqla böyüklərdən konfet ala biliblər. Uşaqlar həm də başqalarının niyyətlərini də hiss etmək qabiliyyətində olublar.

Tədqiqatın ümumi nəticəsi bu olub ki, insanları heyvanlardan fərqləndirən təkcə beynin ölçüsü deyil, insanların həm də sosial anlama, dərketmə bacarıqlarının olmasıdır. Elə bu bacarıqlar sayəsində adamlar öyrənir və öyrəndiklərini bir-birlərilə paylaşırlar. Hətta 30 aylıq olsalar belə.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG