Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:32

Bir dəqiqə 16 min manata?..


Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu
BAKIDA SEÇKİ KAMPANİYASININ İLK GÜNÜ

Oktyabrın 15-dən təbliğat kampaniyası başlandı. Düzdür, paytaxt Bakıda seçki kampaniyasının başlanması bir o qədər də hiss olunmur. Ən azından bizim gəzib-dolandığımız küçələrdə blokların və ya namizədlərin plakatlarına çox az rastladıq. Məsələn, şəhərin mərkəzi küçələrindən birində, təşviqat tablosunda cəmi üç namizədin palakatı asılmışdı. Bu da bitərəf namizədlər Ülvi Quliyevin, Elşad Həsənovun və YAP-dan olan Samirə Quliyevanın plaktalarıydı. Müxalifətçilərin plakatlarına demək olar ki, rast gəlmədik...

Deyəsən, partiyalar özləri bu işdə tələsməyiblər. Demokrat və Ümid partiyalarının yaratdığı «Qarabağ» blokundan bildirirlər ki, blokun və ayrı-ayrı namizədlərin plakatları yalnız bazar ertəsi hazır olacaq. Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, oktyabrın 16-dan isə ev-ev gəzib seçicilərlə görüşməyə başlayacaqlar.

Elə “AXCP-Müsavat” bloku da təbliğata tam sürətlə bazar ertəsindən başlamağa hazırlaşır. Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı belə deyir. Onun sözlərinə görə, maddi imkanlar məhdud olduğundan çap materialları da az sayda olacaq. Bu işdə blok namizədlərə vəsait ayıra bilməyəcək.

ANAR MƏMMƏDLİ: “VAXT MƏHDUDDUR, ÇATDIRMAYBILAR”

Anar Məmmədli
Elə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də bu fikirdədir ki, təbliğatın ilk günü daha çox virtual aləmdə – internetdə hiss olunur, nəinki küçədə. O yaşadığı ərazidə plakatla rastlaşmadığını deyir:

“Bu da seçki müddətinin azaldılması ilə bağlıdır. Əvvəl kampaniya 60 gün davam edirdi. Onda namizədlərin irəli sürülməsi, qeydiyyat dövrü uzun olurdu. Namizədlərin hazırlaşmağa imkanı olurdu. Qeydiyyatla bağtlı məsələlərə də vaxtında reaksiya verilirdi. Amma indi qeydiyyatla bağlı məlumatı son iki-üç gündə alıblar və palaktın sifarişini verməyi çatdırmaybılar».

“O QİYMƏTƏ TƏBLİAĞATA EHTİYAC YOXDUR”

Hər halda, seçki kampaniyası yalnız plaktalarla yekunlaşmır. Namizədlərin və ya blokların daha kütləvi görüşlər üçün imkanları da var axı. Söhbət qanunda nəzərdə tutulan imkanlardan gedir: mitinqlərdir, televiziya və ya radioda çıxışlardır. Hərçənd belə məlum olur ki, bu imkanlar heç də bütün namizədlər üçün ələçatımlı olmayacaq.

Başlayaq efirdən. Söhbət etdiyimiz blok təmsilçiləri deyirlər ki, televiziyada qiymətlər çox baha olduğundan onlar bu imkandan yararlanmayacaqlar. Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı:

Arif Hacılı
“Qiymətlər fantastik şəkildə müəyyən edilib. Bu halda televizyia imkanından yararlanmaq qeyri-mümkündür”.

Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

“Televiziyada elə qiymətlər qoyublar ki... Açığı biz telveizyiada çıxış etməyəcəyik. O qiymətə təbliğat aparmağa ehtiyac yoxdur”.

BİR DƏQİQƏ 16000 MANAT EDİR


Qiymətlərdə namizədləri qorxudan nədir? Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən qiymətlərə baxırıq, namizədlərin diliylə desək qiymətlər doğrudan da od tutub yanır. Məsələn, “Lider” televiziyasında üç saniyə üçün qiymətlər 85 manatdan başlayıb 800 manatda bitir. Üç saniyə üçün 85 manat səhər proqramı zamanı ödənə bilər. Bəzi verilişlərin içindəsə üç saniyəlik reklam üçün 380, 450, 500, 700 manat da ödəmək olar...

Axşam saatlarında göstərilən seriallar zamanı isə qiymətlər ceyran belinə çıxır. Üç saniyə üçün 800 manat, 1 dəqiqə üçün 16 min manat ödəməlisən. Üstəlik, bu qiymətlər müəyyənləşdirilərkən əlavə dəyər vergisi nəzərə alınmayıb. Vaxta uyğun qiymətlərin üzərinə 15 faiz də əlavə olunur!

Şənbə-bazar günləri qiymətlər bir qədər aşağı düşür. Yalnız bu kanalda gedən “Aşıq deyişməsi” və Emin Ağalarovun konsertini çıxmaqla. Birinci verilişdə üç saniyənin qiyməti 700 manatdırsa, Emin Ağalarovun konserti zamanı üç saniyəlik reklam 800 manatdır...

BLOK 200 MİN MANAT ÖDƏMƏLİDİR

İctimai televiziyada səhər saatlarında hər saniyə üçün qiymət 13 manat, axşam 7-dən sonra 20 manat, 11-dən sonra 29 manatdır. Bu qiymətə əlavə dəyər vergisi də daxildir. “Lider”lə müqayisədə İctimai televiziyanın qiymətləri insaflı görünsə də, hesablayanda elə də az deyil. Bir dəqiqə 1200 manat, beş dəqiqəsi isə 6000 manat edir.

“AXCP-Müsavat” bloku 32 namizədinin hər birinə 5 dəqiqə pullu efir vaxtı almaq istəsə, bunun üçün nə az, nə çox təxminən 200 min manata yaxın pulu olmalıdır. Arif Hacılı isə hətta çap plakatları üçün partityanın pulu olmadığını, namizədlərin bunu öz hesabına edəcəyini deyir.
Amma dənizdə damla da olsa, hər namizədin bir dəfə pulsuz çıxış imkanı, 4 dəqiqə efir vaxtı olacaq.

Hər halda oktyabrın 15-də MSK bununla bağlı qərar verib. Halbuki, mövcud qanunvericiliyə görə, pulsuz efir vaxtı yalnız bloklara verilirdi. Blok kimi qeydiyata alınmaq üçün isə nə az, nə çox 61 namizədin qeydiyyatı tələb olunurdu. İndi isə belə çıxır ki, hər bir dairə üzrə qeydə alınan namizədlər üçün dəyirmi masa təşkil ediləcək. Dəyirmi masada hər namizədin 4 dəqiqə efir vaxtı olacaq. Namizədlərə seçkidə iştirak etdikləri dairələrin say ardıcıllığı ilə yer ayrılacaq.

YEVDA ABRAMOV: “YORĞANLARINA GÖRƏ AYAQLARINI UZATSINLAR”

Yevda Abramov
YAP-çı deputat Yevda Abramov isə bu qənaətdədir:

“Kimin gücü çatar televiziyada yer alıb təbliğatını orda apara bilər. Bahadır ya deyil. Bu təkcə müxalifət üçün baha deyil ki, iqtidar üçün də bahadır. Partiyanın icra katibi Əli Əhəmdov da dedi ki, əgər o biri partiyalar 61 yer qazanmasalar, biz də pulsuz efirdən istifadə etməyəcyik. Bundan artıq humanistlik olar? Pulu olan gedib televiziyada danışar. Yəni yorğanıma baxıb ayağımı uzadacam”.

QALDI Kİ, MİTİNQLƏRƏ...

Təbliğat kampaniyasına mitinqlə başlamaq istəyən “AXCP-Müsavat” blokuna hakimiyyətdən ilk rədd cavabı gəldi. Arif Hacılı:

“Bizə deyiblər ki, seçki kampaniyası zamanı biz yalnız seçicilərlə görüş üçün ayrılmış yerlərdə mitinq keçirə bilərik. Bu, absurddur. Seçki kampaniyası zamanı başqa qanunlar qüvvədən düşmür. Əksinə, seçki kampaniyası dövründə sərbəsti toplaşmaq hüququna daha ciddi əməl olunmalıdır. Çünki seçki kampaniyasını kütləvi aksiyalarsız təsəvvür etmək mümkün deyil”.

Arif Hacılıya görə, indiki kampaniyanı seçki kampaniyası adlandırmaq çətindir. Azərbaycan hakimiyyəti normal rəqabət şəraitinin yaranmasına imkan vermir. Onun fikrincə, bütün administrativ resurslar hakimiyyət namizədlərinin ixtiyarına verilib, kütləvi aksiyalara icazə verilmir, teledebatlar yoxdur və sairə.

YAP-çı deputatlığa namizəd Yevda Abramov isə bununla razılaşmır. O deyir ki, bütün partiyalar üçün bərabər imkanlar yaradılıb, hər bir rayonda kütləvi aksiyalar üçün yer ayrılıb.

“BURDAN BİZ NAMİZƏDLİYİMİZİ VERMİŞİK” DEMƏYİMİZ BƏSDİR

Kütləvi aksiyalar planlaşdıran digər müxalif partiyanın – ADP-nin sədri Sərdar Cəlaloğlu isə hakimiyyətin bu siyasətinin əks nəticə verəcəyi qənaətindədir:

“Hakimiyyət elə siyasət aparıb ki, əhalinin 99 faizi ondan narazıdır. “Burdan biz namizədliyimizi vermişik” deməyimiz bəsdir ki, seçicilər bizə səs versinlər”.

Bu, təşviqatın ilk günündə görünənlərdir. Baxaq görək, seçkilər hansı nəticəni göstərir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG