Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:57

Yeni bahalaşma dalğası


Ziya Məmmədov
Ziya Məmmədov
Keçən həftə nəqliyyat naziri Ziya Məmmədov deyib ki, nazirlik və “Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dəmiryolunda qiymətlərin artırılması ilə bağlı hökumətə müraciət edəcək.

Bakı Metropoliteni rəhbərliyi də vaxtaşırı bildirir ki, metroda qiymətlərin daha çox bahalaşmasına ehtiyac var. Ölkədə qida sənayesi üzrə aparıcı mövqe tutan “Azersun” şirkətindən də yerli mediaya bildiriblər ki, gələn ildən istehsal etdiklərin məhsulların qiymətini 5-15 faiz artıra bilərlər.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirib ki, unun qiyməti 2 manata qədər bahalaşıb. Digər məhsulların bahalaşıb-bahalaşmamasının monitorinqi davam edir.

TARİF ŞURASI: “GÜNDƏLİKDƏ BELƏ BİR ŞEY YOXDUR”

Tarif Şurasının katibi Elşən Əsədov isə tənzimlənən sahələrdə qiymət bahalaşmasının gözlənilmədiyini bildirdi:

“Gündəlikdə belə bir şey yoxdur”.

Ancaq iqtisadçılar da deyirlər ki, noyabrdan başlayaraq qiymətlərdə yenə artım gözlənilir. Xüsusilə də ötən seçkilərin təcrübəsi göstərib ki, hər seçkidən əvvəl maaşlar artırılıb, seçki sonrası isə xidmət sahələrində, həmçinin yanacağın qiymətində artım olub.

Hələlik bahalaşma daha çox süd, ət məhsulları, dənli bitki, meyvələrdə müşahidə olunur.

İNHİSARÇILIQ VƏ İSTEHSALIN AZALMASI

Azər Mehtiyev
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev deyir ki, ərzaq məhsullarının bahalaşmasının bir səbəbi mövsümü amillərlə bağlıdırsa, əsas səbəblərdən biri də inhisarçılıq və istehsalın azalmasıdır. O ki qaldı tənzimlənən qiymətlərə, burda artım olsa da, xidmətdə dəyişiklik olmur:

“Dəmiryolunda qiymət artımından danışsaq, bu tənzimlənən qiymətlər siyahısına daxildir. İndiki halda qiymətlərin artması həmin xidmətin keyfiyyətinin yaxşılaşmasına zəmanət verirmi sualına cavab vermək çox çətindir. Ona görə ki, son zamanlar biz bir çox tənzimlənən qiymətlərin qalxmasının şahidi olduq. Qiymət qaldırma təklifi ilə çıxış edənlər xidmətin keyfiyyətinin yaxşılaşdırılacağını deyirdilər. Lakin ötən dövr ərzində həmin sahələrdə nə keyfiyyət dəyişikliyi, nə də islahat gördük. Söhbət avtobus daşımalarından tutmuş enerji daşıyıcılarına qədər müxtəlif tənzimlənən qiymətlərdən gedir”.

ÇÖRƏK DƏ BAHALAŞACAQ

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovsa deyir ki, bu il ərzində əsas ərzaq məhsullarından olan çörəyin də qiymətinin bahalaşması gözləniləndir.

Əgər 2009-cu ildə Azərbaycanda 2 milyon 960 min ton taxıl istehsal olunmuşdusa, 2010-cu ildə taxıl istehsalı xeyli aşağı düşüb. Vüqar Bayramov:

Vüqar Bayramov
“2009-cu illə müqayisədə Azərbaycanda təxminən 600 min tona yaxın az taxıl istehsal olunub. Bu o deməkdir ki, bütövlükdə istehsal olunan taxıl 2 milyon 300 min ton olacaq. Taxıl Fondunun keyfiyyət standartlarını da nəzərə alsaq, təxminən 2 milyon ton taxıl keyfiyyət standartlarına uyğun gələcək. Azərbaycanın taxıla olan tələbatı isə 3 milyon tondur. Bu il ərzində istehsal olunmuş taxıl bütövlükdə çörəyə olan tələbatın ödənilməsinə yönəlsə, o zaman 1 milyon ton fərq yaranır. Bir milyon da xaricdən idxal olunmalıdır”.

MAAŞ 1 FAİZ QALXIR, QİYMƏT 15 FAİZ

Bakı sakinlərinin isə indiki və gözlənilən bahalaşma ilə bağlı fikirləri belədir:

- Bir o qalıb ki, aldığımız havaya da qiymət qoyub bahalaşdırsınlar.
- Qiymət artımı hər gün olur. Qiymətləri qaldırırlar, ancaq adamların zəhmətinin qiymətini qaldırmırlar.
- Onsuz da hər gün qiymət qalxır, yenə qalxsa, bu, lap ədalətsizlik olacaq.
- Yəqin ki, metroda, nəqliyyatda, dəmiryolunda bahalaşma olacaq.
- İnkişaf gedirsə, qiymət artımı olmalıdır.
- Növbəti bahalaşma ilə bağlı hələlik şayiələr gedir, ancaq şayiələr çox vaxt doğru olur.
- Ərzaq hər gün qalxır, tez-tez bahalaşan həm də tikinti materiallarıdır.
- Meyvə-tərəvəz bahalaşıb, ancaq kasıbın cibində heç nə yoxdur.
- Yəqin deyirlər yaşamayın, ölün.
- Maaş 1 faiz qalxır, qiymət 15 faiz, belə olmaz axı.

YOXSULLUĞU GÜCLƏNDİRƏN

“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli deyir ki, hesablamalarına görə, aşağı gəlirli ailələrin gəlirlərinin 80-90 faizi ərzağa, daha sonra nəqliyyat xərclərinə gedir. Bu da yoxsullaşmanı gücləndirir.
XS
SM
MD
LG