Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:14

Yaraşıq üçün 235 milyon dollar!..


Xəbər yeni olmasa da, binanın təməli yenicə qoyulub
Dövlət Neft Şirkəti özünə yeni inzibati bina ucaldır. Xəbər yeni olmasa da, binanın təməli yenicə qoyulub. Heydər Əliyev prospektində 200 metr hündürlükdə olacaq binanın 40 mərtəbəsi yerin üstündə, 2-si isə yerin altında tikiləcək. Görünüşü alov dilimini xatırladır.

Binanı tikən Türkiyənin“TEKFEN İnşaat”şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr departamenti bir neçə ay əvvəl mətbuata bildirib ki, layihənin ümumi məbləği 235 milyon dollardır və tikintinin 32 ay ərzində tamamlanması nəzərdə tutulub.

Binada eyni vaxtda 1200-dən çox adama xidmət göstərə bilən bir neçə yeməkxana, kafelər, fitnes zalı, 2 minə yaxın maşın üçün qaraj da olacaq.

BEYNƏLXALQ SƏVİYYƏLİ ŞİRKƏT


Ölkə prezidenti İlham Əliyev hesab edir ki, yeni bina Dövlət Neft Şirkətinin ehtiyaclarını təmin edəcək, həm də binanın nadir memarlığı şəhərə yaraşıq verəcək. Prezident bunları binanın təməlqoyma mərasimində deyib:

- Məqsədimiz məhz ondan ibarət idi ki, SOCAR – Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq səviyyəyə çıxsın. Biz buna nail ola bilmişik. Əlbəttə ki, burada Azərbaycanın təbii ehtiyatları həlledici rol oynamışdır. Ancaq bu gün artıq digər amillər də rol oynayır. Biz xaricə investisiyalar qoyuruq. Qonşu ölkələrə qoyulan investisiyalar mövqelərimizi möhkəmləndirir, regiondakı rolumuzu artırır, həm də xaricdən investisiyalar cəlb edirik.

MÜAVİNƏTLƏRİ, MAAŞLARI KƏSİBLƏR

Dövlət Neft Şirkətinin yeni bina tikməsi bir çox neftçinin ürəyindən olmayıb. Yada salıblar ki, hansı ehtiyacları var, bu pulları hara xərcləmək olardı, neftçilərin gün-güzəranının yaxşılaşması üçün hansı işlər görülə bilərdi...
İlham Əliyev ARDNŞ-in yeni binasıyla tanış olur
İş yoldaşları arasında bu xəbərin necə şərh olunduğunu bizə danışan, Quruda Neft-Qaz Çıxarma İdarəsində maşinist işləyən Əziz İmaməliyev bir-bir sadalayır:

- 5 mindən artıq adam ev növbəsində dayanıb. Əməkhaqqları azdır. Bu yeraltı təmir işçiləri, 420-450 manat maaş alırlar. Bilmirəm, bina 200 metr olanda bundan Neft Şirkətinə nə olacaq? Bəlkə neft hasilatı artacaq onda?

Dünya maliyyə böhranının əks-sədası Azərbaycana çatanda neftçilərin bir çox güzəşti ləğv olundu. Əziz İmaməliyev deyir ki, indi neftçilər yalnız maaş ümidindədirlər:

- Məzuniyyətə çıxanda maaşın 70 faizə qədərini verirdilər, bayramlarda, yubileylərdə əlavə yardım olardı. Birinci sinifə gedən uşağı olan neftçiyə pul verirdilər. Onları kəsiblər. Çox müavinətləri, mükafatları kəsiblər. Müharibə veteranı olan neftçilərə Milli Ordu Günündə pul mükafatı verərdilər. İndi heç bir güzəşt, müavinət yoxdur. Bircə pulsuz eviydi, indi bunu da deyəsən ləğv eləmək istəyirlər, ortaya kooperativ məsələsini atıblar. Məbləğin 30 faizini işçi verməlidir.

Dövlət Neft Şirkətindən isə deyirlər ki, güzəştlərin bəzisi bərpa olunub, digərləri də bərpa olunacaq. Amma ev növbəsi məsəsinə gəlincə, kimin növbəyə durmağa səbri çatmırsa, o adamlara kooperativ yolla ev almaq imkanı yaradılıb.

235 MİLYONA NƏ ETMƏK OLARDI?

Mirvari Qəhrəmanlı
“Bilmirəm, bu 40 mərtəbəli binada kim oturacaq, məncə, neft tükənəndən sonra bu bina kiminsə şəxsi mülkiyyətinə keçəcək” - Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı belə deyir.

O, hesab edir ki, 2 minə yaxın adamın oturub işləməsi üçün 235 milyon dollar xərcləməkdənsə, bu vəsaiti daha gərəkli və ehtiyac duyulan sahələrə yönəltmək olardı:

- Köhnə yataqlara sərmayə qoymaq olardı, yeni yataqlar kəşf edilə bilərdi. İşləyən fəhlələrə normal iş şəraiti yartamaq olardı. Vaxtilə bir gəmi vardı, dənizdə harda çiklənmə vardısa, ora üzüb ərazini təmizləyirdi. Pulu gərəkli xərcləmək üçün o qədər sahə var ki...

ÜÇÜNCÜ DÜNYA ÖLKƏLƏRİ İLƏ EYNİ SƏVİYYƏDƏ

Bəzi iqtisadçılar da milyonlarla dollarlıq vəsaitin inzibati bina tikintisinə yönəldilməsində səmərəlilik görmürlər. İqtisadçı ekspert Rövşən Ağayevin fikrincə, ARDNŞ-in yeni inzibati binayla təminatı üçün faktiki olaraq heç bir arqument səslənmir.

Yaxın illərdə Azərbaycanın neft-qaz resurslarında azalma olacağıyla bağlı proqnozlara toxunan Rövşən Ağayevin sözlərinə görə, bu gün Azərbaycanda səhiyyə, təhsil, sosial müdafiə sisteminin çox böyük vəsaitlərə ehtiyacı var:

Rövşən Ağayev
- Təhsil xərclərinin ümumi daxili məhsulda payı inkişaf etməkdə olan ölkələrlə müqayisədə xeyli azdır. Adambaşına düşən səhiyyə xərcləriylə biz üçüncü dünya ölkələriylə az qala bir səviyyədə dayanırıq. Adambaşına təhsil xərcləri də eyni səviyyədədir.

Son vaxtlar Azərbaycan hökuməti dəyəri milyonlarla manat ölçülən layihələrə imza atıb. Bunların arasında Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Od fəvvarəsi kimi iri layihələr var.

Şərhləri göstər

XS
SM
MD
LG