Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:51

«Namizədlərə ailə də təzyiq edir»


Əli Əliyev
Əli Əliyev
«DSK-lar arxayınçılıq şəraitində fəaliyyət göstərirlər».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «İnsan naminə» seçki blokuna daxil olan partiyalardan Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyev blokun namizədlərinin seçkiqabağı üzləşdiyi problemlərdən danışarkən bildirib. Onun sözlərinə görə, seçki blokunun namizədləri xeyli sayda qanun pozuntusu ilə üzləşib.

NAMİZƏDLƏR İMZATOPLAMAYA QƏDƏR SIRADAN ÇIXARILDI


«Bir qisim namizədlərimiz imzatoplama kampaniyasına qədər sıradan çıxarıldı. Ən böyük namizədlər korpusu imzatoplama mərhələsinin yekununa qədər sıxışdırıldı, təhdidə məruz qaldı, təzyiq yolu ilə imtina ərizələri alındı. Bir qisim namizədlər, hansılar ki, imza vərəqələrini qaytarmışdılar dairə komissiyalarına, onların da haqqında mənfi rəy bu günlərdə çıxmaqdadır və biz, təəssüf olsun ki, çox böyük sayda qanun pozuntusu ilə üzləşdik».

Partiya sədri deyir ki, elə bir şərait yaradılır ki, namizədlərə öz ailəsi tərəfindən də təzyiq edilir.

QOHUMLARI İCRA HAKİMİYYƏTİNƏ GƏTİRİRLƏR


«İmtina ərizələrinin yazılmasına səbəb ilk növbədə kənd rayonlarında büdcə təşkilatlarında namizəd qohumlarına edilən təzyiqlərdir. çox total şəkildə bu həyata keçirilir. Hətta ətraf kəndlərdən müəllim - həkim ola bilər hardasa mühasib işləyən namizəd qohumları icra hakimiyyətinə gətirilir, onlara təzyiqlər edilir. Çalışırlar ki öz qohum olan namizədlərinə təzyiq göstərib ailə vasitəsilə onun imtinasına nail ola bilsinlər».

Əli Əliyevin sözlərinə görə, DSK-lar tərəfindən qanun pozuntuları kimi təqdim olunan arayışda əksini tapmış faktlar komissiya tərəfindən ciddiliklə araşdırılmır. Onlar arxayındırlar ki, buna görə onları heç kim tənbeh etməyəcək.

BİR DƏ AYILACAĞIQ Kİ...

«Çox qəribədir ki, bu rəylər hazırlanan zaman heç də diqqət yetirilmir ki, o qanun pozuntuları kimi təqdim olunan arayışda əksini tapmış faktlar ciddiliklə araşdırılsın komissiya tərəfindən. Özləri üçün məhkəmə mübahisəsi yarada bilən faktlar verirlər öz imzaları ilə, öz möhürləri ilə. Sanki bir arxayınçılıq var onlarda ki, onların etdiyi qanun pozuntulari heç bir instansiya tərəfindən cəzaya məruz qoyulmayacaq. Bu cür arxayınçılıq şəraitində dairə seçki komissiyaları fəaliyyət göstərir».

Əli Əliyev deyir ki, bu şəraiti yaradanlar istəyirlər ki, parlament seçkiləri ölgün vəsiyyətdə keçirilsin.

«Bu yolla hakimiyyət parlament seçkilərinin gedişatını ölgün vəziyyətdə sürümək istəyir. İstəmir ki, ölkədə normal seçki prosesi olsun, rəqabət şəraitində həyata keçirilən rəqabətli prosesin şahidi olaq və qanunverici hakimiyyət ədalətli proses nəticəsində formalaşsın. Namizədlərin süni surətdə sıradan çıxarılması seçki bloklarının daha çox təşkilatlanmış qurumların televiziya imkanlarından məhrum edilməsinə xidmət edir. Kütləvi tədbirlərin ölkədə vüsət almasının qarşısı alınır. Belə ki bu prosesə qoşula biləcək namizədlərin başı indi MSK-ya şikayətə, məhkəmə proseduralarına qatılacaq. Və birdə ayılacağıq ki, Azərbaycanda 7 noyabr seçkiləri keçirilib qurtarıb».

BU, YAP-IN YARATDIĞI ŞƏRAİTDİR


Əli Əliyev YAP-ın icraçı katibi Əli Əhmədovun səsləndirdiyi «müxalifət namizədləri özünə iş tapa bilməyən adamlardir» fikrinə də münasibət bildirib. Onun sözlərinə görə bu, iqtidarın Azərbaycanda yaratdığı şəraitdən irəli gəlir.

«Bu, Yeni Azərbaycan partiyasının Azərbaycanda yaratdığı şəraitdən irəli gəlir ki, Azərbaycanda siyasi cəhətdən fəal insanlar, bu hakimiyyətə alternativ olan insanlar, fikri düşüncəsi tamamilə fərqli olan, Azərbaycanın siyasi idarəçiliyini başqa cür görən insanlar bu gün elementar iş hüququndan, əmək hüququndan məhrum edilib. Və təsadüfi deyil ki, Azərbaycan müxalifətində olan kifayət qədər samballı, hörmətli, şəxsiyyəti yüksək olan insanlar işsiz yaşamağa məhkumdurlar».

XS
SM
MD
LG