Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:16

Rusiyada kim var, kim yox?


Siyahıya alan mənzillərə sahə müvəkkili ilə gedir və ev sahibinə vəsiqəsini göstərir

Siyahıya alan mənzillərə sahə müvəkkili ilə gedir və ev sahibinə vəsiqəsini göstərir


SİYAHIYAALMA NƏYƏ LAZIMDIR?

Bir dəfə Moskva müftisi demişdi ki, Moskvada 2 milyon müsəlman yaşayır. O bunu Moskvada məscidlərin sayının azlığı ətrafında mübahisədə bir arqument kimi çəkirdi.

Ancaq paytaxtda müsəlmanların sayının statistikası doğrudan da varmı?

Və yaxud Rusiyada nə qədər azərbaycanlı yaşayır?

2002-ci ilə qədər əksər ehtimallarda 1 milyon yarımdan söhbət gedirdi. Ancaq siyahıyaalma Rusiyada 621 min 840 azərbaycanlının yaşadığını göstərdi.

Bəzi məsələləri heç hökumət də dəqiq bilmir.
Məsələn, Rusiyanın miqrasiya xidməti Rusiyaya gələn miqrantların dəqiq sayını bilmir. Bəziləri 18 milyon miqrantın olduğunu deyir.

Və yaxud, Rusiyada nə qədər vərəm xəstəsi var? – sualına hökumət 118 min, Dünya Səhiyyə Təşkilatı 157 min cavabını verir.

540 MİLYON DOLLAR

Oktybarın 14-də Rusiyada siyahıyaalma başlanıb.
11 gün çəkəcək və nəticələri gələn il apreldə bilinəcək bu kampaniyaya 540 milyon dollarlıq büdcə ayrılıb. 616 min adam cəlb olunub.

Rusiyada axırıncı dəfə siyahıyaalma cəmi 8 il bundan qabaq keçirilib. Rusiya bu qədər xərc çəkib yenidən siyahıya niyə almaq istəyir?

Bunun ən böyük səbəbi Rusiya əhalisinin azalmasıdır.
Bu problemə xarici və yerli mətbuatda “Rusiyanın demoqrafik böhranı”ndan tutmuş, “Rusiya sürətlə ölür” kimi adlar qoyulur.

Rusiya hökuməti problemin nə qədər kəskin olmasını və buna uyğun hansı demoqrafik və ya miqrant siyasəti yeritmək lazım olduğunu bilmək istəyir.
İndi siyahıyaalmanın şüarı da əlamətdardır: “hər bir kəs Rusiya üçün vacibdir”.

2002-ci ilin siyahısına görə Rusiyada 145 milyon əhali yaşayırdı.
İndiki rəsmi ehtimala görə, 8 ildə əhali 3 milyon azalaraq 142 milyona düşüb. Ancaq müstəqil ekspertlərin ehtimallarında əhalinin daha az - hətta 138 milyon ola biləcəyi deyilir.

MİLLİYƏTİ: “SƏMA ADAMI”

Siyahıya alanlar hər bir kəs haqda onun milliyəti, gəliri, bildiyi dillər, yaşadığı ev şəraiti və s. kimi fərdi məlumatlar toplayacaqlar.

Daxili işlər nazirinin birinci müavini Mixail Suxodolski söz verib ki, fərdi məlumatların sızmasına imkan verilməyəcək.
(Moscow Times (MT) yazır ki, keçən siyahıyaalmadan sonra vətəndaşlar haqda məlumat olan disklər Moskvanın kompüter bazarlarında sərbəst satılırdı).

Süxodolski onu da deyib ki, qapını açanda siyahıya alanların sənədlərini diqqətlə yoxlasınlar.
(MT: “Keçən siyahıyaalmada ev oğurluqları xeyli artmışdı”).

Siyahıyaalınanın hüquqları isə bunlardır: o istəmədiyi suala cavab verməyə bilər.
Verdiyi cavabın düzgünlüyünə isə onun özü cavabdehdir. Çünki, Statistika Komitəsinin verdiyi izahata görə, siyahıyaalanın cavabı yoxlamaq üçün sənəd tələb etmək hüququ yoxdur.
Məsələn, keçən siyahıyaalmada bir nəfər öz milliyətini “səma adamı” yazdırıb.

YENƏ MANİPULYASİYA?

Statistika Komitəsinin keçmiş rəhbəri Vladimir Sokolin istefa verəndən sonra demişdi ki, hökumət siyahıyaalmanın nəticələri ilə manipulyasiya edir.

Buna görə “Başqa Rusiya” müxalifət koalisiyası indiki siyahıyaalmanı boykot etməyə çağırır. Onların şüarı budur : “Sizi saymağa qoymayın”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG