Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:38
Aktyor Coni Depp “Əxlaqsız” filmini əlində şərab badəsi bu sözlərlə bitirir:

Budur, o yatır. Nəhayət.
Ölüm yatağında can verən insan.
Mömin əxlaqsız.

Mən yarımcan
yaşaya bilərdimmi?
Mənə şərab verin –
son damlasına qədər içib,
boş butulkanı
dünyanın sifətinə tolazlayım.
Mənə cənab İsanı
əzablar içində göstərin
xaça dırmaşıb, mismarları
onun ovcundan çıxardım ki,
yenidən öz ovuclarıma sancım.
Mən bu dünyanı ayaqlarımı
sürüyərək tərk edirəm.


İncilin üzərinə tökülmüş
şərabım hələ qurumayıb.
İynənin gözündən baxıram,
mələkləri rəqs edən görürəm.
Yaxşı, indi necə, məni sevirsiniz?
İndi məni... sevirsiniz?

Əlində şərab, çiyinlərinə tökülən uzun saçları və kədərli gözləri... - bəli, Coni Depp oynadığı şəxsi canlandıra bilmişdi.

Onun canlandırdığı şair Con Vilmot, Qraf II Roçester (1647 – 1680) bir çox dahilər kimi tüfeyli həyat tərzi, coşqunluğu, əsəbi və açıq-saçıq şerlərilə yaddaşlarda qaldı.

Nədənsə bir çox dahilər tüfeyli həyat tərzi ilə yadda qalırlar. İnsan hiss etmədiyi bir şeyi yarada bilərmi?

Bilməz. Elə buna görə də kədəri hiss etmək üçün kədərlənməli, yaxşı və təsirli şer yazmaq üçün əzab çəkməlisən.

Con Vilmotun özü haqqında yazdığı kimi:

Kupid və Bakkus, mənim müqəddəslərim
Bəlkə də içki və sevgi yenidən hökm sürəcək
Şərabla əzablarımı yuyuram
Sonra da yenidən Kanta qayıdıram


33 illik həyatını haqqında bir film çəkiləsi qədər maraqlı yaşadı.

20 –ci əsrə qədər heç kim onun qədər açıq şəkildə seksdən danışmayıb, hətta Markiz de Sad da onun yerini tuta bilmədi.

Əsərlərində qeyd edirdi - qan tökməkdənsə içməyi, sevişməyi üstün tuturdu, gizlətmədən sevişmənin gözəlliyini yazmanın tərəfdarı idi.

Mənə demə ki, sevgi
Daimilik tələb edir.
Mən hələ uşaqlıqdan
Bağlı yerlərə dözmürəm.
Mənim yatağımı sal
Nə qədər ki, daş plitələr altında
Qurdlar məni yeməyib,
Bu gün sənin ilkinəm!

O, 1647 –ci ildə Oksfordşirdə yerləşən Diçlidə anadan olub.

Gilber Barnetin "Con Vilmotun həyatından bəzi səhnələr"kitabı 1680
17 yaşında ilk dəfə saraya daxil olub hazırcavablığı, zarafatcıllığı ilə hamının diqqətini cəlb etməyi bacardı .

Con Uilmot, Kral II Karlın ( Çarlz) yanında “saraydaxili hazırcavablar” klubunun üzvü olub.

Teatrı çox sevib, bağlı olub, bir çox pyeslərin müəllifi kimi də yadda qalıb.

Dəfələrlə kralı tənqid etməsinə baxmayaraq kralın sevimlilərindən olub.

Hətta bir dəfə 1674 –cü ildə “II Karl haqqında satira” adlı əsərinə görə Karl onu saraydan uzaqlaşdırıb da.

Saraydan uzaq qaldığı vaxtlarda Elizabet Barri adlı aktrisa ilə tanış olur.

Sonralar Elizabet, Qrafın ən sevimli sevgililərindən biri oldu.

Bir müddət sonda qrafın dostu - kapitan Dauns küçə döyüşlərinin birində həlak olur.

Deyilənə görə, qraf dostu ölərkən heç tükü tərpənməyibmiş. Ona kömək etməyib, ona görə də qınaqdan qaçıb gizlənir.

Bu vaxt ərzində isə Doktor Bendo adı altında şarlatanlıq edərək insanlara guya onları sağaltdığını deyir.

Con Vilmotun ən böyük əsərlərindən biri “İnsanlığa qarşı əxlaqsızlıq” adlanır.

Əsərdə o heyvanlarda instinkt şəklində olan ədaləti və insanların axmaqlıqlarını müqayisə edir.

Vilmot Con Donnu çox sevib, Donnun xüsusi monoloq texnikasını mənimsəyərək mükəmməl istifadə edib.

Əxlaqsızlıq, tüfeyli həyat tərzi sonda sözünü deyir.

Con Vilmot, qraf II Roçester 1680-ci il 26 iyunda 33 yaşında sifilis və digər xəstəliklərdən vəfat edir.

Onun ölümündən də çox danışdılar. Qraf bütün ömrünü allahı inkar etməklə keçirmiş möhkəm ateist idi.

Amma deyilənə görə ölümündən əvvəl Solsberinin gələcək yepiskopu Hilbert Barnetlə tanış olur və uzun müddət din haqqında söhbətlər edir.

Onun ölümündən sonra Hilbert Barnet “Con Vilmot, qraf II Roçesterin həyatından bəzi epizodlar” adlı kitab çıxarır və kitabında qeyd edir ki, Con ölümündən əvvəl ateistlikdən imtina edib dinə qayıdıb…

Şərhləri göstər

XS
SM
MD
LG