Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:47
İstanbuldakı Bilgi və Yedditəpə universitetlərinin müəllimi Arif Acaloğlu ilə “Azadlıq” radiosunun Türkiyə təmsilçisi Mayis Əliadənin dialoqu. (İstanbulda Bosfora baxan bir qəhvəxana. 12 oktyabr).

M.Ə.
Əli Nesinin atası barədə danışdıqlarını dinləyəndə gözümüzün qabağında Əziz Nesinin yazıçı obrazı canlanır.

Yıldız Ecevitin Orhan Pamuk haqqında yazdıqlarını oxuyanda söhbətin bir yazıçıdan getdiyini anlayırıq. Azərbaycanda oğul yazıçı atası barədə danışanda gözümüzün qabağına büt gəlir. Tənqidçinin yazısını oxuyanda sanki bir bütün mədhini oxuyuruq.

Ar damarı çatlayanlar bu gün- sabah ədəbiyyatın “totalına” da bir nəfərin adını verəcəklər. Nobel kürsüsünə çıxan bir yazıçının dilindən “Əslində bu mükafat mənə yox, XX əsrdə yaşamış yazıçı-professor əmimə verilməliydi”-sözlərini eşitsək, təəccüblənməyəcəyik.

Yazıçının və tənqidçinin vəzifəsi büt yaratmaqdırmı?

A.A. Bir ədəbi əsəri dəyərləndirərkən onun nəyinə baxmalıyıq? Bilirsən ki, sovet vaxtında qəribə kriteriyalar vardı: yazıçı nə deyib, niyə o cür deyib, bu misra ilə Stalinə sataşıb, yoxsa Bağırovun çəkmələrini nəzərdə tutub?

Bu gün Azərbaycanda “tənqid” adı altında yazılan yazıların hamısı “tanıtma” yazılarıdır, başqa sözlə, reklamdır. Mən heç kimi haqsız yerə tənqid etmək, ya da kiməsə sataşmaq istəmirəm. Ancaq bilirik ki, bu cür yazılar müəyyən mənafelərin qarşılığında yazılır. Bu cür yazıların tənqidlə uzaqdan-yaxından əlaqəsi olmur

Mən Firidun bəy Köçərlidən sonra yerli kriteriyalara uyğun şəkildə sərrast təhli aparan bir tənqidçi görməmişəm.

İndi biz səninlə sahildə oturmuşuq; o tərəfdə balıqçılar balıq tutur. Biz ona deyə bilərikmi sən filan-filan balıq növlərini niyə tutmadın? Azərbaycan tənqidçisinin iddiaları buna oxşayırdı.

Ədəbiyyatın gücünü ölçən dəyərlərdən biri də budur: qısa məzmunu çıxarılan ədəbi mətn- əsər deyildir.
Çox təəssüf ki, o meyllər bu gün də davam edir. Filankəs iqtidardakı partiyaya sataşdı və ya prezidenti üstüörtülü tənqid etdi.

Bəhmənkəs xalqımızın qəhrəmanlığını tərənnüm etdi və ya xalqımıza şər ataraq ermənini təriflədi və s.

Bunların heç birinin ədəbi kriteriyalarla əlaqəsi yoxdur. Ədəbi əsəri dəyərləndirmək üçün istifadə edilən kriteriyalar, Türkiyədəki terminlə desək, tutarlı olmalıdır.

Bədii əsəri bir bütövlük içində təhlil etmək lazımdır ki, bu da Azərbaycanda görünmür. Türkiyədə bu işi həyata keçirmək daha asandır; çünki burada bizdə olan 70 illik süni kriteriyalar heç vaxt işləməyib.

Yəqin ki, sənin də yadına gəlir: 4-5 il bundan əvvəl çox hörmət etdiyim şair Yavuz Bülənt Bakilərə Nazim Hikmət barədə sual verdilər.

Bakilərin cavabı mənə görə çox maraqlı idi: o dedi ki, Nazim Hikmət böyük şairdir.

O, Türk dilinin məharətli bir ustasıdır. Ancaq Nazim Hikmət mənim üçün pis bir vətəndaşdır.

Məncə, bu, ədəbiyyata düzgün yanaşma tərzidir. Bir vaxtlar Azərbaycanın bəzi yazıçılarının kitablarını oxucular poçtla müəlliflərin özlərinə göndərmişdilər. Əslində oxucular o kitablara yox, yazıçıların “vətəndaşlıq mövqeyi”nə etiraz etmişdilər.

Azərbaycanda bu durum həmişə qarmaqarışıq şəkildə qaldı. Məsələn, 1937-də Hüseyn Cavidi “pis dramaturq olduğuna” görə yox, sovet ideologiyasına baş əymədiyinə görə tənqid edirdilər.

Türkiyədə o sıxıntılar yaşanmadığına görə, Yavuz Bülənt Bakilər Nazim Hikməti Marksa şeir yazdığına görə tənqid etmir; əksinə Nazimi şair kimi çox bəyəndiyini etiraf edir.

Bu məfhumların bir-birindən ayırd edilməsi lazımdır ki, bunun üçün də hər şeydən əvvəl, sağlam ədəbiyyat elmi gərəklidir. Bizdə ədəbiyyat elmi yoxdur: ədəbiyyat tarixi var, tənqid var, tərcümə var və s.

Bunların hamısının daxil olduğu çərçivə isə “Ədəbiyyatşünaslıq elmi”dir. Belə bir elm dünyada yoxdur.

Artıq ruslar da bu adda bir elmdən xilas olmağa çalışırlar. XX əsrdəki strukturalist nəzəriyyə nəyi ehtiva edirdi-təkcə ədəbiyyatı ehtiva etməsi mümkündürmü?

Bizdə bu məfhumlar bir-birinə qarışdığına görə, ədəbi tənqiddə də günlük konyukturaya görə kriteriyalar müəyyənləşir. Azərbaycanda bu günkü tənqidi yazılara baxanda onların tanıtma yazıları belə olmadığını görürük.

Əsərin bədii məziyyətlərini araşdırıb onu dünya ədəbi sistemi içində dəyərləndirən yazılara ta Aristotel dövründən üzü bəri “poetika” adı verilib.

Türkiyədə ədəbi əsərləri təhlil edən yazılar daha çox “Poetika” elminin tələb etdiyi qaydalar içində yazılır.

Bu gün Azərbaycanda da oraya dönüş lazımdır. Sovet ideologiyasının təxribatından zərər görən ölkələrin çoxu oraya qayıtdı - Azərbaycanda da bu proses başlamışdı.

90-cı illərin əvvəlində başlayan proseslər Azərbaycanı sovet ideologiyasından uzaqlaşdıra bilərdi, ancaq təəssüf ki, 90-cı illərin ortalarından etibarən ölkə yenidən sovet ideologiyasına qayıtdı.

Türkiyədəki ədəbi məhsula baxanda- burada iki tərəf vardır: yazar və nəşriyyat. Oxucu isə bu məhsula pul verən adamdır. Tənqidçi istehsalçı ilə oxucu arasında əlaqə yaradır.

Söhbət əsasən, müasir ədəbiyyatdan gedir. Rəssamın yaratdığı tabloya baxanda bir çox tamaşaçı onun kodlarını bilmədiyinə görə, tablo barədə elmi fikir yürüdə bilmir.

Sənətşünas və ya sənətlə bu və ya digər dərəcədə əlaqəsi olan bir adam, məsələn, tablodakı rəng ahəngi barədə fikir yürüdə bilir. Bu da sənətlə yaxın əlaqəsi olmayan bir adam kimi məni təmin edir.

Və ya birinci adamın şərhinə yox, ikincinin şərhinə inanıram. Tənqidçinin və ya sənətşünasın işi ədəbi mətni və ya sənət məhsulunu şərh etməkdən ibarətdir.

Bir əsəri anlamaq üçün- hər şeydən əvvəl, onun dilini bilmək lazımdır. Bədii əsərin, rəsm tablosunun, teatrın öz dilləri var. Tənqidçi bu dilləri oxucudan daha yaxşı bildiyini iddia edən adamdır.

Ona görə də oxucunun əsəri daha yaxşı anlaması üçün tənqidçilik iddiasında olan adamların fikirlərinə müraciət etməsi təbiidir.

Deməli, tənqidçi öz yerini yaradıcı adam üstəgəl nəşriyyat üstəgəl oxucu arasında bir yerə qoyur. Bir də Azərbaycanda çox görünməyən reklamçılar var. Orhan Pamukun romanı çıxanda onu tanıtmaq üçün məqalələr yazılır.

O səpkili məqalələrdə kitabın təbliğinə yer verilir. Bu gün Azərbaycanda “tənqid” adı altında yazılan yazıların hamısı “tanıtma” yazılarıdır, başqa sözlə, reklamdır.

Mən heç kimi haqsız yerə tənqid etmək, ya da kiməsə sataşmaq istəmirəm. Ancaq bilirik ki, bu cür yazılar müəyyən mənafelərin qarşılığında yazılır. Bu cür yazıların tənqidlə uzaqdan-yaxından əlaqəsi olmur.

Tənqidi yazılar- ədəbi kriteriyalara görə təhlillərdir. Tanıtma yazıları yeni çıxan kitabların “cəmiyyətə faydaları”nı oxucuya təqdim edir.

Azərbaycanda “tənqidi” yazıların spesifikasını bir neçə cümlə ilə bu cür ifadə etmək olar: vətənpərvərlik mövzusunda bundan gözəl əsər yoxdur, yaşasın bunu yazan yazıçı; müasir dövrün ən böyük ədəbi simalarından biri bu yazıçıdır.

Məntiq budur, bu isə tənqid deyildir.

Yazının böyük-kiçikliyindən asılı olmayaraq mahiyyət dəyişmir.

Ona görə də mən bunlara tənqid yazıları kimi baxa bilmirəm. Poetika və tənqidin ikisinin bir yerdə olduğu bir məqalə mənim çox xoşuma gəlir: bu, 1962-ci ildə Moskvada çıxan “Strukturçuluq: lehinə və əleyhinə” adlı kitabda Roman Yakobsonla Klod Levi-Strossun Şarl Bodlerin “Pişiklər” sonetinin təhlilinə həsr edilmiş məqaləsidir.

Məqalənin axırıncı iki paraqrafında Bodlerin adı çəkilir. Azərbaycanda isə “tənqidi” məqalədə əsər bir tərəfdə qalır; “zəmanəmizin böyük şairi, humanist duyğular bəsləyən insan” və s. epitetlər yazını başına götürür.

Mais Əlizadə və Arif Acaloğlu. İstanbul, Bosfor 12.10.2010
Biz hətta Axundzadə və ya Mirzə Cəlil haqqında yazanda onların adlarının qabağında “böyük, dahi” epitetlərini işlətməyə adət etmişik. Elə isə söhbətin mövzusu əsər olmalıdır.

M.Ə. Yaxşı örnək verdin-divara asılmış tablo barədə danışmaq lazımdır, onun müəllifi ikinci planda gəlir. Folkner də müsahibələrinin birində deyir ki, önəmli olan müəllif deyil, əsərdir. Ən azı ona görə ki, Şekspir pyeslərinin müəllifi olduğunu iddia edən 3 adam var...

A.A. Tənqidçinin gücü burda ortaya çıxır. Bodler barədə bəhs etdiyim yazının əsas hissəsini Roman Yakobson yazıb. Levi-Stross isə həm qısa ön söz yazıb, həm də nəzəri tərəfini işləyib.

Əslində işin strukturu baxımından nəzəriyyə onun ən önəmli tərəfidir. Bodlerin şəxsiyyəti məsələsi isə artıq ədəbiyyat tarixçisinin işi olur. Sənət tarixi, fəlsəfə tarixi, memarlıq tarixi olduğu kimi, ədəbiyyat tarixi də - tarixin bir parçasıdır.

Ədəbiyyat tarixi ədəbiyyatşünaslığın bir parçası ola bilməz. Bu məfhumların –yəni, ədəbiyyat nəzəriyyəsi və ədəbiyyat tarixi məfhumlarının yerli-yerində işlədilmədiyi ölkələrdə ədəbi tənqiddən də söhbət gedə bilməz.

Çünki bunlar ədəbiyyatı öyrənən elmin önəmli kriteriyalarıdır və bunlardan biri məzmun dəyişikliyinə məruz qalanda o birilərində də dəyişiklik qaçınılmaz olur.

Mən Firidun bəy Köçərlidən sonra yerli kriteriyalara uyğun şəkildə sərrast təhli aparan bir tənqidçi görməmişəm.

Ya Marksa-Engelsə görə dəyərləndirmişik, ya Hegelə-Kanta və ya strukturalist prinsiplərə görə.

Strukturalizm çox orijinal bir şeydir. Azərbaycan miqyasında Xİİ-Xİİİ əsrdəki mətnlərə baxanda bu nəzəriyyənin elementlərini görə bilirik. Həm də universal bir fenomen olan strukturalizm bizim ədəbi mətnlərin içindəki mexanizmləri təhlil etmək üçün fürsət yaradırdı.

Brejnevin hansısa qurultayda dediyi sözlərin strukturalistlər üçün heç bir əhəmiyyəti yox idi - bu nəzəriyyə ədəbi tənqidi, fəlsəfəni marksizm buxovundan xilas etmək üçün ən gözəl vasitə idi.

O dövrün marksist akademikləri strukturalizmin ciddiliyini anladıqlarına görə, bu işlə məşğul olanlara müqavimət göstərməyi də mənasız hesab edirdilər. Azərbaycanda heç vaxt “yerli ədəbiyyatşünaslıq” da olmadı.

Məsələn, romanın ədəbiyyatşünaslıq kitabında bizə öyrədilən tərifinə baxsaq görərik ki, bizdə o kriteriyalara uyğun gələn roman yoxdur.

Sovet ədəbiyyatşünaslığı Gabriel Garsia Markesin roman texnikasının sirlərini dar qəlibə sığdıra bilməyəcəyini anlayanda ona “sehirli realizm” adını qoymuşdu.

Elə isə işin başından etibarən romana bəlli bir tərif verib onu dar qəlibə söğışdırmağa çalışmağın nə mənası var? Məmməd Arifdən başlayıb bəzi nümayəndələrinin hələ də meydanda olduğu tənqidçilər “ansamblı” bədii əsərləri ideoloji meyarlara görə dəyərləndirirdilər.

O konyuktura içində onlar bizim sevdiyimiz yazıçıları tərifləyəndə biz də onlardan razı qalırdıq, tənqid edəndə isə hiddətlənirdik. Ancaq nəticə etibarı ilə nə onların, nə də bizim məsələyə yanaşma tərzimiz düzgün idi.

Bədii əsərləri yerli zəmindən alıb universal dəyərlər işığında təhlil etməyə 70-ci illərdə dilçi alimlər başladılar.

M.Ə. Bunun dildən gəlməsi təbiidir. Çünki müasir strukturalizmin beşiyi başında belçıkalı dilçı Ferdinand de Sössür dururdu...

A.A. Ağamusa Axundovun, Tofiq Hacıyevin yazıları bu istiqamətdəki ilk addımlar sayılsa da, bu sahədəki “inqilabı” Aydın Məmmədov etmişdi.

Kamil Vəli Nərimanoğlunun, Kamal Abdullanın nəsr əsərlərinin ritmi barədə yazıları çap edildi. Sonradan bu alimlər fərqli istiqamətlərə yönəldilər. Onların yaradıcılığında essevari yazılar üstünlük təşkil etməyə başladı ki, bu da tənqid deyildi.

M.Ə. Bir də yazıçıların özlərinin dövrün ədəbiyyatı barədə ənənədən kənar təhlilləri olurdu. Məsələn, Anarın “Nəsrin fəzası”, Elçinin hekayə və şeir barədə iki məqaləsi, Əkrəm Əylislinin kitabı bunun yaxşı örnəkləri idi. Jurnal səhifələrində yazıçıların öz aralarındakı fikir mübadilələri bəzən amansız olsa da, ədəbi atmosferi çalxalandırmaq üçün çox faydalı olurdu.

Məsələn, İsa Hüseynovun “loru dildə” yazan yazıçıları nəzərdə tutaraq “İt harf elədi, gədənin ürəyi ayağının altına düşdü”- bu dillə “Qobsek” yazılmaz, “Sağrı dərisi” yazılmaz”- sözləri dil ətrafında xeyli mübahisəni də özü ilə gətirib-gəlmişdi.

Vaqif Yusiflinin “Azərbaycan” jurnalı səhifələrində 30 il qabaq yaratdığı çox fikirlilik təqdir toplamışdı...

A.A. Azərbaycan sovet tənqidi yazıçının nəyi necə deməsi ilə yox, nəyi deməməsi və tənqidçinin istədiyi kimi deməməsini araşdırmaqla məşğul idi. Sən də bir vaxtlar Arif Əmrahoğlunun dediyi “Bir yazıçı yazmadığı şeyə görə yalnız Azərbaycanda tənqid edilir”- sözünü yaxşı xatırlayırsan.

İndi biz səninlə sahildə oturmuşuq; o tərəfdə balıqçılar balıq tutur. Biz ona deyə bilərikmi sən filan-filan balıq növlərini niyə tutmadın? Azərbaycan tənqidçisinin iddiaları buna oxşayırdı.

M.Ə. Sən strukturalist məktəbin əsas yerlərindən birində təhsil almısan. Türkiyənin ədəbi tənqid məktəbini strukturalist nəzəriyyə işığında analiz edə bildinmi? Universal dəyərlər işiğında “bunlar”ın “onlar”dan önəmli fərqləri varmı?

A.A. Türkiyədə bədii əsərlər ümumilikdə sənətkarlıq nöqteyi-nəzərindən dəyərləndirilir. Strukturalistlərin ikinci nəslinin önəmli simalarından olan Qreymas 1960-63-cü illərdə Ankara universitetində dərs deyib. Onun “Linqvistik semantika” əsəri burada yaxşı tanınır.

Qreymasın burda tələbələri vardı ki, onların da başında Tahsin Yücel gəlirdi.

Onun strukturalist təhlilləri Türkiyədə məktəbin yaranmasına gətirib çıxardı. Mən Yedditəpə universitetinin kafedra müdiri Fatma Akersonla tanış olmağa gedəndə ona Lotmanın aspirantı olduğumu dedim.

Fatma xanım Lotmanın adını eşidəndə ayağa qalxdı və Lotmanın yaradıcılığı barədə 2 mühazirə oxumağı təklif etdi. Professor Jalə Parlanın Mixail Baxtinin nəzəriyyələri ətrafındakı araşdırmaları Türkiyədə və dünyada rəğbətlə qarşılanır.

Strukturalizm Türkiyədə təbii qarşılandı, çünki burada “sosialist realizmi”nin hegemoniyası yaşanmamışdı. Türkiyədə bədii əsərlərin təhlilində heç vaxt məzmun və ideologiya ön plana çıxarılmadı.

Bəlli bir ideologiyanın “militanları” isə bədii əsərləri ərz etdikləri dəyərlər çərçivəsində yox, mənsub olduqları ideologiyanın işığında təhlil etməyə çalışdılar ki, mən buna da təbii baxıram.

Bu cür şeyləri kənara qoysaq, Türkiyədə daha sağlam ənənələrin üzərində formalaşan və eyni zamanda, universal dəyərlərə də önəm verən bir tənqid məktəbi olduğunu deyə bilərik.

M.Ə. Məsələlərə yanaşma tərzinin önəmindən danışırsan.

Azərbaycanda Nobel mükafatı barədə söhbət gedəndə qəribə yanaşma tərzlərinə şahid oluruq: bəziləri bu mükafatın “subyektivliyini” sübut etmək laureatların siyahısını çap edib deyir ki, ey əhali, görün burda sizin tanımadığınız nə qədər yazıçı və şair var!

Və ya Türkiyədə Yaşar Kamal Nobelə Orhan Pamukdan daha çox layiq imiş, ancaq nə hikmətsə Yaşar Kamala verməyiblər. İşə bir başqa nöqtədən baxanlara görə isə, qələm çörək ağacı deyilsə, Nobel mükafatı üçün də əlləşib-vuruşmağa dəyməz v.s.

Mənim üçün Nobel peşəkar qələm sahiblərinin ali mükafatıdır və yazıçı olsaydım, o mükafatı almağa can atardım.

Perulu yazıçı Xose Vargas Liosanın aldığı Nobel mükafatına Türkiyədən verilən reaksiyalarla Azərbaycandan verilən reaksiyalar məsələyə yanaşma tərzindəki fərqləri də ortaya qoyur. İki ölkənin yanaşma tərzlərindəki bu fərqləri sən necə dəyərləndirirsən?

A.A. Yazıçı olsaydım, mən də Nobel almaq üçün çalışardım. Bunun üçün peşəkar olmaq və həyatı yazı masasının arxasında keçirmək lazımdır.

Həm dövlət kreslosunun, həm də yazı masasının arxasında eyni dərəcədə səmərəli vaxt keçirdiyini iddia edən adamın yazıçılığı da yarımçıqdır, dövlətə xidməti də.

Mən tələbəlik illərimdən bəri Xose Vargas Liosanın əsərlərini oxuyuram.

Türkiyədə də xeyli kitabı çıxıb. Çox tanınmayan adamlar Nobel alanda mübahisələr daha da artır. Nobeli alanlar arasında ideologiya mənsubu, psixologiyası yerində olmayanı, dəlisi- hər cür insan ola bilər.

Yazıçının əsərlərinə və cəmiyyətdə tutduğu mövqeyə baxırlar. Hamı bilirdi ki, Sartr Nobeli almağa meylli deyil. Bəlkə Nobel komitəsi mükafatı qəsdən verdi ki, birdən Sartr onu almağa gələr.

Sartr Nobelə layiqdirmi? Layiqdir. Sartr Nobeli alsaydı, mükafatın hörməti artacaqdımı? Artacaqdı. Onun mükafatı almaması Nobelin hörmətini də azaltmadı. Ancaq Sartr bir ədəbiyyat adamı kimi öz mövqeyini ortaya qoydu.

Nobel mükafatı barədə mükafatın səviyyəsinə gəlmiş insanlar danışsa, daha inandırıcı olardı. Bizim bir atalar sözümüz var: “..... əli ətə çatmayanda....”

Əgər Sartr kimi bir yazar Nobeli rədd edibsə, azərbaycanlı bir yazıçının Nobelə yuxarıdan aşağı baxmasına ehtiyac qalmır ki? Sartrın xalası oğlu Albert Şveytsar o mükafatı aldı.

Mənə görə, Yuri Lotman 10 dəfə Nobel almalı idi-ancaq almadı. Ona görə də “Orhan Pamuk niyə aldı? Əslində Yaşar Kamal daha layiq idi”- ifadəsi, mənə görə, üzr istəyirəm, çox səfeh sözlərdir.

Yaşar Kamalın Nobel almaması ədalətsizlik ola bilər; bəs Orhan Pamukun alması niyə ədalətsizlikdir-bunu anlaya bilmirəm?

Azərbaycana gəlincə: mənim fikrimcə, orada mükafata layiq olan bir neçə yazar ola bilər, ancaq bu günkü mərhələdə onlara Nobel mükafatı verilməsi tezdir.
Çünki Nobel mükafatı heç vaxt bir yazıçının 15-20 illik yaradıcılığına görə verilmir. Bu, bir marafondur. Tutaq ki, mən bir yazıçı kimi ilhama gəlib gözəl bir əsər yaratdım.

Mənə Nobel verdilər. Ondan sonra isə ədəbiyyat düşməni oldum. Nobel iddiasında olan yazıçı ədəbiyyat dünyasında qalıcı bir dəyər olmalıdır: əsərləri ilə, şəxsiyyəti ilə.

Yəni, ədəbiyyatın içində aktiv adam olmalıdır.

M.Ə. Son illərdə yazıçının mövqeyi məsələsi də önəmli rol oynamağa başladı. İqtidarlarla iç-içə girənlərin Nobel həndəvərindən keçməsi mümkün deyildir...
A.A. Bir yazıçı “Mənim üçün ölkəmdəki siyasi proseslər önəmli deyildir, dövlətim və onu idarə edən iqtidar daha mühümdür”- artıq bu sözləri deyə bilməz. Bədii əsərin müəllifi əsər yayınlandığı andan etibarən oxucu ilə müqavilə bağlayır.

Oxucu kitaba pul verib alır. Əgər o kitab lazımi səviyyədə bədii əsər deyilsə, tənqidçi öz funksiyasını yerinə yetirməlidir. Əgər yazıçı yaxşı bir əsər yazandan sonra ölkəni idarə edənləri tənqid edə bilmirsə, onun səmimiyyəti şübhə altında qalır.

M.Ə. 20 il dövlət kreslosunda oturub Nobel mükafatının obyektivliyini şübhə altına almaq almaq kimi...

A.A. Nobelə bu şəkildə etiraz edənlərin yazdıqları bədii əsər deyil ki? Onların yazdıqlarının xülasəsini yarım səhifədə çıxarmaq mümkündür. Ədəbiyyatın gücünü ölçən dəyərlərdən biri də budur: qısa məzmunu çıxarılan ədəbi mətn- əsər deyildir.

M.Ə. Azərbaycan ədəbiyyatına son dönəminə baxanda bəzi əsərlər istisna olmaqla, təhkiyənin nə qədər cılızlaşdığını görürük. Hətta daha əvvəl təhkiyə ustası kimi tanıdığımız yazarların son dönəmlərdəki əsərləri insanı əsəbləşdirir.

Cavanlar isə bədii əsərlər üzərində çox az işləyirlər. Tənqidçilər əsərləri bu baxımdan təhlil etmək yerinə, sosioloji başlıqları ön plana çıxarıb xüsusilə gənc yazarların “mitilinə vurmaqdan” həzz alırlar. Səncə, bu ədəbiyyat hara gedir?

A.A. Məncə, yaxşı yerə gedir. Çökmüşdür və ya yaxın vaxtlarda çökəcək.

Dibə vurmağa yaxınıq. Bunu yazarın özü görməlidir ki, artıq onun yazdıqları oxunmur. Yazıçı ölkənin başçısını tərifləmə yolunu tutur, tənqidçi də onun dalınca sürüklənir. Azərbaycanda bu diskurs yox olmalıdır.

Sovet vaxtında ölkəni idarə edənlərin ağzına baxıb onların nə deyəcəyini bir gün qabaqcadan təxmin edərək yazmaq böyük ustalıq sayılırdı. İdarəçilər də bundan razı qalaraq nemətləri onların tərəfinə axıdırdılar.

Latın əlifbasına keçmək- Azərbaycan ədəbiyyatının bağırsaqlarınadakı bütün artıq şeyləri atacaqdı. Ancaq prezidentin verdiyi bir qərardan sonra uzun müddətdən bəri heç kimin xatırlamadığı yazar və şairlərin əsərləri yenidən peyda oldu.

Dövlət bu işlərə pul xərcləməklə bir çox yazar və şairə yenidən ömür biçməyə çalışdı.

Rusların özlərinin unutduqları yazıçıların əsərlərini Azərbaycanda yenidən çap etdilər. Ağına-bozuna baxmadan köhnə klişeləri yaşadırlar.

İqtidarın nemətlərini yeyən bir qrup buna etitaz edənləri küncə sıxışdırmağa çalışır. Bunun ömrü nə qədər olar? Əslində bu diskursun müəyyən dirəkləri var.

Onlar gedən kimi bu diskurs da gedəcəkdir. Bu gün Azərbaycanda döyülən, söyülən şair və yazarlar var-onlar bu diskursu qəbul etməyəcəklər.

Ola bilsin ki, onlar böyük ədəbiyyat da yarada bilməyəcəklər, ancaq hər şey başqa bir nöqtədə olacaq və həqiqi ədəbiyyat barədə söhbətlər də o vaxt meydana çıxacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG