Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:02

Onlar seçkiyə niyə qatıla bilmədilər?


Arif Hacılı
Arif Hacılı
ARİF HACILI, HƏSƏN KƏRİMOV İMZA TOPLAYA BİLMİR Kİ?

Müxalif düşərgənin tanınmışlarından bir çoxu, məsələn, Arif Hacılı, Həsən Kərimov, Qabil Hüseynli budəfəki parlament seçkilərində iştirak edə bilməyəcək. Siyahı onlarla bitmir. Qeydiyyata alınmayanlar arasında müxalifətçilərlə yanaşı tanınmış, müəyyən nüfuz sahibi olan müstəqil namizədlər də var. Amma məsələ onda deyil.

Maraqlıdır ki, Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP Ali Məclisinin sədri Həsən Kərimov seçki məsələlərində az qala saç ağardıblar. Heç cür inandırıcı deyil ki, son iyirmi ilin az qala bütün seçkilərinə qatılan, nəinki qatılan, hətta partiyada bu işlərə rəhbərlik edən bu namizədlər imza toplamağın qaydasını bilməsinlər. Və ya belə deyək ki, imzatoplama məsələsinə belə barmaqarası baxsınlar.

Ekspertlərə görə, elə qeydiyyata alınmayanların özlərinin qənaətincə də səbəb imzalarda deyil, tamam başqadır.

HAKİMİYYƏT AĞRIMAZ BAŞINA DƏSMAL BAĞLAMAQ İSTƏMİR


İntiqam Əliyev
Qeydiyyatdan keçməyənlərdən biri də müstəqil hüquqşünas İntiqam Əliyevdir. Onun sözlərinə görə, hakimiyyət bu dəfə siyasətinə bir qədər dəyişiklik edib. Seçki prosesində ona baş ağrısı olacaq namizədlərin yarısını elə bəri başdan sıradan çıxarır:

“Sözünü deməkdən çəkinməyən insanların seçkilərə buraxılması fəallığın artmasına xidmət edəcək. Yəni, bu adamlar küçələrdə, görüşlərdə hökumətin siyasətinin mahiyyətini açacaqlar. Uzun illərdir Azərbaycan ictimaiyyətinin fəal hissəsinin bu haqqı əlindən alınıb. Yəni, toplantılara icazə verilmirdi, televiziyaya çıxış imkanı yox idi. Seçki bu imkanları genişləndirir. Hakimiyyət bundan qorxaraq, əlavə problem yaratmamaq üçün xeyli insanı seçkiyə buraxmayıb”.

DON GEYDİRMƏK LAZIM DEYİL

Bu məsələyə toxunan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə oktyabrın 9-da deyib ki, qeydiyyata alınmayanların məsələsinə don geydirmək lazım deyil:

“Çox ciddi namizədlər var ki, qeydə alınıblar, həm müxalifət, həm iqtidar, həm də bitərəf namizədlərdir. Heç onlar haqda belə söz-söhbət yoxdur. Amma hansısa ikinci, üçüncü dərəcəli namizədlər var ki, onlar barədə belə söhbətlər ortaya çıxıb.

Məzahir Pənahov
Namizədləri birinci, ikinci, üçüncü dərəcəli namizədə bölmək baxımından demirəm. Siyasi münasibət bildirməyən namizədlərdir ki, onların bəziləri haqda bu məsələlər ortaya çıxıb. Mən də inanmıram ki, bu, bilə-bilə olsun. Hətta bilməməzlikdən, ehtiyatsızlıqdan olubsa belə, Məcəllənin tələbi eynidir”.

QABAQDA GÖZDƏNSALMA, KOMPROMATLAR, QEYDİYYATIN LƏĞVİ DƏ VAR

İntiqam Əliyev isə əmindir ki, hakimiyyət seçki günündə problemlə üzləşməmək üçün müstəqil və ya müxalif namizədlərin qeydiyyatını yarıbayarı azaldır. Qeydiyyata alınanların bir qismi isə təbliğat-təşviqat kampaniyasında zərərsizləşdiriləcək:

“Təcrübə göstərir ki, bununla bağlı hakimiyyətin arsenalında xeyli vasitələr var: kompromatlar, gözdənsalma kampaniyaları, qeydiyyatların ləğvi və s. Qalan hissəsinə gəlincə isə, nəzərə alaq ki, Azərbaycanda seçki mühiti yoxdur, qarşı tərəf külli miqdarda maliyyə resurslarına malikdir və inzibati resurslar onların xeyrinə işləyəcək, bu tərəfin resursları isə minimumdur. Seçki günündə bir tərəfdən həddən artıq imkanlı insanlar, o biri tərəfdən az resursa malik, zəiflədilmiş müxalifət cəbhəsi və müstəqil namizədlər olacaq”.

HƏTTA KƏND MÜƏLLİMİNDƏN DƏ QORXURLAR


Azər Rəşidoğlu
“Tolerant” Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu isə deyir ki, hakimiyyət 2000, 2005-ci il parlament seçkilərindən fərqli olaraq bu dəfə oyun qaydalarını dəyişib:

“İndiyədək görünməmişdi ki, siyasi baxımdan fəal insanlar qeydiyyata alınma zamanı kənarda qoyulsunlar. Adətən hər şey seçki günü həll olunurdu və arzuolunmaz namizədin taleyinə qərar verilirdi. Bu dəfəsə belə deyil. Cəmiyyətdə az-çox fəal olanların hamısı bu prosesdən kənarda saxlanılır. Söhbət Azərbaycan miqyasında tanınan insanlardan da getmir. Hətta kiçik rayonda fəal kənd müəllimi belə seçkidən kənarda saxlanılıb”.

Azər Rəşidoğluna görə, zaman parlamentin tərkibinin dəyişməsini tələb edir. İndi susqun deputatlardan daha çox Avropa Şurası Parlament Assambleyasında, başqa beynəlxalq qurumlarda Azərbaycan adından diskussiya apara biləcək millət vəkillərinə ehtiyac var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG