Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:39

«Bunlar bizim namizədin birini qeydə alırlar, digərini almırlar»


«Namizədlərimizin sayını iki dəfə azaltmağı qarşılarına məqsəd qoyublar».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramının qonağı Müsavat partiyasının başqanı İsa Qəmbər AXCP-Müsavat blokunun namizədlərinin üzləşdiyi problemlərdən danışarkən deyib. Onun sözlərinə görə, məqsəd AXCP-Müsavat blokunun blok şəklində seçkilərdə iştirak, pullu efir vaxtından və kütləvi tədbir imkanlarından istifadəsinin qarşısını almaqdır.

HAKİMİYYƏT AXCP-MÜSAVATDAN QORXURMUŞ?


«Vəziyyət təxminən aydınlaşmaqdadır. İlk ciddi aydınlaşan nəticə ondan ibarətdir ki, hakimiyyət, deyəsən, doğrudan da, AXCP-Müsavat blokundan ciddi şəkildə qorxurmuş. Çünki bu cür qeyri-qanuni şəkildə məcəllənin şərtlərini pozaraq, məntiqə zidd şəkildə bizim namizədlərimizi qeydə almamaq, kəsib doğramaq, əslinə qalsa, heç bir şəkildə izah oluna bilməz başqa məqsədlə. Məqsəd AXCP-Müsavat blokunu blok kimi seçkilərə buraxmamaq, nəticədə bizi pulsuz efir vaxtından məhrum etmək, nəzərə alsaq ki, pullu efir vaxtı üçün də çox yüksək qiymətlər müəyyənləşdirilib müxalifət üçün, bizim üçün real qiymətlər deyil, faktiki olaraq televiziyalarda seçki kampaniyasını ləğv etməkdən söhbət gedir. Eyni zamanda blok kimi qeydiyyatdan keçə bilməsək, kütləvi tədbirlərin blok adından keçirilməsi və bir sıra digər imtiyazlar var ki, o imtiyazlar olmayacaq və faktiki olaraq hakimiyyət seçkiləri cəmiyyət üçün çox sönük keçirmək, ictimai marağın oyanmasına imkan verməmək xəttini davam etdirir».

İsa Qəmbərin sözlərinə görə, belə getsə, blokun namizədlərinin sayı məlum səbəblərdən yarıbayarı azala bilər.

NAMİZƏDLƏRİ 2 DƏFƏ AZALTMAQ İSTƏYİRLƏR


«Statistik nəticələr ondan ibarətdir ki, bunlar bizim namizədin birini qeydə alırlar, digərini qeydə almırlar. Bununla da bizim 90-dan yuxarı namizədimizin sayını yəqin ki, ən azı iki dəfə azaltmağı qarşılarına məqsəd qoyublar».

Hakim Yeni Azərbaycan partiyasının 115 namizədindən 113-nün qeydiyyata alınması məsələsinə münasibət bildirən müxalifət partiyasının başçısı bunu administrativ resurs hesab edir.

«Bu, administrativ resurs göstəricisidir. MSK –nın rəsmi saytına da baxsanız, görərsiniz ki, həmin namizədlərin əksəriyyəti çox qısa müddətdə imza vərəqələrini alıb, imzaları toplayıb guya geri qaytarıblar. Bəziləri hətta rekord ediblər. Bir günə imza vərəqələrini alıblar, doldurublar və sabah da, birisi gündə imza vərəqələrini geri qaytarıblar. Mən əminəm ki, YAP-çı namizədlərin böyük əksəriyyəti - hamısını demirəm, çünki aralarında elə ola bilər ki, özü də bu prosesdə iştirak edib, əksəriyyəti yerli icra hakimiyyətinin, icra hakimiyyəti orqanlarının, jeklərin köməyi ilə bu imzaları rəsmiləşdirib dairə komissiyalarına təhvil veriblər. Mən əminəm ki, YAP-çıların böyük əksəriyyətinin sənədləri yoxlanılsa məlum olar ki, onların böyük əksəriyyətinin sənədləri qaydasında deyil».

HƏR SEÇİCİ FƏAL OLMALIDIR

İsa Qəmbər hesab edir ki, seçkilərdə saxtakarlığın qarşısını almaq üçün hər bir seçici fəal olmalıdır.

«Hakimiyyət istəyir ki, bir tərəfdən parlamenti öz istədiyi kimi formalaşdırsın. Kimi istəyir ora deputat təyin etsin. O biri tərəfdən istəyir ki, beynəlxalq birlik bu seçkiləri normal bir seçki kimi qəbul eləsin. Tənqid çox olmasın. Seçkilərdə çatışmazlıqlar barədə danışılmasın. Ona görə də seçicilərimiz bilməlidir ki, onların qaldırdığı hər bir məsələ hakimiyyəti bu yanlış mövqedən çəkinməyə məcbur edən bir addım ola bilər. Ona görə hər bir seçicinin öz mövqeyini, öz hüququnu müdafiə etməsinə ehtiyac var».

Müsavat partiyasının başqanı bildirib ki, xalqın müxalifətə inamı itməyib. İtən vəziyyətin dəyişə biləcəyinə qarşı olan inamdır.

«İtən müxalifətə inam deyil, itən demokratik yolla, seçki yolu ilə vəziyyəti dəyişə biləcəyinə inamdır. Bu, bir qədər fərqli məsələlərdir. Mən müxalifətə inamın itməməsini əminliklə söyləyirəm. Xüsusilə bu seçki kampaniyası başladıqdan sonra. Çünki mənim özümün də, müsavatçıların da, cəbhəçilərin də imza toplayanlarının verdiyi informasiyalara mən əsaslanıram».

XS
SM
MD
LG