Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:10

Keçmiş KQB güclü idi, yoxsa indiki FSB?


«Yeni əzəmət: Rusiya təhlükəsizlik qüvvələrinin dirçəldilməsi və KQB-nin mirasının saxlanması»
Jurnalistlər Andrey Soldatov və İrina Boroqan bu yaxınlarda «Yeni əzəmət: Rusiya təhlükəsizlik qüvvələrinin dirçəldilməsi və KQB-nin mirasının saxlanması» adlı yeni kitablarını təqdim ediblər. Kitabda Vladimir Putinin zamanında təhlükəsizlik qüvvələrinin əvvəlki mövqeyinə qayıtmasından bəhs olunur.

AzadlıqRadiosunun müxbiri Nikola Karastev Rusiya jurnalistləri ilə Nyu-Yorkda kitabın müzakirəsi zamanı söhbətləşib:

FSB KQB-DƏN QAT-QAT GÜCLÜDÜR

- KQB (Dövlət Təhlükəsizlik Komitəsi) ilə indiki FSB-ni (Federal Təhlükəsizlik Xidməti) necə müqayisə edərdiniz?

Andrey Soldatov:

- Miqyas baxımdan müqayisə etsək, əlbəttə, Sovet KQB-si daha iri idi. Çünki Sovet İttifaqının özü də Rusiyadan daha böyük idi. Amma FSB KQB-dən qat-qat güclü təşkilatdır. Bu, bizim araşdırmanın ən əsas nəticələrindən biridir.

Əslində müqayisə də mümkün deyil. Çünki KQB tamamilə Kommunist Partiyasının nəzarətində idi. KQB-nin hər bir təşkilatında partiyanın da qurumları vardı. Zabitlər partiya aparatından çıxarılmaqdan çox qorxurdular.

1959-cu ildə qəbul edilmiş qaydalara əsasən, KQB-nin daxilindəki partiya şəbəkəsi bu qurumun çatışmazlıqları haqqında partiyanın yuxarı eşelonlarına verməyə borclu idi. İndi belə nəzarət sistemi yoxdur.

İrina Boroqan və Andrey Soldatov
- Belə fikirlər var ki, FSB-nin müəyyən iqtisadi maraqları da var. Bu nə qədər real iddialardır?

FSB ZABİTLƏRİ BÖYÜK ŞİRKƏTLƏRDƏ MƏSUL VƏZİFƏLƏRƏ TƏYİN EDİLİRLƏR

İrina Boroqan:

- FSB də Rusiyadakı başqa dövlət qurumları kimi, korrupsiyalaşmış bir təşkilatdır. Çünki onlar biznes qurumları əleyhinə cinayət işlərini araşdırmaq hüququna malikdir. Bu araşdırmalardan öz məqsədləri, müəyyən materialları ələ keçirmək üçün də istifadə edirlər.

FSB-nin keçmiş zabitləri çox böyük şirkətlərdə müxtəlif məsul vəzifələrə təyin edilirlər. Onlar məsələn, «Qazprom»un xaricdəki ofislərinə rəhbər təyin ediləndə, çox yaxşı kompensasiya alırlar, FSB zabitindən daha çox sayda işçilərə rəhbərlik edirlər.

MEDVEDEV FSB-YƏ O QƏDƏR DƏ MEYLLƏNMİR

- 2012-ci ilin prezident seçkisində FSB-dən nə gözləmək olar?


Medvedev FSB-yə o qədər də köklənmir
Andrey Soldatov:

- Hər şeydən əvvəl demək istəyirəm ki, prezident Dmitri Medvedev üçün FSB çox vacib rol oynayır... Prezident ölkədə sabitlikdən çox məmnundur.

Eyni zamanda, Medvedevin təhlükəsizlik qüvvələrinin işində şəxsi təcrübəsi yoxdur deyə, FSB-yə o qədər də köklənmir. Əvəzində isə daha çox Daxili İşlər Nazirliyi ilə işləməyə meyllidir. Yaddan çıxarmaq olmaz ki, Medvedevin ilk sərəncamlarından biri ekstremizmlə mübarizədə DİN-ə müəyyən sərhəd xidməti səlahiyyətlərinin verilməsi olmuşdu. Rusiyada «ekstremizm» deyəndə, daha çox siyasi hakimiyyətə təhlükə yaradan narazı ictimai qruplar nəzərdə tutulur.

Məncə, FSB Medvedev yaxud Putinin seçkidə istifadə etdiyi əsas vasitə olmayacaq. Kitabda da qeyd etmişik, artıq FSB hətta Kremlin özünün çətin nəzarət edə biləcəyi bir quruma çevrilir.

Hələ aydın deyil ki, Putin ya da Medvedev FSB-də böyük aparata sərəncam verən adamlardan nə qədər istifadə edə bilərlər. Bu, çox böyük sual altında olan məsələdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG