Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:11

“Frankfurt kitab sərgisində Ermənistan Qarabağı təbliğ edirdi”


Bu il Azərbaycan dünyanın ən böyük kitab sərgisində - Frankfurt kitab yarmarkasında iştirak etməyib.

Almaniyada yaşayan azərbaycanlı şairə Nuridə Atəşi bunu “Azərbaycanın mədəniyyətini və ədəbiyyatını tanıtmaq üçün böyük bir imkanın qaçırılması kimi” qiymətləndirir.

Onun sözlərinə görə, Azərbaycandan fərqli olaraq Ermənistan bu dəfə öz stendini ən azı 5 dəfə genişləndirib.


- Orada Qarabağın təbliğinə aid almanca çoxlu yeni kitablar, jurnallar, reklam materialları, xəritələr və s. var idi.

Stenddə ən azı 10 nəfər - yaxınlaşan insanlarla danışır, materialları göstərirdi. Yeni çıxmış ədəbi əsərlər haqqında geniş, mükəmməl alman dilində məlumatlar verirdi.

Kənarda dayanıb ürək acısı ilə bu mənzərəni seyr etdim və Azərbaycanın yerini boş görərək acı bir hisslə oradan uzaqlaşdım.

N.Atəşi hesab edir ki, Azərbaycanın Frankfurt kitab yarmarkasında iştirakı ilə iştirak etməməsi arasında elə bir fərq yoxdur.

Onun sözlərinə görə, bundan əvvəl “Azərbaycan yarmarkaya 1-2 dəfə gəlsə də, 2 nəfərin güclə tərpənə biləcəyi kiçicik bir stendlə təmsil olunub”.

N.Atəşi deyir ki, belə stendlərdə də adətən keçmiş prezident Heydər Əliyevə aid kitablar yer alıb.


- Məlumdur ki, bu sərgidə hər bir ölkə çalışır ki, onu təmsil edən stenddə alman dilini bilən, alman ədəbi mühitini tanıyan, alman nəşriyyatları ilə əlaqələr qura biləcək insanlar dayansın.

Daha səfirliyin adi bir diplomatı yox. Ədəbi oxuma saatları təşkil edilir.

Yeni çıxmış önəmli əsərlərin, kitabların təqdim olunma mərisimi keçirilir. Alman jurnalistləri, media mənsubları ilə öncədən müsahibələr planlaşdırılır.

Alman televiziya, radiolarının bütün günü sərgidən işıqlandırdığı reportajlarda yerin alınmasına çalışılır.

Sərgidə əvvəlki illərdəki iştirakında bunlara nail ola bilməyəyən Azərbaycan bu dəfə sərgidə iştirak etmədi...


P.S. APA agentliyi keçən həftə xəbər yaymışdı ki, Frankfurt Kitab Yarmarkasında tanınmış rumın yazıçısı və dramaturqu, Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbyanın müəllifi olduğu “Azərbaycan – canlı alov” (“Azerbaijan – The Living Flame”) kitabının təqdimat mərasimi keçiriləcək.

Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə üç dildə (alman, ingilis və rumın) çap olunmuş kitab Rumıniya Mədəniyyət Nazirliyinin təşkil etdiyi stenddə nümayiş etdiriləcək.

Kitabda müəllifin Azərbaycana səfəri zamanı əldə etdiyi təəssüratlarla yanaşı, Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti, o cümlədən, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri, eləcə də Xocalı soyqırımı haqqında ətraflı məlumatlar öz əksini tapıb.


Xatırladaq ki, Frankfurt kitab yarmarkası oktyabrın 6-10-da keçirilib. Hər il təşkil edilən tədbirə bu dəfə 300 minə yaxın qonaq gəlib.

Sərgi zamanı təxminən 3 min tədbir keçirilib. Sərgini 10 min jurnalist işıqlandırıb. 100-dən çox ölkəni təmsil edən 7 min stenddə çap materialları nümayiş edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG