Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:02

«Eqreb.com»a kim blok qoyub?


Emin Milli və Adnan Hacızadə
Emin Milli və Adnan Hacızadə
SAĞ ƏLLƏ SOL QULAĞI QAŞIMAQ

Artıq beş gündür ki, “Eqreb.com” satirik saytına adi qaydada girmək olmur. Bunun üçün internet istifadəçiləri proxy saytlardan istifadə etməlidirlər ki, bu da sol qulağını sağ əlinlə qaşımağa bənzəyir.

Azərbaycanda saytlara məhdudiyyətlər yaradılması birinci dəfə deyil. İndiyədək hakimiyyəti sərt tənqid edən “Tinsohbeti.com”, “Susmayaq.biz” saytları da oxşar aqibətlə üzləşib. Sonradan həmin saytlar fəaliyyətlərini davam etdirməyiblər.

Təxminən bir il öncə bloqçular Emin Milli və Adnan Hacızadə də xuliqanlıq maddələriylə həbs edilsələr də, beynəlxalq qurumlar və onlar özləri bunu hakimiyyətin sifarişi sayırlar.

Yeri gəlmişkən, “Eqreb.com” saytının yaradıcılarının kimliyi ictimaiyyətə bəlli deyil, onlar gizlin qalmağa üstünlük verirlər. Bunu da təhlükəsizlikləri ilə bağlayırlar.

ANTİBLOQ ADDIMLAR

Amma sayt adından AzadlıqRadiosuna verilən açıqlamada deyilir ki, son hadisəni senzura adlandırırlar. Onlar baş verənləri saytın mövqeyi ilə izah edirlər:

“Saytımız Azərbaycanda baş verən siyasi və ictimai proseslərə münasibətini öz satirik üslubu ilə internet istifadəçiləri ilə bölüşür. Günümüzün internet məkanında belə bir boşluğun varlığından istifadə edib bu cür satirik e-jurnal yaratmaq qərarına gəldik və çox keçmədi ki, Azərbaycan sərhədləri daxilində qadağa ilə üzləşdik.

Verilən məlumata görə, oktyabrın 8-dən saytımız Azərbaycanda heç bir provayder vasitəsilə açılmır. Saytda siyasi köşə yazıları, karikaturalar, fotolar, videolar və materialların varlığı görünür hakimiyyətdəki bəzi dairələri narahat etdiyinə görə
Sayt Azərbaycanda baş verən siyasi və ictimai proseslərə münasibətini öz satirik üslubu ilə bölüşür
qadağan olunub”.

Açıqlamada deyilir ki, hakimiyyət azadlıqdan və şəffaflıqdan danışırsa, təhqirə yol vermədən fəaliyyət göstərən satirik bloqa qadağa qoymamalıdır. Hakimiyyətin bloqlara və bloggerlərə qarşı qərəzi onu növbəti dəfə antibloq addımlar atmağa sövq edir”.

PROVAYDERİN BİR NEÇƏ SAATLIQ ARAŞDIRMASI VƏ...


“Eqreb.com”a biz də gün ərzində girə bilmədik, proxy saytların yardımı istisna olmaqla. Bu sayt yaradıcılarının dediyi kimi senzuradır, yoxsa mütəxəssislərin zəif də olsa ehtimal verdiyi texniki problemdir?

Azərbaycanda əsas internet provayderi – “Delta Telecom” milli telekommunikasiya operatoru ilə əlaqə yaratdıq. Problemi araşdırmaq üçün vaxt istədilər. Təxminən 2 saatdan sonra onlar sayta girə bildiklərini söylədilər. Amma bunun mümkün olmadığını söylədikdə yenidən araşdırma apardılar. Yenə 2 saatdan sonra bildirdilər ki, problem onlarla bağlı deyil. Həmin sayta hostinqi onlar verməyiblər deyə, problemin həllini başqa yerdə axtarmaq lazımdır.

MÜTƏXƏSSİS NİYƏ DANIŞMADI

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz isə sayt rəhbərliyi ilə danışmadan, bəzi məsələlərə aydınlıq gətirmədən şərh vermək istəmədi. Onun sözlərinə görə, bu, texniki problem də ola bilər, siyasi məsələ də...

“PROVAYDER ÖZBAŞINA EDƏ BİLMƏZ”


Emin Hüseynov
Amma Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov baş verənləri birmənalı şəkildə senzura adlandırır. O əvvəllər də bu cür tənqidçi saytların bağlandığını və ya bloklaşdırıldığını xatırladır:

“Hamıya məlumdur ki, Azərbaycan hökuməti tənqidə dözümlü yanaşmır. O cümlədən satirik yazarlara. Bunu gözləmək olardı. Əgər proxy serverdən bu sayta daxil olunursa, demək kimlərsə saytın qapadılmasına tapşırıq veriblər. Çünki provayderlər özbaşına bu işi görmürlər. Bu adamlar özlərini müdafiə etmək istəyirlərsə, məhkəməyə müraciət etsinlər”.

NAZİRLİK: “BİZ SENZURA QOYMURUQ”


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyir ki, bu məsələdən xəbərsizdirlər və ümumiyyətlə, nazirlik “Eqreb.com”la bağlı heç kimə göstəriş verməyib:

“Nazirlikdə bununla bağlı məlumatlı adam da yoxdur ki, kiməsə göstəriş də versin, qadağa qoysun. Heç bir senzura da yoxdur. Nazirlik bu məsələlərlə heç məşğul da olmur, yəni hansısa sayta qadağa qoysun, hansısa saytın işlərinə qarışsın. Belə məsələ yoxdur. Heç bir provayderə göstəriş də verməmişik”.

Emin Hüseynov əmindir ki, “Eqreb.com”a bloq qoyulmasında hakimiyyətin barmağı var və bu yolla mesaj verir ki, özünüzdən muğayat olun.

Sayt rəhbərliyi isə son hadisəni qarşıdan gələn parlament seçkiləri ilə bağlayır.
XS
SM
MD
LG