Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:15
Yaşar Abdullayev deməsinə görə «yüzbaşı»dır. O, İmişli rayon Qəhrəmanlı kəndində mühasib işləyir. Qəhrəmanlı kəndində 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin 47 saylı məntəqəsi yerləşir. Kənddə son məlumatlara görə, 981 seçici var.

Yaşar Abdullayev deyir ki, bu seçicilərdən 100-nü noyabrın 7-də keçiriləcək parlament seçkilərinə gətirməyi öz öhdəsinə götürüb. «Yüzbaşı» Yaşar Abdullayevlə söhbətimizi şərhsiz-flansız oxuculara çatdırırıq:

MƏNİM ÖZÜM «YÜZBAŞI»YAM…

- Mənim özüm «yüzbaşı»yam. Bu təşəbbüsü mənim yaşadığım məhəllənin sakinləri, qohum-əqrəba qaldırıb. Bir növ məni özlərinə başçı, «yüzbaşı» seçiblər. Beləcə mənim tabeçiliyimdə 100 seçici var. Onlardan 53 nəfəri kişidir, 47 nəfər qadındır. Onlardan bir nəfər ilk dəfə seçkilərdə iştirak edəcək. İki nəfər isə yenicə hərbi xidmətdən gəlib. İki nəfər seçicimiz isə ali məktəb tələbəsidir. İndi onlar bilinmir, orada səs verəcəklər, yoxsa gəlib burada səs verəcəklər? Bir nəfər seçicimizin isə yaşı 80-dən yuxarıdır. Onun hərəkət etməsində problem var. İndi baxacağıq o daşınan qutu üçün ərizəylə müraciət edəcək yoxsa yox?

- Yaşar müəllim seçkiyə qədər vəd verən çox olur. Necə bilirsiniz bu 100 nəfəri noyabrın 7-də seçkiyə gətirə biləcəksinizmi?

VAXTAŞIRI EVLƏRƏ GEDİRİK…

- Bəli, bəli…Bu barədə də söhbətlərimiz olur. Vaxtaşırı 3-3, 5-5 evlərə gedirik, seçicilərlə söhbətimiz olur. Ancaq hələ namizədlər də tam məlum deyil. Hələ təşviqat başlamayıb. İndi söhbət yalnız seçkinin vacibliyindən gedir. Namizədlər müəyyənləşəndən sonra biz də öz namizədimizi müəyyən edəcəyik. Hər kəs özü üçün müəyyənləşdirəcək. Heç kim-heç kimə deyə bilməz ki, kimə səs ver.

- Yaşar müəllim o məsul olduğunuz 100 seçicidən, hansısa seçkiyə gəlməsə onda ne edəcəksiz? Seçkidən sonra gedib soruşacaqsınızmı niyə seçkiyə gəlmədiniz?

- Yox, elə həmin gün onun arxasınca 3-4 adamımız gedəcək. Maraqlanacağıq, bəlkə xəstədir, ya ayrı problemi var. Lazım olacaq arxasınca daşınan qutu göndəriləcək. Ancaq indidən o işi aparırıq ki, hamı seçkiyə getməlidir.

- Yaşar müəllim, sizin kimi kənddə nə qədər «yüzbaşı» olar?

«HƏR MƏHƏLLƏNİN, HƏR TAYFANIN ÖZ «YÜZBAŞI»SI VAR»

- Hər məhəllənin, hər tayfanın öz «yüzbaşı»sı var. Ancaq dəqiq say bilmirəm.

- Bütün rayonda belədir?


- Demək olar. Son zamanlar artıq bu iş kampaniya halını almaqdadır. Elə məhəllə, elə tayfa var ki, orada heç 100 seçici yoxdur. Sadəcə adını belə qoymuşuq da. Yəni, bu seçicilərin öz təşəbbüsü ilə olur. Biz də seçkilərlə bağlı müəyyən təlimatları oxuyub seçiciləri məlumatlandırırıq. Azərbaycan gənc dövlətdir. Biz televiziyalardan görürük ki, böyük dövlətlər seçkilər zamanı necə təbliğatlar aparırlar. Namizəd özü nə cür kampaniyalar keçirir, nə cür görüşlər keçirir. Bunların hamısını danışıb, başa salırıq. Yəni ki, bizdə də ən çox seçki mədəniyyəti yüksəlməlidir. Azərbaycan da ön sıralara çıxmalıdır, bir gənc dövlət kimi.

- Yaşar müəllim müsahibəyə görə sağ olun.

- Siz də sağ olun.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG