Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:53
Azərbaycan cinsi bərabərsizliyə görə, Dünya İqtisadi Forumunun hesabatında 100-sü yeri tutub. Ötən illə müqayisədə ölkə 11 pillə aşağı düşüb. Azərbaycanın 2007 və 2008-ci illərdə göstəricisi isə bu illə müqayisədə daha yaxşı olub, məsələn, 2007-ci ildə 59-cu yerdə qərarlaşıb.

2010-cu ildə müxtəlif ölkələrdə cinsi bərabərliyin vəziyyətini qiymətləndirərkən Dünya İqtisadi Forumunun ekspertləri dörd göstəricini əsas götürüblər – iqtisadi həyatda iştirak və xidmətdə irəliləyiş, təhsil alma, siyasətdə təmsil olunma, sağlamlıq vəziyyəti.

Hesabata görə, İslandiya cinsi bərabərliyin ən çox qorunduğu ölkədir. Bu ölkə reytinq cədvəlində artıq ikinci ildir 1-ci yeri tutur. 2-ci yerdə Norveç, 3-cü yerdə Finlandiya gəlir.

Qonşu Ermənistan və Gürcüstan isə builki cədvəldə əvvəlki illərdə olduğu kimi, yenə də Azərbaycandan öndə yer tutublar. Ermənistan 84, Gürcüstan isə 88-ci yerdədir.

AZƏRBAYCAN NİYƏ 41 PİLLƏ GERİLƏYİB?

Son üç ildə Azərbaycan niyə 41 pillə aşağı düşüb? Vəziyyəti mənfiliyə doğru aparan amillər hansılardır?

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova hesab edir ki, qadının cəmiyyətdəki roluna hələ də patriarxal təsəvvürlərin qalması və bu təsəvvürlərin dağılması üçün real işlərin görülməməsi Azərbaycanı 100-cü yerə çıxarıb. Onun fikrincə, yeni qəbul olunan «Kişi və qadın bərabərliyi haqqında» qanun elə kağız üstündəcə qalıb:

- Əgər biz istəyiriksə, bu qanun işləsin, gərək hansısa təsir mexanizmi olsun. Orda iş yerlərində cinsi hərəkətlərə təhrik etmənin qadağa olunduğu göstərilib, amma cəzası nədir, indiyə kimi bilinmir. Qəzetlərdə elanlar gedir ki, yaşı filan olsun, gözəl olsun və s. Bu cür elan müəllifləri məsuliyyətə cəlb edilmir.

Təhsil sahəsində çalışanların 80 faizi qadın olsa da, təhsili idarə edənlərin 70 faizi kişilərdir. Bu nəticəyə keçirdikləri sorğudan sonra gələn Mətanət Əzizova əlavə edir ki, hətta məktəblərdə kişi müəllimləri qadın həmkarlarına nisbətən daha çox maaş alırlar.

KİŞİ AİLƏ DOLANDIRIR, BƏS QADIN?

Bakı məktəblərinin birində çalışan Sara Məmmədova cinsi ayrı-seçkiliklə üzləşdiyini deyir, belə ki, dərs saatları bölünəndə kişi müəllimlərə daha çox dərs verilir və soruşanda səbəbi ona bu cür izah edilir:

- Bizə deyirlər ki, onlar ailə başçısıdırlar, ailə dolandırırlar. Gərək onlar artıq alsınlar. Amma boşanıb iki uşağına özü baxan qadınlara belə bunu aid eləmirlər.

- Şikayət eləmisizmi bu cür ayrı-seçkilikdən?

- Yox, əgər direktor deyirsə ki, özüm bilərəm, dərs saatını necə bölürəm, deməli, nəyəsə arxalanıb belə deyir. Qorxuram ki, şikayət eləsəm, məni incidələr.

“QIZLAR EV İŞLƏRİ İLƏ MƏŞĞUL OLSUNLAR”

TQDK-nın araşdırması nəyi üzə çıxarıb?
Azərbaycanda qadınların təhsilə əlçatımlılığında da diskriminasiya var. Elə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ötənilki araşdırmasından sonra bu nəticəyə gəlinib ki, ailələrdə “oğlanlar ailənin gələcək çörək qazananları olduğuna görə onların ali təhsil alması daha vacibdir, qızlar isə ev işləri və ailə həyatı ilə məşğul olmalıdır” kimi stereotiplər hələ də qalır və bu da qadınların təhsildə uğur qazanmasına mane olur.

Millət vəkili Jalə Əliyeva isə hesab edir ki, bəzi hallarda erkən nikahlar qızları təhsildən uzaq salır, amma onun fikrincə, Azərbaycanın 134 ölkə arasında 100-cü yerə layiq görülməsi birtərəfli yanaşmanın nəticəsidir:

- Qadınların ictimai-siyasi həyatda rolu artıb. Elə bələdiyyə seçkisində qadınların iştirakı birdən-birə 7 dəfə artdı. Parlament seçkisində də namizədlərin arasında qadınlar çoxdur.

Amma Dünya İqtisad Forumunun hesabatında qadınların siyasətdə iştirak göstəricisinə görə Azərbaycan 113-cü yerdə qərarlaşıb.

Şərhləri göstər

XS
SM
MD
LG