Keçid linkləri

Təcili xəbərlər

İran indi nə istəyir?


Düşüncələrim yasaq, duyğularım yasaq, keçmişimdən söz açmağım yasaq, gələcəyimdən danışmağım yasaq... Bəli, sətirlər cənublu şair Səhəndindir.

Hər dəfə İran haqqında nəsə yazanda və yaxud deyəndə adamın yadına bu sətirlər düşür. Bu da İranın rejiminin, necə deyərlər, «vizit kartı»dır. Maraqlıdır ki, viza rejimini aradan qaldıran İran digər yasaqları, ən başlıcası isə dil yasağını hələ aradan qaldırmayıb – görünür, bu, İran rejimi üçün hələ iqtisadi dividentlər gətirmir.

Bu dünyada yaxşı və pis mənada təqdimata ehtiyacı olmayan ölkələr var. İran ikincilərə aiddir. Bu ölkədə qısamüddətli elmi ezamiyyətdə olan azərbaycanlı alim onu «kabuslar ölkəsi» adlandırmış, maraqlı detala diqqət çəkmişdi – şəhərə çıxanda qara çadralar əsl kabuslar kimi sayrışır.

«ELƏ ETMƏ Kİ, SƏNİ YENİDƏN İRANA QAYTARAQ»

İndi İran ətrafında cərəyan edən proseslər hamıya məlumdur, lakin İranın Azərbaycan ətrafında toxuduğu torlar isə heç də çoxuna məlum deyil. Azərbaycanda müstəqillikdən dəm vurmağı sevirlər. Fəqət, İranın məmurları azərbaycanlı alimə «Elə etmə ki, səni yenidən İrana qaytaraq» - deməkdən çəkinmirlər. İran təyyarələri və gəmiləri Azərbaycanın hava və su sərhədlərini pozmaqdan ehtiyat etmirlər. İran Xəzər dənizindəki neft və qaz yataqlarının istismarının qarşısını almağı özü üçün elə bir qüsur hesab etmir.

İran Azərbaycanın xarici və təhlükəsizlik siyasətinə bəzi «korrektələr» etməyi özünə asanlıqla rəva görə bilir. Beləcə, «siyahı»nı davam etdirmək olar. Amma məsələ bunda deyil, ondadır ki, indi bölgədə İranın diplomatik fəallığı müşahidə olunur.

Ermənistan prezidenti Serj Sarkisyan və İran parlamentinin spikeri Əli Laricani - Yerevan, 9 oktyabr 2010
İran Məclisinin sədri Yerevana səfər edir və orada Qarabağ problemini «müzakirə» edir. İranın müdafiə naziri Bakıya təşrif buyurur. Dekabrda isə dünya siyasəti baxımından ən çox maraq kəsb edən hadisələrdən birinin baş verəcəyi gözlənilir – İran prezidenti Bakıya səfər edəcək. İndi İran yenə də Qarabağ problemində öz vasitəçiliyini təklif edir. Bu, görən, yenilikdir, yoxsa artıq «tapdanmış cığır»dır?

92-Cİ İLİN DƏRSLƏRİ


İran Qarabağ problemində artıq bir dəfə öz vasitəçiliyini sınayıb. Bu, 1992 –ci ildə olmuşdu. O vaxt Azərbaycan və Ermənistan rəhbərliyi İranın vasitəçi missiyasını, necə deyərlər, yoxlamaq qərarına gəlmişdilər. Üstündən heç bir həftə keçmədi ki, Şuşa işğal olundu. İranın vasitəçilik cəhdi bununla bitdi.

Çox qəribədir. İran yenidən Qarabağ problemində vasitəçiliyə niyə belə cəhd edir? Türkiyə də Minsk Qrupunun həmsədri deyil. Amma Azərbaycana hər cür yardım etməyə hazırdır və edir də. Bunu təkrar etmək İran üçün niyə müşkülə çevrilib. İran niyə Türkiyə kimi hərəkət edə bilməz? Maraq doğuran sual da elə budur. Məsələ bundadır ki, İranı nə konfliktin həlli, nə də qonşu ölkənin problemləri düşündürür, o, daha çox dünya siyasətinə «vizit kartı» almağa çalışır.

Amma Azərbaycan hətta buna razılıq versə belə hansı ölkə İranla bir stol arxasında əyləşəcək? Kim onun vasitəçilik missiyasını ciddi qəbul edəcək və ona hörmətlə yanaşacaq?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG