Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:43

Samir Belil "Torpaqda gizlənən sevda" (Hekayə)


Samir Belil
Samir Belil
Torpaqlarımızı qaytaraq!
bir xardal şirkətinin devizindən

Hakimin məhkəmə prosesini on gün müddətinə təxirə salındığını elan etməsi məhkəmə zalında əməlli-başlı qiyamət qopartdı.

Onsuz da, məhkəmə başlayandan gərilmiş əsəblərin partlamasına bayaqdan bir qığılcım lazım idi.

İndi də, hərəsində azı 6 nəfər adam olan hər iki qütbdə - şikayətçi və cavavdeh tərəfdə, səsi yetdikcə bağırmayan, get-gedə ağırlaşan söyüş söyməyən, amansız lənət yağdırmayan, ağlayıb sızıldamayan və ürəyi getməyə hazırlaşmayan kimisə görmək çətin olardı.

Hakim tələm-tələsik, əsəbi və bir az da qorxmuş halda kürsüdən qalxıb, bir an öncə zalı tərk etdi.

Məhkəmə iştirakçıları buna görə hakimə təpindilərsə də, onun artıq zalı tərk etməsini görüb, daha bir söz demədən, öz aralarındakı qovğaya davam etdilər.

Prosesin başlanğıcında zalda nəzarətçilərin sayı iki nəfər olsa da, baş nəzarətçi getdikcə onların sayını altıya çatdırmağa məcbur olmuşdu.

Məhkəmə başlayandan, gah biri-biriləri ilə, gah da nəzarətçilərlə söz atışmasına çıxan iştirakçıları nə nəzarətçilərin özləri, nə də hakim sakitləşdirə bilirdi. Hakim prosesi təxirə salmaqla, qızışmış kütlədən yaxasını qurtara bilmişdisə də, baş nəzarətçi altı nəfərlə hələ də onları dindirə bilmirdi.

Məhkəmədə əsl mərəkə yaşanırdı.

Kağızlar, su qabları havada uçuşurdu.

Kimin əlinə nə keçirdisə, kimə gəldi tuşlayırdı.

Sərkələfi əldən vermiş adamlardan kimi birisini didmək, parçalamaqla hədələyir, kimi də bir başqasına bu dəqiqə qanına qəltan edəcəyi ilə xəbərdarlıq edirdi.

Bütün dəyərlər də kağız kimi havada uçuşurdu:

Cavan yaşlını söyür, yaşlı da cavanı qarğıyır; bir gəlin saçları ağarmış, üzü qırışmış bir arvadın üstünə hücum çəkir; iki kök əndamlı, həmyaşıd qadın biri-birilərinə “şortu”, “ləçər” kimi sözlər yağdırır; keçəl və hündürboylu bir gənc əlli yaşlarında bir kişini cinsi zorakılıq edəcəyi ilə hədələyir; qucağında körpə uşağı heç cür sakitləşdirə bilməyən sarışın bir qadın arada bir vaxt tapıb bir qadına tezliklə onun üç yaşlı yeganə balasından çəkəcəyi günü tez görmək arzularını əyan edir; bir gənc digər bir gəncə tez-tez Tibilisi prospektində işlədiyini onun özünə xatırladır; eni ilə uzunluğu biri-birinə düz mütənasib olan, üzündən evdə qalmış qıza oxşayan birisi arıq, uzun bir oğlana nişanlısını küçələrdən yığmağı tövsiyə edir; qalustuklu bir kişi öz tipindən olan qarşı tərəfdəki bir kişiyə oğlunu hərbi xidmətdən saxta yolla yayındırdığından xəbərdar olduğunu yadına salıb, bu barədə hüquq-mühafizə orqanlarına hər an məlumat verə biləcəyini onun nəzərinə çatdırır; iki ağ saqqal kişi,biri-birilərinə saç-saqqala hörmət etməyi məsləhət görür və s....
Azğınlaşmış kütlənin arasında başını itirmiş baş nəzarətçi, digərlərinin köməyi ilə onları ayırıb sakitləşdirə bilmədisə də, çox zəhmətdən sonra onları məhkəmə binasından qapıdişarı edə bildi.

Dalaşanlar bir az yorulmuşdularsa da, bu savaşı küçədə davam etdirib, camaatı başlarına yığmağa onlara mane deyildi.

Burada da həmin söyüşlər, qarğışlar, hədyanlar, xəbərdarlıq və tövsiyələr davam etdi.

Nisbətən yaşlı olanların səsi güclə çıxsa da, gənclər tempin düşməsinə imkan vermirdilər.

Beləliklə, bu minvalla savaşanlar, onları dövrəyə alan seyircilərə qarışaraq, asta –asta dağlışmağa başladılar.

Oxucunun gülə-gülə, ya da ikrahla mütaliə etdiyi bu hadisə şəhər məhkəmələrinin birində,özü də may ayının səkkizi uzaq qohum, amma iki qapıbir qonşu ailəsinin arasındakı uzun zamandı davam edən çəkişmədən bir epizod idi.

Hər şeyə baiskar, məhəllədə yaşayan yaramaz uşaqlar və bir də hökümət oldu.

Yoxsa ki, uzun zamandı bu canbir, dilbir iki qonşu şən, mehriban ömür və qonşuluq sürürdülər.

Gediş-gəlişləri də sıx idi, aralarında heç vaxt nə isə bir narazılığa səbəb olacaq bir şey olmamışdı.

Hətta bir dəfə, ötən illərin birində, mayın 17-si, ailələrdən birinin ortancıl qızlarının ad günündə yığılışıb Qubaya istirahətə gedib, xoş bir gün də keçirə bilmişdilər.

Bayaq oxucunun da rast gəldiyi 3 yaşında uşağı olan sarışın qadının ad günü idi həmin o gün.

Mehriban qonşuluqdan ləzzət ala-ala birgə yaşayırdı bu iki ailə, ta bir vaxta kimi ki,uşaqlar və hökumət bir neçə təşəbbüs həyata keçirtdilər.

Indi biri-birilərini vurub öldürməyə bir şey qalmamış bu davalarına səbəb, iki qonşu evlərin arasında sahəsi yarım sotdan da az olan bir zibilliyin uşaqlar tərəfindən təmizlənib, futbol meydançası vəziyyətinə gətirdikləri baxımsız torpaq sahəsi oldu.

Bura həm zibillik, həm də elektrik dirəyinin düşdüyü yer olduğu üçün bu vaxta qədər heç kimə lazım deyildi və yada da düşmürdü.

Bir vaxta kimi ki, uşaqlar özləri min bir zəhmətlə buranı daş-kəsəkdən təmizləyib, özlərinə futbol meydançası düzəltmişdilər.

Hələ elektrik dirəyini də qapı kimi istifadə edirdilər.Bir neçə aydan sonra elektrik dirəyi də burdan çıxarıldı.

Bir az da genişləndi, bu genişliyə icra hakimiyyətin yolu genişləndimək üçün yol qırağındakı ticarət obyektlərini sökməsi daha da qol-qanad verdi.

İndi bir səfdə olan meydança və sağ-solundakı evlər birbaşa yola açılırdı.Və bu hazır sərvət, gediləsi çətin və uzun yol olan torpaq davasına səbəb olmuşdu.

Bu çəkişmənin əsas aparıcıları, məhkəmədə qarşılaşan qalustuklu iki kişi idi.

Eyni yaşda və ayrı-ayrı məsləkdən olan bu iki kişi ailə başçısı idilər.

Torpağın taliblərindən biri hərbi müəllim, digəri isə kapitan rütbəsindən uzağa gedə bilməyən zabit idi.

Kapitan ordudan tərxis edilmişdi.

Amansız tale onları Qarabağ müharibəsində çiyin-çiyinə döyüşməyi qismət etməmişdisə də, paytaxtda, arxa cəbhədə torpaq uğrunda üz-üzə qoymaqdan güzəştə getməmişdi!

Bir vaxtlar gözdən iraq, zir-zibilli və elektrik dirəyi sahəsi olan torpaq bunların hər ikisi üçün Füzuli və ya Ağdamın çölləri kimi, yararsız bir şey idi.

Həm də elektrik dirəyi olduğu üçün bura bir az baş ağrısı ola bilərdi.Ona görə də, zəhmət və sərmayə tələb etdiyindən bura onlara əlverişsiz idi.

Heç birinin bu sahəyə pəncərəsi açılmırdı.

Təkcə, oğlunu əsgərlikdən saxta yolla saxlatdırmaqda ittiham olunan kişinin evindən, hamamın yaxud da yandamın bura açılan kiçik nəfəsliyindən başqa.

Sonralar kişi elə bu elementi, özünün torpağa sahib çıxmaqda daha cox haqlı olmasına dəlil hesab edirdi.

Bir zamanki gəldi, hər ikisinin gözü bu torpağa eyni vaxta düşdü.

Amma, uşaqlar buranı təmizləyib qismən yararlı hala saldıqdan sonra əmələ gələn bu sevda hələki ikisinin də ürəyində gizlənən bir eşq idi.

Biri-birilərinin buranı mənimsəmək niyyətlərindən xəbərdar olsalar da, bunu hələ aşkara çıxartmağa lüzum görmürdülər.

Hələlik, ikisi də gözləmə mövqeyində durmağa üstünlük verirdilər.

Hərdən bir-birilərinin ağızından söz də alırdılar.

Nə vaxtki görüşdülər,uşaqların səs-küyünün daha dözülməzliyindən söhbət açırdılar.

Əlbəttə, ikisidə bilirdi ki, burda ağızaramasından başqa bir niyyət yoxdur.

Dirəyin burdan çıxarılması və qabağındaki tikililərin sökülməsindən sonra isə bu artıq qeyrət və şərəf məsələsinə keçdi.

Torpağı müdafiəetmə və ölüm-dirim məsələsi bu vaxtdan açıq şəkil almağa başlamışdı.

Hər iki tərəf buranı öz həyətlərinin ayrılmaz tərkib hissəsi elan etdi.

İllər boyu məsləklərindən topladıqları təcrübə və biliklər, məsələyə peşəkarcasına yanaşmaqda hərəyə bir üstünluk verirdi.

Hərə torpağa sahib olmaqda özünü daha çox haqlı bilməkdə israr edib durmaqla, heç bir yolla, bir qarışda olsa, güzəştə getməyəcəklərini dəfələrlə biri-birilərinə təkrar etmişdilər.

Gizli mübarizə o zaman ciddi və açıq şəkil aldı ki, hərbi müəllim daha çevik tərpənib, bir gün gecəyarı bir neçə nəfər fəhlə ilə tələm-tələsik buranın küçəyə açılan hisəsini iki metrə hündürlüyündə, sahənin arxa tərəfi onun həyətinə düşdüyündən heç bir giriş-çıxış qoymadan daşla hasarladı.

Və əlbəttə, səhər açılınca yan qonşunun buranın hasarlandığını görüncə nələrin baş verdiyini təsvir etməyə oxucunun o qədər də ehtiyacı yoxdu.

Çəkişmədən artıq bir epizodla tanış olan oxucu, məsələnin necə başlandığını asan təsəvvür edə bilər.

Təkcə onu qeyd etmək yerinə düşər ki, buranın çəpərləndiyini görən zabit, çəpəri dağıtmaq üçün çiyni ilə qədər vurmuşdu ki, həmin nahiyədən ciddi xəsarət almışdı.

Zabitin hasarı vurub uçurtmağı,vaxtı ilə almanların Berlin divarını uçurtması kimi bir şey idi, hələ zabit almanlara baxanda, daha qəzəbli idi.

Bu səhər baş verənlər heç də,məhkəmə salonunda yaşananlardan fərqli və yumşaq deyil idi.

Burada da, qəbul edilmiş dəyərlər və etikadansa,insanlar arasında mülkiyyəti əldə etmək və qorumaq kimi məxsusi hislər hökm sürürdü.

Ortalıq bir neçə saniyənin içində qızışıb əlbəyaxaya kimi gəlib çıxdı.

Zatən ortalığı dava həddinə çatdırmaq üçün əlavə söz və hərəkətlərə ehtiyac belə yox idi.

Onsuz da, hər iki ailə,çoxdan mübahisənin bu səviyyəsinə hamilə idilər.

Adamlar biri-birilərinə qarışsa da,kimin kimlə döyüşməyi əvvəldən bölünmüşdü sanki.

Cavanlar biri-birilərinin üzərinə kürd terrorçuları ilə vuruşan türk əsgərləri kimi pələng qəzəbi ilə hücum çəkir, kişilər ağıza və ağıla gələn bütün söyüşləri Azərbaycan və rus dillərində tələffüz edir, qadınların saçları toyuq tükü kimi havada uçuşur, gənclər İsrail əsgərlərini daş-qalaq edən fələstinlilər kimi əllərinə keçəni bir-birilərinə vıyıldadırdılar.

Ortalıqda elə dava-dalaş var idi ki, baxan elə guman edərdi hər iki tərəf buna ciddi şəkildə, xeyli vaxt hazırlıq keçiblər.

Təbii ki,psixoloji hazırlıqdan başqa heç bir təlimdən söhbət gedə bilməzdi.

Bu əlbəttə ki,tərbiyənin onlara aşıladığı güclü və barışmaz özəmlakın müdafiəetmə hissindən başqa bir şey deyildi.

Ağır zəhmətdən sonra hücum çəkən tərəf hasarı yarıya kimi dağıda bilmişdi. Bir neçə yerdə qan ləkələri görünürdü.

Arvadlardan biri zəlzələdən ya vəlvələdən yıxılıb yerdə qalmışdı.

Gənclər söhbəti “çürütmək”üçün harasa əkilmişdilər.

Qonşuların müdaxiləsi ilə çarpışma durdurulmuşdusa da, qapılarına çəkimiş kişilər və qadınlar arabir söyüş və lənət yağdırırdılar.

Beləcə,bu səhər özülü qoyulan torpaq mübahisəsi uzun zaman davam etdi.

Bir qarış torpaq üstundə hələ öz aralarında bir birilərini ölüb-öldürməyə çıxan eyni şəhərin sakinlərinin lazım gələrsə hər an öz torpağı düşməndən nece mərdlilkə müdafiə edə biləcəyi yol çəkilişində çalışan, mat-mat baş verənlərə tamaşa edən milliyyətcə pakistanlı fəhlələri heyran qoyurdu!

Yol çəkilişində çalışan fəhlələr aralarında uzun-uzadı davadan aldıqları ləzzətin təəssüratlarını bölüşürdülər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG