Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:06
O, 23 ildir narkotik istifadəçisidir, 15 ildir Qazanılmış İmmun Çatışmazlığı Sindromu –el arasında daha çox SPİD adlandırılan, QİÇS xəstəliyindən əziyyət çəkir. Onunla narkotik istifadəçilərinin toplaşdığı bir məkanda görüşdüm. Qaranlıq və tüstülü otaqlar, qeyri-adi bir qoxusu olan bu məkan və burada olan insanlar...Sanki onların başqa bir dünyası var. Peşman və şübhəli baxışlarla dolu olan qaranlıq bir dünya.

Çox keçmir ki, 3 uşaq atası olan həmsöhbətimlə müsahibəyə başlayırıq. O, adının gizli saxlanması şərti ilə razılaşır. Deyir ki, özünə görə yox, ailəsinə görə tanınmasını istəmir. Özünün və ailəsinin başına gələnləri danışmaqda isə bir məqsədi var. Gəncləri məlumatlandırmaq:

«BİZ BİLMİRDİK Kİ, İYNƏDƏ XƏSTƏLİK OLA BİLƏR…»

«Bizim müxtəlif xəstəliklərə necə yoluxulduğu barədə heç bir məlumatımız yox idi. Məsələn, QİÇS haqda heç eşitməmişdik. Narkotikdən istifadə edəndə venaya, damara vururuq. Məlumatın olmamağı da ona gətirib çıxarırdı ki, bir iynədən 5 nəfər, 10 nəfər, bəzən 100 nəfər də istifadə edirdi. Bizim üçün iynənin heç bir fərqi yox idi, su ilə yuyub, yenidən dəfələrlə istifadə edirdik. Biz bilmirdik ki, iynədə xəstəlik ola bilər, aramızda kimsə xəstə ola bilər və xəstəliyə belə asanlıqla yoluxmaq olar».

HƏYAT YOLDAŞINI DA QİÇS-Ə YOLUXDURUB…

43 yaşlı həmsöhbətim 16 il əvvəl ailə qurub. Həyat yoldaşından narkotikdən istifadə etdiyini uzun illər gizlədib. Amma Moskvada həbs olunduğu vaxt onun ailəsinə narkotikdən istifadə etdiyi məlum olub. Ailəsi üçün bu yeganə xəbər olmayıb. Həm də onun QİÇS xəstəsi olduğu bildirilib. Bundan sonra müayinədən keçən həyat yoldaşında da eyni xəstəlik aşkarlanıb…

Hər iki valideynin QİÇS xəstəsi olmasına baxmayaraq, onların 15 yaşlı oğlu və 14 yaşlı qızları sağlam doğulublar. Lakin 6 əvvəl doğulan oğlanlarının aqibəti məlum deyil. Uşağın analiz cavabları hələ açıqlanmayıb. Ümid və ümidsizliklə gözlənən analiz nəticələrinin açıqlanacağı gün bu ailə üçün həm yeni başlanğıc, həm də bir son ola bilər:

«BƏLKƏ DƏ YAŞAMADIM, DÖZƏ BİLMƏRƏM BUNA»

«Mənim iki uşağım şükür sağlamdır. Amma kiçik oğlumun xəstə olmağından qorxuram. Əgər o da xəstə çıxsa, bəlkə də yaşamadım, dözə bilmərəm buna...».

«Kiçik oğlumun xəstə olmağından qorxuram. Əgər o da xəstə çıxsa, bəlkə də yaşamadım...»
Gözləri dolur, qəhərdən sözünü davam etdirə bilmir. Bircə deyir ki, başlanğıcda zövq aldığı narkotikin sonradan belə ağır fəsadlarını, ən əsası arvadının daha sonra da oğlunun xəstəliyinə səbəb olmasını özünə bağışlamayacaq.

QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova deyir ki, Azərbaycanda olan bu tip xəstələrin 64 faizi narkotikdən istifadə zamanı virusa yoluxublar:

«1 iyul 2010-cu olan məlumata görə, ölkədə 2512 nəfər QİÇS-ə yoluxub, onlardan 2414 nəfəri Azərbaycan vətəndaşıdır. Azərbaycanda olan QİÇS-ə yoluxmuş qadınların əksəriyyəti bu virusa həyat yoldaşlarından yoluxub. 25 ailədə həm ata, həm ana, həm uşaq, bir ailədə ana və uşaq, 238 ailədə isə ata və ana QİÇS xəstəsi kimi qeydiyyata alınıb».

Həqiqət Qədirova deyir ki, Azərbaycanda QİÇS xəstələri Dünya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun müalicə olunur. Azərbaycanda 2006-cı ildən tətbiq olunan yeni müalicə Qlobal Fond tərəfindən maliyyələşdirilir:

AZƏRBAYCANDA 450 NƏFƏR QİÇS-DƏN MÜALİCƏ OLUNUR

«2010-cu ildən isə müalicəyə Səhiyyə Nazirliyi də qismən vəsait ayırıb. Bu müalicənin nəticəsidir ki, son üç ildə bu infeksiyadan dünyasını dəyişən insanların sayı azalır, vaxtında bu müalicəni qəbul edən insanların vəziyyəti yaxşılaşır, əmək fəaliyyəti artır. Artıq Azərbaycanda təxminən 450 nəfər bu müalicəni qəbul edir və müalicə olunurlar».

Zərərin Azaldılması Şəbəkəsinin apardığı araşdırmaların nəticələrinə görə, əgər narkotik istifadəçilərinin 60 faizi QİÇS-lə mübarizə proqramına cəlb olunarsa, ölkədə bu tip xəstələrin artım tempində kəskin fərq yaranar. Şəbəkənin icraçı katibi Rüfət Nəsibov QİÇS-lə mübarizə üçün narkotik istifadəçilərinin də bu proqramdan yararlanmağını zəruri hesab edir.

STATİSTİKADAN KƏNAR…

«Azərbaycanda rəsmi 23 min nəfər narkotik istifadəçiləri var. Amma bizim apardığımız tədqiqatın nəticələrinə görə, onların qeyri-rəsmi sayı 85 min nəfərdir. QİÇS-li xəstələrin 60 faizdən çoxu narkotik istifadəçisidir. QİÇS daşıyıcılarının hər birinin müalicəsinə il ərzində təxminən 2 min manat vəsait düşür».

Səhiyyə Nazirliyi 2008-2009-cu illərdə QİÇS-lə mübarizə sahəsinə 2 milyon 500 min dollar vəsait ayırıb. Qarşıdakı beş il ərzində Qlobal Fond QİÇS-lə mübarizə üçün 6 milyon 700 min dollar vəsait ayırıb.

Şərhləri göstər

XS
SM
MD
LG