Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:22
“Hər hansı bir gənc xaricdə təhsil alıb Vətənə dönürsə, özünü təsdiq etmək istəyirsə, ona mütləq dəstək olmaq lazımdır”.

Bu sözləri AzadlıqRadiosunun “İz” proqramına prodüser, rejissor, həm də aktyor Mahir Can As (Cananov) söylədi. Onun sözlərinə görə, adam təkbaşına heç nəyə qadir ola bilməz: “Xüsusən də, insanın fitrətində, xislətində o peşəyə sevgi varsa, genetikasında Allah vergisi varsa, bir az da elm, təhsil almaqla və əmək sərf etməklə kamil insan olmaq olar”.

İSTƏDİYİMİ ALA BİLMƏYƏCƏYƏM!

Mahirin dediyinə görə, İncəsənət İnstitutuna qəbul olunandan az sonra başa düşüb ki, istədiyini oradan ala bilməyəcək:

“Təhsilin səviyyəsi çox aşağıdır - çox-çox. Anladım ki, peşəkar rejissor olmaq üçün, nə vaxtsa Azərbaycanı bu sferada təmsil etmək üçün burdakı təhsil kifayət etməyəcək”.

NƏ ETMƏLİ?

Mahir ətrafındakı insanlara üz tutub. Onların içərisində Kamera Teatrının bədii rəhbəri, Mahirin kurs rəhbəri Cənnnət xanım Səlimova da varmış. Cənnət xanım dərs bitdikdən sonra evə dönməyib bu teatrda bir şey öyrənməyə çalışan gənc tələbəyə məsləhət görür ki, təhsilini xaricdə davam etdirsin.

MAHİR SANKT-PETERBURQA GEDİR

Dövlət Teatr Sənəti Akademiyasının teatr rejissorluğu fakültəsinə daxil olur, böyük ustadlardan dərs alır. Təhsilini tamamlayıb Bakıya dönür.

YENƏ MANEƏLƏR…

Mahirin bəxti gətirir. O öz həmfikirini tapır. Bu, “Artist” kino şirkətini yaradıcısı, rejissor Samir Qulamov idi: “Gördük fikirlərimiz üst-üstə düşür. Hətta bizə olan maneələr də oxşardır. Fikirləşdik ki, nəyə görə əl-ələ verib çalışmayaq?”.

Elə də edirlər.

YENİ SERİAL ÇƏKDİLƏR

20 hissəli serialın çəkilişlərini bitirdiklərini deyən Mahir Can As artıq səsləndirmə prosesində olduqlarını dedi: “Prodüserlikdən başqa həmin filmdə ilk dəfə olaraq baş rolun ifaçısı kimi çıxış edirəm”.

SERİAL ATILMIŞLARDAN BƏHS EDİR

Samir Qulamovun çox maraqlı bir mövzuya toxunduğunu qeyd edən Mahir Can As filmin atılmış Azərbaycan övladından bəhs etdiyini söylədi: “Rusiya mafiyası bu atılmış insanı - Aslan Qədirovu ələ keçirib öz ölkəsinə aparır. Onu killer kimi böyüdürlər. Bu adam soyuq, insanlardan uzaq bir həyat yaşayır. Qatil olur”.

GÜNLƏRİN BİR GÜNÜ…

Aslan Bakıya qayıdır. Təbii ki, şəhərin dəyişməsinə tamaşa etmək üçün yox - yeni qətl tapşırığı aldığı üçün:

“Bakıda təqib vaxtı qaçaraq təsadüfən kriminal verilişlər hazırlayan bir jurnalistin evinə girib gizlənməli olur”.

ASLAN AŞİQ OLUR…

Film qəhrəmanlarının demək olar ki, hamısının düşdüyü aqibəti Aslan da yaşayır. Evinə girməyə məcbur olduğu jurnalist xanıma aşiq olur: “Bu adam hiss edir ki, onun indiyənəcən yaşadığı ömür insana yaraşmayan imiş. Sən demə, ətrafda bir sevgi dünyası, insanlıq dünyası varmış. Aslan peşəsindən əl çəkmək istəyir. Bu da, təbii ki, mafiyanın xoşuna gəlmir. Onu aradan götürmək istəyirlər…”.

Mahir deyir ki, “əgər hər hansı birimiz öz övladımıza sahib çıxmarıqsa, özümüz-özümüzə sahib çıxmarıqsa, başqası bizə sahiblənib əlaltında saxlayarsa, son günümüz Aslan kimi olacaq. Ya kiminsə qapısında ölərik, ya kiminsə nökərinə çevrilərik. Odur ki, özümüz olmalıyıq!”.

- “Azərbaycan efir məkanında serial boşluğu var” deyən gənc rejissor bu aclığı, boşluğu necə doldurmaq istədi? Konkret nə təklif etdi?
- Azərbaycan serialı öz qəhrəmanını yaratmalıdır--fikri nə vaxt doğrula bilər?
- Ölkədə baş alıb gedən xarici seriallar axınına münasibəti necə oldu?
- Qatıldığı xarici teatr festivalına Mirzə Cəlilin “Ölülər” əsərini aparan Mahir Can As necə qarşılandı?
- “Niyə dünyada Hüseyn Cavidi, Almas İldırımı, Şəhriyarı tanımasınlar” - sualını verən qonağımız həmyaşıdlarına nə məsləhət gördü?
- Gənc rejissor daha hansı teatr festivallarında iştirak edib?

“İz”i bu səhifədən dinləyin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG