Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:17
Oktyabrın 11-də Bakıya gələn İranın müdafiə naziri Əhməd Vahidi azərbaycanlı həmkarı Səfər Əbiyevlə görüşüb. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, Səfər Əbiyev görüşdə Ermənistanın təcavüzkar siyasətinin regionda mövcud gərginliyin aradan qaldırılmasına imkan vermədiyini bildirib. O deyib ki, buna səbəb bəzi ölkələrin Ermənistanı təcavüzkar kimi tanımaması, bəzilərinin isə sözdə Azərbaycana dost və qardaş ölkə olduqlarını bəyan etsələr də, işğalçıya iqtisadi və hərbi yardım göstərmələridir.

SƏFƏR ƏBİYEV KİMƏ İŞARƏ VURUR?


Azərbaycanın müdafiə naziri bu fikirləri səsləndirərkən konkret ad çəkməsə də, ekspertlər söhbətin yalnız İran və Rusiyadan gedə biləcəyini deyirlər. Çünki onların fikrincə, bu region dövlətləri Ermənistana həm iqtisadi, həm də hərbi yardım göstərirlər. Hər ikisi də sözdə Azərbaycana dost, qardaş deyirlər. Ekspertlər indiki halda isə məhz İranın nəzərdə tutulduğunu istisna etmirlər.

Əgər doğrudan da belədirsə, niyə Səfər Əbiyev məhz indi bu cür bəyanat səsləndirir? Nədir buna səbəb?

Rasim Musabəyov
Politoloq Rasim Musabəyovun fikrincə, Səfər Əbiyevin belə danışması Azərbaycanın kifayət qədər gücləndiyindən xəbər verir. Davranışı ölkənin maraqlarına zidd olan dövlətlərə bunu çatdırmağın özü artıq bir göstəricidir.

Onun fikrincə, digər tərəfdən ola bilsin ki, İranın Azərbaycandan nəsə istədikləri var. Ancaq Rasim Musabəyov düşünür ki, hər şey qarşılıqlı olmalıdır:

“Ermənistana yardım etməsi fonunda İranın istəkləri qəbuledilməzdir. Ola bilsin ki, Azərbaycanın müdafiə naziri onlara “yox” deməyə əsas yaratmaq üçün İranın davranışı ilə bağlı müəyyən narazılıqlarını da bildirir”.

“İRAN AZƏRBAYCANLA HƏRBİ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRMƏK NİYYƏTİNDƏDİR”

Əhməd Vahidi Bakı aeroportunda jurnalistlərə açıqlamasında bildirib ki, İran Azərbaycanla hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir.

O, səfər zamanı ölkələr arasında ikitərəfli münasibətlər, regionda sülh və stabillik məsələlərinin müzakirə olunacağını, keçirəcəyi görüşlərdə, əsasən iki ölkənin hərbi potensiallarının araşdırılacağını deyib.

Rasim Musabəyov isə hesab edir ki, İranla Azərbaycanın yüksək səviyyədə hərbi əməkdaşlıq qurması inandırıcı deyil. Politoloq düşünmür ki, Azərbaycan İranın indiki vaxtında onun belə bir təklifini qəbul etsin.

“SƏFƏR ƏBİYEV AÇIQ DANIŞMALIYDI…”

Sülhəddin Əkbər
Milli Təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbərə görə də nazirin bəyanatında ilk növbədə Rusiya və İran nəzərdə tutulur. Ancaq o hesab edir ki, əgər söhbət hərbi-diplomatik demarşdan gedirsə, Səfər Əbiyev fikrini daha açıq deməli idi:

“Mənə elə gəlir ki, Səfər Əbiyev ikibaşlı davranıb. Çünki burada konkret ölkə adı çəkməyibdir. Qarşı tərəfdən qapalı görüşdə izahat istəniləndə böyük ehtimalla o İranı nəzərdə tutmadığını bildirəcək”.

Ehtimallarla danışmaq istəmədiyini desə də Sülhəddin Əkbər düşünür ki, Rusiyanın ardınca Azərbaycan da İranla məsafəli siyasət aparmaq xəttini tutmaq istəyir. Tədricən onun əsaslarını yaratmaq üçün də belə bir fikir səsləndirilə bilər.

“Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, Səfər Əbiyevin bu bəyanatının kökündə İranın artıq Azərbaycana qarşı təhdid siyasətinə keçməsi dayanır. Politoloq deyir ki, əsasən bu təhdidlər ABŞ-İran münasibətlərində olan gərginlik və bu vəziyyətdə Birləşmiş Ştatların Azərbaycandan gözləntilərindən irəli gəlir:

“Tehran çalışır ki, ABŞ-ın İrana yönəlik siyasətinə Azərbaycanın loyal münasibətinin qarşısını təzyiq yolu ilə alsın. Görünür, artıq rəsmi Bakı da bu cür təhdidlərin, təzyiqlərin İran tərəfindən sonsuzluğa qədər gedəcəyindən ehtiyatlanaraq artıq müəyyən mesajlar verməyə başlayıb. Müdafiə nazirinin bu bəyanatını da Azərbaycan-İran münasibətlərində yeni çalarların təzahürü kimi dəyərləndirmək olar”.

“BU ƏMƏKDAŞLIĞIN PERSPEKTİVİ YOXDUR…”

Ərəstun Oruclu
Ərəstun Oruclu da Azərbaycanla İranın hərbi əməkdaşlığının heç bir halda perspektivinə inanmır. Deyir ki, əgər Azərbaycan bu məsələdə seçim etmək istəsə, o ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını –yəni real olaraq Rusiyanı, ya da Türkiyəni və ABŞ-ı, yəni NATO-nu seçə bilər.

Ərəstun Oruclu düşünür ki, İranla hərbi əməkdaşlığa getməklə, həm Rusiya, həm də NATO tərəfdən təzyiqlərə məruz qalmaq olar. O, rəsmi Bakının belə bir addım atmasını güman etmir.

İranın müdafiə nazirinin Bakıya iki günlük səfəri Azərbaycanın müdafiə nazirinin dəvəti ilə gerçəkləşib.

İki ölkə hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş 2005-ci ildə imzalanıb.

MÖVZUNU BURADA MÜZAKİRƏ EDƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG