Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:14

Sərt qış, sərt cəzalar


Laçın rayonundan olan məcburi köçkün 83 yaşlı Rəqiyyə Şirinovanın nəvəsi Şəmşir Abbasov AzadlıqRadiosunun Qaynar xəttinə şikayət edib ki, nənəsinin evinə gedən qaz xətti kəsilib. Xətai Rayon Qaz İstismar İdarəsinin işçiləri xəbərdarlıq etmədən mənzili qazsız qoyublar: Məsələ aydınlaşdırarkən məlum olub ki, qaz xətti abonentin borcuna görə kəsilib. Şəmşir Abbasov deyir ki, nənəsi xəstə arvaddır və hazırda xəstəxanadadır. Heç evinə gedən qaz xəttinin kəsilməsindən də xəbəri yoxdur. Şəmşir Abbasov danışır:

«ƏVVƏL SAYĞACA GÖRƏ PUL VERMƏDİK DEYƏ KƏSDİLƏR»

«Keçən dəfə də kəsmişdilər, sayğaca görə pul istəmişdilər, demişdilər pul verin sayğac qoyaq. Biz üstünə düşdük ki, sayğac pulsuz quraşdırılmalıdır, birtəhər sayğacın pulsuz quraşdırılmasına nail ola bildik. İndisə deyirlər ki, 1 il ərzində 1000 kub qaz işlədilib. Bu arvad evdə olmayıb, xəstə olduğuna görə övladlarının evində qalır çox vaxt, sayğac o 1000 kubu hardan yazıb bilmirik. Deyirik də xeyri yoxdur, deyirlər sayğac yazıbsa ödəməlisiniz. Mənim evimdə 6 nəfər yaşayır, qazı da gen-bol işlədirik, ayda məcburi köçkün kimi bizə ayrılmış aylıq limiti çıxmaq şərtilə heç 30 manatı keçmir».

BİR OTAQLI EV, TƏK ADAM, BİR QAZ PLİTƏSİ VƏ 600 MANAT BORC


Birotaqlı mənzildə tək arvad hətta bütün ili evində yaşasaydı belə, bu qədər maye qaz işlətməsi mümkün deyildi. Ancaq deyiləni dinləyən kimdi, deyirlər sayğacda varsa ödənməlidir. Dərd orasındadır ki, gəlib qapını döysələr, xəbərdarlıq eləsələr, bu qədər borcun var, heç bunu da etməyiblər, lapdan gəlib xətti bağlayıb gediblər. Gedib deyirəm də, deyirlər rəis təzə gəlib, bizlik deyil. Hər dəfə qaz idarəsinə yeni rəis gələndə, gəlirlər bu arvadın evinin qazını kəsirlər gedirlər. O məhəllədə elə bircə bunun qazı kəsilir. Qaz işlətməyə-işlətməyə sayğacın 1000 kub yazması adama təsir edir».

«MƏNZİLDƏKİ QAZ CİHAZLARINA BAXIŞ KEÇİRƏRİK»
Anar Qasımov


Xətai rayon Qaz İstismar İdarəsinin kommersiya şöbəsinin rəis müavini Kamal Bəbirov məsələyə belə münasibət bildirir:

«Yəqin xəbəriniz var ki, məcburi köçkünlərə limit müəyyən edilib, limitdən artıq yandırılan qazın pulunu vətəndaş özü ödəməlidir. Onun evində sayğac var, o sayğacla müəyyən olunur ki, bu adamın evində nə qədər qaz yandırılıb. O evdə bir nəfər məcburi köçkün qeydiyyatdadır. Limitlə onun payına düşən hesabı «Qaçkınkom» ödəyir, limitdən artıq yandırılan qazın pulunu isə özü ödəməlidir.

- Abonent iddia edir ki, tək adamdır və 1 otaqlı evdə 1 il ərzində 1000 kub qaz istifadə etməsi mümkün deyil. Deməsinə görə, evində cəmi bir qaz cihazı var və bundan başqa ilin çox hissəsini övladlarının evində yaşayır. Ümumiyyətlə, onun evindəki qaz cihazlarına baxış keçirilibmi?

«Şəhid ailəsidir, 83 yaşı var, mən göstəriş vermişəm qaz xəttini birləşdirsinlər. Ancaq limitdən artıq yandırılan qaz ən azı hissə-hissə ödənməlidir. Ev nömrəsini verin, evdə olan vaxtı zəng eləyin, adam göndərək, getsin qaz cihazlarına baxış keçirsin».

TƏBİİ İNHİSARÇILIĞIN MƏNTİQİ NƏTİCƏSİ

Vəkil Anar Qasımov deyir ki, qanunvericilikdə borclu abonenti məhkəməyə verib borcu tələb etmək var, ancaq borca görə qaz xəttini kəsmək yoxdur.

«Əvvəla deyim ki, kommunal xidmətlə bağlı məsələ, qaz, işıq, su və sair təchizatı təbii inhisarlardır. Yəni bizim başqa alternativ seçmək hüququmuz yoxdur. Amma normalda bir neçə enerji təchizatı müəssisəsi, qaz təchizatı müəssisəsi olmalıdır ki, abonentin həmin müəssisələr arasında seçim etmək imkanı olmalıdır. Ona hansı müəssisənin xidmət şərtləri daha sərfəlidirsə, həmin müəssisə ilə müqavilə bağlamalıdır. Ancaq bizdə belə deyil və bunun da nəticəsində onlar istədikləri şərtləri abonentlərə diktə edirlər. Hətta əvvəlcədən hazırlanmış müqavilə blanklarına imza etdirirlər, əksər hallarda heç o müqavilənin bir nüsxəsini abonentə təqdim etmirlər. Təbii ki, bizim bu gün bu müqavilə şərtlərini müəyyən etmək imkanımız yoxdur.

QAZ XƏTTİNİ KƏSMƏK DAXİLİ TƏLİMATDIR, QANUN DEYİL

- Praktikada belə bir yanlış təcrübə var, bu yanlış təcrübənin də müəyyən qədər normativ bazası var ki, onların özlərinin daxili təlimatları, əmrləri ilə tənzimlənir bu. Kim qaz, işıq, su pulunu vaxtında ödəmirsə, onun evinə verilən qaz, işıq, su kəsilir. Bu, çox absurd bir təcrübədir. Əslində, abonent xidmət haqqını vaxtında ödəmirsə, müqavilə şərtlərinə əməl etmirsə, qarşı tərəfin hüququdur ki, abonenti məhkəməyə verib borcu məhkəmə yolu ilə tələb etsin. Əgər abonent hesab edirsə, onun üstünə tutaq ki, işlətdiyi qaza görə ödəməli olduğu borcdan artıq pul yazılıb, bu zaman həmin məsələni məhkəmədə mübahisələndirməlidir. Bu zaman onun mənzilinin qaz təchizatını dayandırmaq ümumiyyətlə absurddir. Çünki məsələ məhkəmədə mübahisələndirilir və nəticəsi hələ bəlli deyil. Bəlkə məhkəmə hesab edəcək ki, abonent haqlıdır».

«Qaynar xətt» verilişi evirdə səslənərkən Rəqiyyə Şirinovanın yaxın qohumları AzadlıqRadiosuna müraciət edərək bildirdilər ki, Xətai Rayon Qaz İstismar İdarəsi tərəfindən onun mənzilinin qaz təchizatı artıq bərpa edilib.

Buna da bax:

XS
SM
MD
LG