Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:37

Gömrükdə sürücülərdən pul yığan kimdir?


Naxçıvanda bəzi taksi sürücüləri AzadlıqRadiosuna deyiblər ki, Muxtar Respublika Nəqliyyat Nazirliyinin işçiləri gömrükdə onlardan pul yığır və bu, İranla həmsərhəd Culfa gömrük məntəqəsində baş verir.

Hər gün onlarla taksi Culfa gömrüyündən İrana, oradan da Biləsuvara keçərək Naxçıvandan Bakıya sərnişin daşıyır. Taksi sürücülərinin dediyinə görə, onlar İran ərazisində heç bir problemlə üzləşmirlər. Ancaq elə sərhəddəcə Naxçıvan Nəqliyyat Nazirliyinin işçiləri onları saxlayıb hər keçid üçün 15 manat pul tələb edirlər.

ADAMBAŞINA 15 MANAT, QƏBZ DƏ YOX


Sürücü Eldəniz Zeynalov bildirir ki, həmin pulun müqabilində sürücülərə qəbz deyil, ad və soyadları yazılan kağız verilir. Bu da Bakıdan Naxçıvana boş qayıtmaq istəməyən taksi sürücülərinə problem yaradır. Müştəri götürmək üçün avtovağzala gələn sürücülərə bu kağızın keçərsiz olduğu bildirilir:

“Naxçıvan gömrüyünü keçəndə adambaşına bizdən 15 manat pul alınır. Naxçıvanda pul almalarına baxmayaraq, Bakıda departament nömrəmizi açır. Deyirəm, Naxçıvanda departamentə o pulu verirəm, burada nəyə görə pul istəyirsiz? Deyir ki, Naxçıvanda verirsən, öz yerində, burada da verməlisən. Bakıda da o pulu bizdən istəyirlər.

“Ödənilən pulun məbləği göstərilmir orada”
Naxçıvanda deyirəm elə bir kağız verin ki, bizi Bakıda saxlayanda deyək ki, gəlin alın, biz vergimizi ödəyirik. Hər gömrükdən keçəndə 15 manat pul alırlar bizdən. Balaca bir kağız verir yerinə. Orada da yalnız ad və soyad yazılıb. Ödənilən pulun məbləği göstərilmir orada. Bu, həmin yolu işləyən bütün sürücülərə aiddir”.

“O HANSI “ŞOFER”Dİ, CANINI ALARIQ...””

Məsələ ilə bağlı Naxçıvan Nəqliyyat Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Zəngimizə cavab verən şəxs adını və soyadını bildirmək istəməsə də, özünü nazirliyin yetkilisi kimi təqdim etdi. Rəsmi bildirdi ki, sürücülərin ittihamı əsassızdır:

“Orada Nəqliyyat Nazirliyinin maşınlardan yığdığı vergi bir texniki müayinə puludur, bir də lisenziyadır. Yoldan gəlib-keçən deyəcək ki, min, yüz manat pul verirlər, bu o demək deyil ki, bu əsasdır. Hansı “şofer”di onun canını alarıq yalan desə”.

NAMİQ HƏSƏNOV: “ÖDƏNİŞ BİR YERDƏ OLMALIDIR”


Azərbaycan Nəqliyyat Nazirliyində katibliyin rəhbəri Namiq Həsənov isə deyilənlərə inanmadı.

Daha sonra əlavə etdi ki, Naxçıvan qeydiyyatında olan sürücülər yalnız bir yerdə ödəniş etməlidirlər, bu məbləğ təxminən 25-30 manat olmalıdır. Yəni sürücülər həmin məbləği sahibkarlıq fəaliyyəti üçün ödəməlidirlər.

Onlardan paytaxtda pul alına bilməz. Bakıda sürücülərdən yalnız bir halda pul istənə bilərdi, naxçıvanlı sürücülər paytaxtda da fəaliyyət göstərmək istəsəydilər:

Namiq Həsənov
“Ödəniş bir yerdə olmalıdır. Naxçıvana məxsus taksidirsə, orda verməlidirlər. Onlar sadəcə, Bakıya dəyib qayıdırlarsa, burda ödəniş olmamalıdır. Mən bu məsələni araşdırmalıyam.

Deyə bilmərəm, bəlkə kimsə vəzifəsindən sui-istifadə edib o pulu alır. Amma araşdırmamış bir söz deyə bilmərəm. Bəlkə elə Bakı qeydiyyatında olan taksilərdir, Naxçıvana gedib-gəlirlər?”.

Nazirliyin sözçüsü deyilənləri araşdırmaq üçün 30 dəqiqə vaxt istədi. Vaxt tamamda isə söylədi ki, deyilənlər yalandır. Amma bununla belə, naxçıvanlı sürücülərin onunla əlaqə yaratmasını istədi. Namiq Həsənovun iş telefonu 431-74- 37-dir.

“CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNMALIDILAR”


Hüquqşünas Müzəffər Baxışov isə bildirir ki, nəqliyyat işçilərinin gömrük ərazisində sürücülərdən qanunsuz pul yığması korrupsiya halıdır:

“Gömrük ərazisinə departament işçilərinin girməsi qanunsuzluqdur. Onlar gömrük işçilərinə maneçilik törədə bilərlər. Öz fərdi avtomobilləri ilə sahibkarlıq fəaliyyəti göstərən şəxslərdən Nəqliyyat Nazirliyinin “Avtoyolservis” MMC-nin əməkdaşları tərəfindən hər keçidə görə 15 manat pul alması qanunsuzluqdur və bu, bir daha korrupsiyanın olmasına dəlalət edir.

Müzəffər Baxışov
Bu şəxslərdən pul almaq və onlara heç bir müvafiq sənədlər təqdim etməmək sırf qanun pozuntusudur və bu şəxslər yol verdikləri qanun pozuntusuna görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

Hüquqşünas problemin qanunla tənzimlənən həlli yolunu da göstərdi.

Onun sözlərinə görə, kimsə öz fərdi avtomobili ilə sahibkarlıq fəaliyyətilə məşğul olmaq istəyirsə, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Avtoyolservis” MMC-nin hesabına təqribən aylıq 27 manat pul köçürməlidir və onlara müvafiq sənəd verilməlidir.

Həmin sənəd əsasında fərdi avtomobil ilə sahibkarlıq fəaliyyətilə məşğul olmaq olar.
XS
SM
MD
LG