Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:43
Cavid ZEYNALLI

Hamsun, Neruda və cənab Cəfərov

Belə-belə işlər. Bu günü çoxdan gözləyirdim, yazını yazmaq üçün yaman həvəsliyəm.

Ağappaq yalan olmasa, deyərəm ki, az qala min ildir, sərasər səbr edib hövsələ basıram.

Özünü Dədə Qorqud elan edəndən sonra gündə otuz üç dəfə qazaxlı damarı tutan dostum Mövlud başda olmaqla içi mən qarışıq “Gənc Ədiblər Məktəbi”nin bütün üzvləri Nizami Cəfərovla görüşmək arzusundaydılar. Gözü(n)müz aydın, arzumuz çin oldu!

Ondan başlayaq ki, Nizami müəllim Milli Kitabxananın qarşısına çatar-çatmaz bir “Kent 8” alışdırıb ciddi, zabitəli, bir az da qaşqabaqlı şəkildə bizləri seyr etməyə başladı. Mən Pablo Neruda və Knut Hamsunun siqaret yüklü, amma bir az həlim çöhrəli şəkillərini xatırladım.

Gözlərim məni aldatmayıbsa, onlar şəkildə bu qədər ciddi görünmürdülər. Darıxıb Rəşad Məcidi xəbər aldı.

Etibarlı mənbə “tıxaca düşüb, harda olsa gələcək” deyəndə Milli Kitabxananın direktoru Kərim Tahirov pilləkənlərin başında göründü. Xoşgəldin eləyib Nizami müəllimlə bərabər bizi də içəri dəvət etdi. Bu yerdə Alikin replikasını qulağım aldı:

– Uşaqlar gəlin, içəridə süfrə hazırdır.

Xeyli güldüm. Hamı yerini tutub gözlədi, ordan-burdan söhbət başladı: Milan Kunderadan, Monika Beluccidən, Avram Linkolndan, Dədə Ələsgərdən, Yuzarsifdən... Slavyan Universitetindəki Yaradıcılıq fakültəsinin dekanı Rüstəm Kamal tələbələrini yazıçı Boris Yevseyevin master-klass keçmək üçün təşrif gətirəcəyindən agah elədi... Nə Rəşad müəllim gəlib çıxdı, nə də Nizami Cəfərov onsuz bizimlə baş-başa qaldı. Elə bil and içmişdi. Ta saat 14-25 qədər...

Dostoyevskidən Əkrəm Əylisliyəcən

“Professor Nizami Cəfərov Milli Məclisin Mədəniyyət Komissiyasının və Atatürk Mərkəzinin sədri, millət vəkilidir. Yadımdadır ki, 80-ci illərdə Nizami müəllimin “Ədəbiyyat” qəzetində bir məqaləsi çıxmışdı. Həmin məqalə ciddi diskussiyalara yol açmışdı.

Hətta Yazıçılar Birliyinin plenumunda da məqalədə yer alan fikirlərin müzakirəsi keçirilmişdi. Bu o dövr üçün böyük hadisəydi...” Bu sözlər Rəşad Məcidin Nizami Cəfərov haqqında verdiyi məlumatın bir hissəsidir.

Xatirimdən çıxmamış, bir məsələni də yazım ki, Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşmaya əsasən “Gənc Ədiblər Məktəbi”nin tədbirləri indən sonra da davam edəcək. Sıralarımıza qatılmaq istəyənlər hər ayın birinci şənbə günü Milli Kitabxanaya təşrif buyura bilərlər.

Görüşümüzün ardınca dəyərli və sevgili Feyziyyə xanımın mərhum dostumuz Fərhad Metenin xatirəsinə həsr etdiyi filmin təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulmuşdu.

Yuxarıda yazdığımı təkrar edirəm: mən də Nizami müəllimlə görüşün marağındaydım.

Onun “525-ci qəzet”də dərc olunan silsilə məqalələrini oxuyandan sonra bu istəyim daha da artdı. Öyrəndim ki, həmin yazılar bir neçə gündən sonra kitab şəklində işıq üzü görəcək. Axarıncı olsun!

Kitabxananın direktoru Kərim Tahirov həmişəki canıyanan və şikayətçi səs ahəngində bizdən xeyli giley-güzar elədi.

Xatırlayırsınıza, əvvəlki yazılarda cənab Tahirovun kitabxananın hesabına bizim yazılarımızdan ibarət almanax çıxartmaq niyyəti haqqında məlumat vermişdim.

Verdiyi sözün üstündə durduğunu dönə-dönə vurğulayan direktor bizdən təcili yazı tələb etdi.

Hətta “Camaat dərc olunmağa yer tapmır, biz sizi dərc etmək istəyirik, tənbəllik edirsiniz” deməkdən də özünü saxlaya bilmədi. Düzdür, bizim dərc olunmaq kimi ümumbəşəri dərdimiz-filanımız yoxdur, amma hər halda bu diqqətə görə sizə təşəkkür edirik, sayğılı direktor!

Söz aldı, görək Nizami müəllim nə dedi. Dedi ki, ədəbiyyatçı həssas olmalıdır. Həssas adamın isə həyatda yaşaması çox çətindir.

Dedi ki, ədəbiyyatımız bəsit və birrənglidir, pedantlıq baş alıb gedir.

Müasir dövrdə yazılan nəsr əsərlərinin strukturu, modeli yoxdur. Nəsr anlayışı epos təfəkkürünə yaxındır, ona görə əsərdə epos mexanizmi olmalıdır.

Sağ cinahımda oturan Rüstəm Kamalın elə bil ürəyindən tikan çıxardılar: başını üç dəfə tərpədib, eşitdiklərini bittə-bittə təsdiqlədi.

Zalda milçək uçsaydı, vızıltısı eşidilərdi. Dostlarımızdan kim idisə, pəsdən dedi: “Nə maraqlı danışır”. O biri ona cavab verdi: “Dekan olub, auditoriyanın damarını tuta bilir”.

“Bizim ədəbiyyatımızda roman yazan çoxlu müəlliflər var: Əli Vəliyev, Əbülhəsən, Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Mirzə İbrahimov və sairə. Amma bunlar romandırmı?

Məsələn, mən düşünürəm ki, Əkrəm Əylislinin təfəkkürü povest yazmaqdan o tərəfə keçmir. Cümlələri, hadisələri bir-birinə calamaqla əsər yazmaq olmaz.

Nizami Cəfərov
O adam yazıçıdır ki, vahid, dağılmaz sxemi var. Bu keyfiyyətə yiyələnmək üçün ən böyük nümunə eposlardır. Bizdə Qoqol ənənəsi geniş yayılıb, amma Dostoyevski ənənəsi yoxdur.

Bilirsinizmi, ədəbiyyat hər şeylə məşğul ola bilər, pornoqrafik əsərlər də ədəbiyyatdır. Amma ciddi əsərlərin meydana çıxması kəşfdir. Ona görə belə hadisələrə hər vaxt təsadüf edilmir.”

Tütün ətirli zarafatlar

Bir vaxtlar məşhur bir müsahibəsində tanınmış şairlərdən Ramiz Rövşən, Zəlimxan Yaqub, Ələkbər Salahzadə haqqındakı açıqlamaları ilə gündəmi xeyli məşğul etmiş Nizami Cəfərov oxşar fikirləri təkrar səsləndirdi.

Məsələn, dedi ki, bizim estrada şeirinə ehtiyacımız var. Bir vaxtlar Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Sabir Rüstəmxanlı parklarda şeir axşamları keçirirdilər. Cavan oğlanlar, qızlar maraqlanıb həmin axşamlarda iştirak edirdilər.

Bu gün belə işlərə ehtiyac var. Romantikanın “oyundan uzaqlaşdırılıb küncə sıxışdırıldığı” müasir dünyada şeir gecələri ilə diqqət çəkmək, insanları təəccübləndirmək heç ağlabatan görünmür, hörmətli professor!


Şeirdən söz düşmüşkən, sizə nədən deyim, Nizami müəllimin şeir yazmağından. Məktəb illərində pis-yaxşı şeirlər yazırmış. Deyir, şairlərin şəxsiyyətinə böyük hörmətim vardı. Sonra ali məktəbə daxil olanda vəziyyət dəyişib.

Tale elə gətirib ki, pərəstiş etdiyi, şeirlərini əzbər bildiyi şairlərin tələbəsi olub. Görüb yox, vəziyyət başqa cürdür. Onlar bir-birindən siqaret istəyir, zarafatlaşırlar. Ürəyinin lap uzaq küncündən bir etiraz baş qaldırıb: “Ədəbiyyat sənin işin deyil, haydı, elm dalınca!” Bu yerdə Mövluddan bir sms aldım: “Siqaretin var? Çıxaq çöldə tüstülədək”.

Nizami müəllimdən qəribə və maraqlı bir açıqlama da gəldi: “Mənim üçün əsərin qiyməti populyar olması ilə əhəmiyyətlidir”. Misal kimi Zəlimxan Yaqubun yaradıcılığını göstərdi ki, mən onunla bəzən müxtəlif rayonlarda səfərdə olmuşam, Zəlimxan saatlarla şeir deyirdi,çıxış edirdi, insanlar doymurdular, ayrılmaq istəmirdilər.

Və xüsusi jestlə əlavə etdi: “Yazar məşhur olanda onun əsərlərini orta məktəb dərsliklərinə də daxil edə bilirik”.

Ortaya maraqlı sual çıxır. Bəs Çingiz Abdullayev? Düzdür, bunun cavabı hörmətli Nizami müəllimdən soruşuldu, amma mən yazmıram. Kimə maraqlıdırsa, özündən xəbər alsın.

Zatən hamı hər şeyi bilir

Kütləvi ədəbiyyat niyə yazılır? Onu oxumaq lazımdırmı? Qonağımız deyir, bir ədəbiyyat ki, metroda, avtobusda oxunsun ondan ədəbiyyat olar?

Bu sətirlərin müəllifi (ifadədən “Sovet kəndi” qəzetinin ətri gəlir) dilini dinc qoymayıb etiraz etdi: “Metroda dəfələrlə Dostoyevski, Tolstoy, Çexovun əsərlərini oxuyan adamlar görmüşəm.

Elə bir yazılmış, yazılmamış qanun, nəzəriyyə, qayda varmı ki, Dostoyevskinin metroda oxunmasını qadağan etsin? Yoxsa “Alçaldılmış və təhqir edilmiş adamlar”ı oxumaq üçün mütləq Peterburq mühiti tapmaq lazımdır?! Bəlkə orda Knyaz, Nataşa, Nelli, sələmçi qadın da olsun?!

Armudun ictimai əhəmiyyəti

Maraqlı əhvalatları ilə əvvəlki qonaqlarımızdan xeyli fərqləndi. Sözün əsl mənasında çox şey öyrəndik. Etiraz etdik, dartışdıq və xeyli güldük. Az qala zərb-məsələ çevrilən bəzi əhvalatları, istəyirəm, səninlə də bölüşüm, dəyərli oxucu!

...Vaqif Səmədoğlunu yeddi yaşında məktəbə aparırlar. Birinci gün dərs qurtaran kimi yolunu bazardan salır. Baxır ki, yaxşı yeməli armud satırlar. Əlifba kitabını satıb bir kilo armud alır. Birini yeyir, yerdə qalanını da evə gətirir. Vaqif müəllim bu əhvalatı məclislərdə tez-tez danışarmış.

Bir gün Mirzə İbrahimov ona deyir ki, Vaqif, bala, bu hadisəni hər yerdə danışma. Bunun heç bir ictimai əhəmiyyəti yoxdur.

İkincini də yazım, yekunlaşdıraq: “Günlərin bir günü Mehdi Hüseyn “Tərlan” romanını Səməd Vurğuna verir ki, oxu, bu yaxınlarda müzakirəsi olacaq. Əsərin Yazıçılar Birliyindəki müzakirəsində söz Səməd Vurğuna verilir. Səməd qağa hər şeydən danışır, əsərdən başqa. Axırda kitabı əlinə götürüb deyir:

– Yaxşı romandır. Amma kitabın üzündəki şəkili bəyənmədim. Tərlan gərək başında kəlayağı, özü də at belində olaydı.

Mehdi Hüseyn dözməyib dillənir.

– Səməd, əsəri oxumayıbsan.

Səməd qağa özünü o yerə qoymur.

– Diqqətlə oxumuşam.

– Oxusaydın bilərdin ki, Tərlan kişidir, qadın yox.

– Ay Mehdi, incimə, bir kişinin ki adı Tərlan ola, mən o əsəri niyə oxumalıyam?

P.S. Yazının adı ilə birbaşa bağlı olan qalstuk məsələsi haqqında Nizami müəllim “525-ci qəzet”in 25 sentyabr sayındakı məqaləsində ətraflı yazıb. Xəbəri olmayanlar, maraqlansalar, tapıb oxuya bilərlər!

(Yazını "Oxu zalı"na müəllif göndərib)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG