Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:29

Xəyyam Mirzəzadə: «Jurnalistlərin məsələsini qaldırmazdım...»


Xəyyam Mirzəzadə
Oktyabrın 5-də Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin 75 yaşı tamam oldu, prezident onu «Şərəf» ordeni ilə təltif etdi.

Bu iki səbəblə bağlı təbrik etdiyimiz bəstəkarla bir az musiqidən, bir az həyatdan, bir az da siyasətdən danışdıq.

- Xəyyam müəllim, təbriklər.

- Sağ olun.

- Prezident Sizi «Şərəf» ordeni ilə təltif etdi. Bu qiymətləndirmə ürəyinizcə oldumu?

- Dövlətin mənə verdiyi qiymət mənimlə hesablaşmasını göstərir. Dövlətin mənim əməyimə qiymət verməsi özü böyük şeydir. Ona görə də mən öz xalqıma, onu təmsil edən dövlətimə təşəkkürümü bildirməliyəm. Bu, hamıya qismət olmur. Sovet dönəmində mən orden-medal almamışam. Bu gün aldığım ikinci orden onu göstərir ki, bizim qurduğumuz bizim ölkəmizdir, bizim dövlətimizdir.

«NƏDƏNSƏ NARAZI, NƏDƏNSƏ RAZIYAM»

- «Bizim» dediyiniz ölkədə, dövlətdə nədən narazı, nədən razısız?

- Siz bilən bu boyda ölkədə (düzdür, respublikamız çox böyük deyil, balacadır) gərək hamı razılıq eləsin, hamı narazılıq eləsin? Yox. Bizim aramızda tənbəllər də var, işgüzarlar da var, istedadlı da, fitri qabiliyyəti olmayanlar da var. İnsanlar cürbəcürdür. Bu cürbəcür məsələsi də əsas məsələlərdəndir. Ona görə də nədənsə razıyam, nədənsə yox. Bu elə narazılıqdır ki, istəyirəm gələcəkdə işlər daha yaxşı olsun, daha da razı qalaq.

«MƏN AVANTÜRİST DEYİLƏM»

- Amma konkret demək istəmirsiz?

XƏYYAM MİRZƏZADƏ
  • 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.
    Xəyyam Mirzəzadə «Arxadan vurulan zərbə», «Yeddi oğul istərəm...», «Bağ mövsümü», «Güllələnmə təxirə salınır!...» və s. filmlərin musiqisinin bəstəkarıdır.
- Siz məni avantüraya çəkmək istəyirsız? Axı mən avantürist deyiləm. Yaxşı gün də olar, pis gün də. Qaşınmayan yerdən qan çıxarmaq olmaz...

- «Şərəf» ordenini Sizə prezident özü təqdim edəcək?

- Bilmirəm.

- Prezident özü təqdim etsəydi, onunla görüşdə hansı məsələni qaldırardız?

- Lazım bildiyim məsələni. Mənə aid olan məsələni.

- Bu musiqiyə aid məsələdir, yoxsa şəxsi məsələdir?

- Mənə aid olan məsələlər.

- Xəyyam müəllim, Azərbaycanın sayseçmə ziyalılarından birisiz, yəqin prezidentin yanında sözünüz keçər. Bəlkə hansısa ictimai əhəmiyyətli məsələni qaldıra bilərdiz?

- Bəlkə o problem o vaxtadək qaldırılacaq? O vaxt baxaram, görərəm. Nə lazım olsa edərəm.

«MƏN JURNALİSTLƏRİN MƏSƏLƏSİNİ QALDIRMAZDIM»

- Yüz ziyalı prezidentə müraciət etdi ki, həbsdəki jurnalisti və bloqqerləri azadlığa buraxsın. Siz bu məsələni qaldırardızmı?

- Mən qaldırmazdım. Gərək o problemin səbəblərini öyrənim. Bilmədiyim işə qarışa bilmərəm.

«O YALTAQLIQ MUSİQİSİDİR»

- Bir çoxları Azərbaycanın problemlərindən, dərdlərindən əsərlər yazır və ya yazdıqlarını deyirlər. Məsələn, 20 Yanvar, Xocalı hadisələri haqda. Siz də belə mövzulara toxunursuzmu?

- Mən Bakıya əsgərlərin gəlməyini, meyitlərin aparılmasını görmüşəm. Bunlar yaddaşda qalır və musiqidə onu yazırsan. Yoxsa ki, səhər durum pəncərəni açım ki, filan şeydən yazacam, mən onu edə bilmərəm. Bunu karyeristlər edirlər. Bir gün padşahdan yazırlar, bir gün rəiyyətdən yazırlar. Siz mənə deyə bilərsiz ki, hansı faciəyə həsr olunmuş əsər yaxşı çıxıb?.. O nəhni-nöhnü yazanlar ayrıdır. O, yaltaqlıq musiqisidir, o, ayrı şeydir...

«MƏNƏ BİR KƏND BAĞIŞLASINLAR»

- Xəyyam bəy...

- Mən bəy deyiləm. Bu, tituldur. Bəy olmaq üçün gərək Ali Məclis yığışıb mənə bəylik versin. Mənə sənəd versinlər, Azərbaycanın bir kəndini bağışlasınlar, onda olaram bəy. Mən professoram, mən müəlliməm, mən maestroyam, mən ağayam, torpağımın, malımın, ailəmin ağasıyam.

- 75 yaşlı bəstəkarın, yaradıcı insanın həyata baxışı necə olur?

- İnsan yaşa dolduqca kamilləşir, püxtələşir. Əgər ağlı yerindədirsə. Özünü düzgün aparmağı bilir, səhvlər yoxa çıxır. Musiqi yazmaq da belədir. Siz yaşlı bəstəkarın musiqisinə qulaq assanız musiqinin saflaşdığını görərsiz. Zir-zibildən təmizlənir. Mən ağıllı-başlı bəstəkarları deyirəm, nəhni-nöhnü yazanları demirəm. İndi hamı bəstəkardır. İndi yazanlar da avaralardır. Onlara dəstək verən də avara redaktorlar, bisavad idarə başçılarıdır. Onların arasında hətta nazirlər də var.

- Bu gün Azərbaycan musiqisi dünya səviyyəsinə çıxa bilirmi?

- Bizim musiqimiz dünyanın çox yerində səslənirsə, bu nə deməkdir?

- Bir-iki çıxışı, konserti demirəm.

- İtaliya musiqisi 250 ildir var. Bizsə o yolu 125 ilə gəlmişik, o səviyyəyə texniki cəhətdən indi çatmışıq. Mən həmişə deyirəm, bizim dünya səviyyəsində çıxışımız üç amillə bağlıdır. Birincisi Üzeyir Hacıbəylinin musiqisi, ikincisi rus mədəniyyətinin Azərbaycana gəlməsi, üçüncüsü Qara Qarayevlə Cövdət Hacıyevin Moskvada təhsil alıb Bakıda bəstəkarlıq məktəbini gücləndirməsidir. Görün, ondan sonra musiqimizdə nələr olub...

«GÖZLƏNTİM...»

- Həyatdan gözləntiniz nədir?


- Mənim? Heç nə. Allah nə verir onunla razılaşıram.

- Bu müsahibədən də razı qaldız?


- Heç fikir vermədim. Elə bil canlı adamla danışdım... Buyur. Sonra?

- Sonra can sağlığı.

- Minnətdaram. Sağ olun.

- Siz sağ olun!
XS
SM
MD
LG