Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:18

"Valyuta müharibəsi"


ABŞ israr edir ki, Çin hökuməti öz valyutası – yuanın kursunu sərbəst buraxsın

ABŞ israr edir ki, Çin hökuməti öz valyutası – yuanın kursunu sərbəst buraxsın

Dünya Bankı və BVF həftəsonu Vaşinqtonda illik toplantısını keçirəcək. Toplantıda ən başlıca məsələ valyuta kursu məsələləridir. Ekspertlər bu məsələnin bütün iri dövlətlərin arasını vurub, ticarət müharibəsi başlada biləcəyindən ehtiyatlanırlar.

Əsas savaş ABŞ-la Çin arasındadır. Özü də dollara görə yox, Çin yuanına görə. ABŞ israr edir ki, Çin hökuməti öz valyutası – yuanın kursunu sərbəst buraxsın. Ya da ən azından 20-40 faiz səviyyəsində bahalandırsın. Çünki istər amerikalılar, istərsə də avropalıların fikrincə, ucuz yuan Çinə ixracını süni şəkildə artırmaq imkanı verir, xarici kapital Çinə axır, investorlar burda zavodlar açır, Amerika və Avropadakı iş yerləri bağlanır.

ABŞ Maliyyə naziri Timoti Qaytner deyir ki, Çinin bu siyasəti bütün dünya iqtisadiyyatı üçün böyük təhlükədir. Artıq Braziliya, Hindistan, Yaponiya, Cənubi Koreya kimi dövlətlərə də pis nümunədir. İndi onlar da valyutasını ucuz tutub idxalı azaltmaqla və ixracı artırmaqla daha çox qazanmaq yolunu tuturlar.

İqtisadçılar deyirlər ki, bu tendensiya 30-cu illərin «Böyük depressiya»sından sonrakı valyuta və tarif savaşlarına bənzəyir.

İQTİSADİ ARTIM OLMAYANDA, ÖLKƏ İQTİSADİYYATI QONŞULARI TALAMAQ HESABINA BÖYÜYÜR


Londondan iqtisadi şərhçi Bernar MakAlindenin fikrincə:

Çinin Baş naziri Ven Tsiabao və ABŞ prezidenti Barak Obama
«Bunun qorxusu odur ki, iqtisadi artım olmayanda, ölkə iqtisadiyyatı qonşuları talamaq hesabına böyümək yolunu seçir, indi baş verənlər də o dövrləri xatırladır».

Əslində son zamanlar ABŞ-ın yeritdiyi ucuz dollar siyasətini də Çinlə artıq başlanan valyuta savaşı kimi qiymətləndirirlər. Hətta bu həftə Avropa Birliyi də Çin rəsmiləri ilə danışıqlarda yuan məsələsini qaldırıb. Onlar da yuanın kursunun heç olmasa bir az bahalandırılmasını xahiş ediblər.

Amma Çinin Baş naziri Ven Tsiabao deyib ki, yuanı bahalandırmaq Çinə baha otura bilər. Çindəki zavodların çoxu bağlana və bu, bütün cəmiyyəti, xüsusən də kasıb təbəqəni xaosa sürükləyə bilər.

ABŞ İSTƏSƏ DƏ, ÇİNLƏ TİCARƏT MÜHARİBƏSİNİ UDA BİLMƏZ

Pekin Biznes Məktəbindən Di Vu «Wall Street Journal»dakı məqaləsində yazır ki, əslində Tsiabao tam səmimi danışıb. Çin hökuməti üçün yuan məsələsi ölkədəki harmoniyanın qorunması baxımından vacibdir. Çünki ucuz yuan ucuz işçi qüvvəsi və ucuz qiymətlər deməkdir. Başqa sözlə, ölkənin kasıb təbəqəsi – fəhlə-kəndlilərin həmişə işi olacaq, az qazansalar da, qarınları tox olacaq.

Di Vu əlavə edir ki, başqa tərəfdən indi ABŞ istəsə də, Çinlə ticarət müharibəsini uda bilməz. Çünki ABŞ Çin kimi valyutasını ucuz tutub ixracını artırmaq istəsə, dollar etibarını itirəcək. Üstəlik, ABŞ dollarını ucuz tutmaq üçün daha çox dollar çap etməyə məcburdur. Daha çox çap etmək isə onsuz da ÜDM-in 140 faizi qədər olan daxili borcu, yəni kəsiri bir az da artıracaq. Sonucda bu savaşda həm Çin, həm Amerika uduzacaq. Odur ki, indi savaşmaqdansa, dil tapmaq məsləhətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG