Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:51
“YA OĞLUNUN VƏZİFƏSİ, YA DA...”

Oktyabrın 8-də axşam saat 18-də parlament seçkilərində imzatoplama kampaniyası başa çatır.

Bu mərhələnin son günlərində AzadlıqRadiosuna gələn çoxsaylı zənglərdə bir şikayət halı daha çox təkrarlanır: “Mənə təzyiq edirlər ki, namizədliyimi geri götürüm”.

Şikayətlərə görə, bu tipli təzyiqlər müstəqil, müxalifətçi namizədlərlə yanaşı hətta YAP üzvlərinə də edilir. Həmin şikayətlərdən ikisinin izinə düşdük.

“Mənim qardaşım DYP-də rəis müavinidir. Bu gün ağsaqqal dədəmi gətirdiblər ki, namizədliyimi geri götürüm. Atam deyir ki, heç olmasa qardaşının xatirinə seçkidə iştirakdan imtina elə. Onsuz da səni keçməyə qoymayacaqlar...”.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini verən Mürşüd Mirzəyevdir bunu deyən. YAP üzvüdür. Ancaq YAP rəsmən onun namizədliyini müdafiə etmir. Dediyinə görə, namizədliyini verdiyi ilk gündən təzyiqlə üzləşir. Bu günlərdəsə ona təzyiqlər daha da artıb. Onun sözlərinə inansaq, atasına zəng vurublar ki, ya oğlunun vəzifəsi, ya da o biri oğlun inadını yerə qoysun.

Mürşüd Mirzəyev iddia edir ki, yerli icra qurumları hüquq müdafiəçisi Çingiz Qənizadənin qələbəsinə çalışırlar:

“Hakimiyyətin məqsədi odur ki, Çingiz Qənizadəni keçirtsin. Ona görə təzyiqlər edirlər, kimin qohumu vəzifədədirsə, hüquq-mühafizə orqanlarında çalışırsa, deyirlər ki, onu çıxardacağıq. Ya da işlədikləri nazirlikdə rəhbərlik onlara təzyiqlər edir”.

Mürşüd Mirzəyev deyir ki, bu hələ hamısı deyil. DSK sədri Cabbar Quliyev ona deyib ki, namizədliyini o halda qeydə alarıq ki, parlament seçkilərinin ədalətli keçdiyi və şikayətinin olmaması haqda bəri başdan yazılı sənəd verəsən. Əks halda sənin imzalarını ekspertizadan keçirdib onların saxta olduğunu elan edəcəyik.

“BƏLKƏ İMZALARDA PROBLEM VAR DEYƏ ƏL-AYAĞA DÜŞÜB”

Amma DSK sədri Cabbar Quliyev deyir ki, Mürşüd Mirzəyevə təzyiqlərdən xəbərsizdir. Özü də həmin namizədlə həm qonşudur, həm qohumdur, onun imzalarına da dörd gün sonra baxacaqlar. DSK sədri deyir ki, bəlkə də onun təqdim etdiyi imzalarda problem var deyə əl-ayağa düşüb. Başqa ittihamlara gəlincə:

“Mənim hüququm yoxdur ki, kiməsə deyim ki, namizədliyini ver ya yox. Dövlət idarəsidir, hər kəs seçkidə iştirak edə bilər. Mürşüd bunu deyirsə, böhtan atır. Onun imza vərəqi məndədir. Kimsə imzanı saxta çıxardırsa, məhkəmə var, ekspert qrupu var. Bir də mən burda oyuncaq kimi oturmamışam ki, kim nə desə edim”.

O ki qaldı, Çingiz Qənizadəni hakimiyyətin dəstəkləməsinə, DSK sədri bundan xəbərsiz olduğunu deyir.

Mürşüd Mirzəyevin iddialarını hüquq müdafiəçisi Çingiz Qənizadə də təkzib edir. Çingiz Qənizadənin fikrincə, icra strukturunun onu himayə etməsi ilə bağlı iddiaları ortaya atmaqla, nüfuzuna xələl gətirməyə çalışırlar.

Çingiz Qənizadə
Hüquq müdafiəçisi deyir ki, o bütün rəqibləri ilə qanun çərçivəsində mübarizə aparmaq niyyətindədir.

“POLİSLƏ TƏHDİD EDİRLƏR Kİ...”

Başqa bu tip bir şikayət isə Gəncədən gəlib. 40 saylı Kəpəz ikinci seçki dairəsindən namizədliyini vermiş Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Ağası Tağıyev də iddia edir ki, onu namizədliyini geri götürməsi üçün polislə təhdid edirlər:

“Guya 18 nəfərin yerinə mən imza atmışam. Halbuki, imzaları bir-bir özüm yığmışam. Deyirlər ki, guya imzaları təzyiq yolu ilə almışam. Mən necə onların sənədini ala bilərəm? İmza verənlərdən biri də 15 saylı məntəqə sədridir. O da yalandan izahat yazıb ki, guya onun yerinə özüm qol çəkmişəm. Deyirlər ki, səni polisə verəcəyik”.

Ağası Tağıyev oktyabrın 7-də axşam saatlarında polisə çağırılıb. Bizimlə danışanda isə ürəyi ağrıdığı üçün həkimdə olduğunu dedi.

“O VƏTƏNDAŞLARA TƏZYİQ EDİB, ONLARI ALDADIB”

DSK sədri Azad İbrahimov isə Ağası Tağıyevin sənədlərinin hələ ki, yoxlanmadığını, vətəndaşları aldatdığından əməllərini ört-basdır etmək üçün onlara böhtan atdığını söylədi:

“Seçiciləri aldadıb, onlara təzyiq edərək sənədlərə imza atdırıb. Bununla bağlı seçicilər bizə müraciət etdilər və biz də onu çağırdıq. Müzakirə zamanı az qala seçicilərlə, aldatdığı şəxslərlə arasında dava düşdü. Biz də onu sakitləşdirdik. Biz ona Seçki Məcəlləsinə uyğun xəbərdarlıq etmişik və araşdırılması üçün polisə göndərmişik”.

DSK sədri əlavə sual verməyə qoymadı. Buna görə də “sıravi namizəd vətəndaşa hansı yolla təzyiq edə və ya onların sənədlərini hansı yolla əldə edib imza ata bilər” sualımız cavabsız qaldı.

“NAMİZƏDƏ MƏLUMAT VERİLMƏYİB”

25-ə yaxın dairədə müşahidə aparan Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov da deyir ki, imzatoplama kampaniyası daha çox müstəqil və müxalif namizədlərə təzyiqlərlə yadda qaldı:

“Müstəqil və müxalifətçi namizədlərin vərəqlərinə qol çəkənlərə təzyiqlər edilib ki, imzalarını geri götürsünlər. Belə olub ki, imzanın yoxlanması zamanı namizədə məlumat verilməyib”.

Mirəli Hüseynovun sözlərinə görə, bu mərhələdə başqa pozuntular da müşahidə edilib. Əvvəla, qanunda məhdudiyyət olmasa da, bəzi namizədlərə ayrı-seçkilik edilərək, onlara ondan artıq imza vərəqi verilməyib. Bundan başqa, imzatoplama kampaniyası zamanı bəzi namizədlərin xeyrinə inzibati resurslardan istifadə edilib.

Üstəlik, Mirəli Hüseynov deyir ki, dairə seçki komissiyalarında bəzi hallarda qərar verilərkən səs çoxluğundan istifadə edilməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG