Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:58
Bakıda və Bakı ətrafında kassa-nəzarət aparatı olmayan ticarət obyektinə az rast gəlinər. Alıcıların kassa çekini almaq vərdişi olmayan xırda dükanlarda belə, satıcılar ödənilən məbləği kassaya vurmaqda maraqlıdır. Çünki alıcı vergi orqanlarının əməkdaşı ola bilər. Bu zaman obyekt sahibi ən azı cərimə ödəməlidir. Ən azı...

Bakıda kassa-nəzarət aparatı olmayan ticarət obyektləri isə əsasən böyük ticarət mərkəzləri və topdansatış məntəqələridir.

Azərbaycanın, hətta regionun böyük bazarlarında çalışanlar deyir ki, onlar satış yerini kirayə götürəndə obyekt sahibləri onlara elə belə də deyirlər:

- Bura nə “vergi” gələcək, nə əmək müfəttişi. Heç bir kassa aparatına ehtiyac yoxdur. Kirayə haqqını verin, bütün vergiləri özümüz ödəyəcəyik.

Satıcıların sözlərinə görə, böyük ticarət mərkəzlərində pulun miqdarı say deyil, çəki ilə hesablanır. Məsələn, mərkəzi idarə edənlər bilir ki, 3 kiloqram “100-lük” neçə manatdır, ya da 6 kiloqram “50-lik” nə qədərdir.

Pulların say deyil, çəki ilə hesablanmasının isə bir səbəbi var - dövriyyə böyük olduğundan pulları saymağa vaxt yoxdur.

Bəs, iri ticarət obyektlərinin sahibləri topladıqları pullardan “neçə kilo”, bağışlayın, nə qədər vergi ödəyir? Məsələnin başqa bir tərəfi – ümumi iqtisadiyyatda kölgə iqtisadiyyatının payı nə qədərdir?

EKSPERTLƏR: 10 FAİZ? 50 FAİZ?

“İqtisadi Təşəbbüslərə Yardım” Mərkəzinin başçısı Azər Mehdiyevə görə, bununla bağlı konkret rəqəmlər səsləndirmək çətin olsa da, ümumiləşdirmələr mümkündür:

- Dünya Bankının və bir sıra beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, Azərbaycandakı kölgə iqtisadiyyatının ümumi iqtisadiyyatda payı ÜDM-in 60 faizi civarındadır. Bizim də hesablamalarınız göstərir ki, ölkədə xüsusilə qeyri-neft sektorunda çox böyük gizli iqtisadiyyat var.

İri ticarət mərkəzlərində kassa aparatlarının olmamasını isə iqtisadçı belə izah edir:

- Bəzən iri ticarət mərkəzləri xırda topdansatış mağazaları kimi təqdim olunur. Əslində belə ticarət obyektləri müqavilə əsasında nağd olmayan satışla məşğul olmalıdırlar. Ancaq reallıqda onlar nağd pərakəndə satışla məşğuldur. Belə obyektlərdə isə kassa-nəzarət aparatlarının quraşdırılması vacibdir. Belə hallar kölgə iqtisadiyyatının inkişafına geniş meydan verir.

İqtisadçı-ekspert Rövşən Əliyev isə deyir ki, uzun illərdir beynəlxalq maliyyə qurumları bu problemlə bağlı araşdırma aparmır:

- Səsləndirilən rəqəmlər az qala 10 il öncənin statistikasına söykənib. Rəsmi statistikada bu 10 faiz olaraq göstərilir. Ancaq bu rəqəm real görünmür. Mənim subyektiv fikrim kimi görünə bilər, ancaq düşünürəm ki, gizli iqtisadiyyatın ÜDM-da payı formal həcmə yaxındır. Hər halda bu, 50-70 faizdən aşağı deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG