Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:34

Rail Rzayevin həbsdə olan yavərinə və köməkçisinə cəza istənildi


Oktyabrın 7-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımovun, köməkçisi Aydın Rəfiyevin və onun oğlu Anar Rəfiyevin məhkəməsi davam edib. Məhkəmədən AzadlıqRadiosuna verilən məlumata görə, prosesdə prokuror çıxış edərək Aydın Rəfiyevin 10 il, Anar Haşımov və Anar Rəfiyevin hər birinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Hakim növbəti məhkəmə iclasını oktyabrın 13-nə təyin edib. Həmin gün vəkillər müdafiə çıxışı edəcəklər.

İttihama görə, Rail Rzayevin köməkçisi Aydın Rəfiyev və yavəri Anar Haşımov 2009-cu il fevralın 11-də, R. Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına girərək külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.

Daha bir ittihama görə isə, Aydın Rəfiyev oğlu Anar Rəfiyevlə 2009-cu ilin mart ayında – yəni Rail Rzayevin qətlindən bir ay sonra generala məxsus hərbi qış gödəkcəsini, generalın xidməti avtomobilinə təhkim olunmuş 18 manat dəyərində 10-00 HM hərbi nömrə nişanını mənimsəyiblər. İttiham aktında göstərilir ki, həmin əşyaları generalın oğlu Rəfiyevlərə Müdafiə Nazirliyinə qaytarmaq üçün veribmiş.

Anar Rəfiyev həmçinin ittiham olunur ki, o, əməkdaşlıq etdiyi “Aztol Telekom” MMC-də satış üzrə menecer işləyərkən ona etibar edilmiş ümumi dəyəri 11 min 710 manat olan 18 ədəd mobil telefonu mənimsəyib.

Lakin təqsirləndirilənlər bir neçə ay davam edən məhkəmə prosesində ittihamları qəbul etməyiblər.

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı Rail Rzayev 2009-cu il fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib.
XS
SM
MD
LG