Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:59

«Subaylara ev vermirlər»


İndiyə qədər hər ikisinə verirdilər, amma indi ancaq ailəlilərə verirlər

İndiyə qədər hər ikisinə verirdilər, amma indi ancaq ailəlilərə verirlər

Gəncə sakini Roza Abbasovanın oğlu 1993-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə həlak olub. Roza Abbasovanın dediyinə görə, həmin vaxtdan onların ailəsinə nə maddi, nə də mənəvi yardım edən var. Roza Abbasova deyir ki, uzun illərdir ev növbəsində olsalar da, hələ bir səs soraq yoxdur. Siyahıya alma zamanı aidiyyatı qurumlar onlara deyiblər ki, ilk öncə həyat yoldaşı, uşaqları başsız qalan keçmiş döyüşçü ailələrinə ev verəcəklər.

«DEDİLƏR SUBAYLARA VERMİRLƏR…»


«Bizə heç nə yardım edilməyib. 1 dəfə «ADRA» təşkilatı verib. Ondan sonra deyən olmadı ki, şəhid anasısan. Mənəvi yoxlayan da olmadı. Şəhid ailələrinə 100 manat verilir, onu alıram. Nə ev vermirlər, nə torpaq sahəsi. Dedilər subaylara vermirlər. Mənim ehtiyacım var, xəstəyəm istərdim ev versinlər».

Digər şikayətçi Sədaqət İbrahimova isə deyir ki, siyahıda ilk sıralarda olsa da dəfələrlə mənzil paylanıb, amma onlara verilməyib. Səbəbi deyilməsə də Sədaqət İbrahimova da fikirləşir ki, yəqin ona da mərhum oğlu subay olduğu üçün ev verilmir.

«QABAQLAR QURBANLIQDA YARDIM OLURDU»


«Şəhid ailəsiyəm, qabaqlar qurbanlıqda - filan yardım olurdu. Nə evim var, nə torpağım var. Vermirlər. Deyirlər ev verilir, 2 gəlin, 2 oğul qalmışıq bir evdə. Amma vermirlər».

Ancaq atası müharibədə həlak olmuş Aynurə Şamilqızı da deyir ki, ailədə 4 uşaq olsalar da, mənzil paylanan zaman indiyədək onları yada salan olmayıb. Aynurə Şamilqızının sözlərinə görə, qardaşlarının kirayədə qalması ədalətsizlikdir.

«Atam şəhid olub. Şəhid ailəsiyik, uzun illərdir növbədəyik. Qaldığımız ev elə haldadır ki, divarlar nəm çəkir. Anam özü dəfələrlə müraciət edib bir dəfə çağırdılar icra hakimiyyətinə ki ev tikilir, komissiya gəlib baxacaq. Nə komissiya gəldi, nə də ki, heç nə. Bir də baxdıq evlər paylanılıb».

SİYAHIYA BAXAN YOXDUR

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Gəncə Şöbəsinin sədri Almaz Aşurov deyir ki, mənzil paylaması zamanı müharibədə həlak olmuş əsgərlərin lap həyat yoldaşı, uşaqları olmayıbsa da, onun ata-anasına ev verilmədi. Halbuki, evlərin paylaması zamanı siyahıya deyil, həlak olmuş əsgərin övladının qalıb-qalmamasına önəm verilir.

«2008-ci ildə 40 nəfər ailəyə ev veriblər. Yeni Gəncədə bir bina hazırdır, təmirə başlayır. İndiyə qədər hər ikisinə verirdilər, amma indi ancaq ailəlilərə verirlər. Şəhidin ata-anasına ötən dəfəki bölgüdə ev vermədilər».

Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elnur Kələntərli də deyir ki, şəhid ailələri üçün mənzil tikilir və bu ilin sonu paylanacaq. O ki qaldı evin kimlərə verilməsinə, Elnur Kələntərli deyir ki, bu məsələdə istisna yoxdur. Növbədə kim varsa, onlar mənzillə təmin olunacaq.

«Bu ilin sonuna qədər Gəncədə nəzərdə tutulub artıq. Tikinti başa çatır. Kimlər növbəyə yazılıbsa onlara da veriləcək. Fərq etməz ailəli ailəsiz söhbəti yoxdur».

Hazırda Gəncədə 500-dən çox Qarabağ uğrunda gedən döyüşlərdə həlak olanlar var ki, onların indiyədək cəmi 150-nin ailəsi mənzillə təmin olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG