Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:16
51 il iş stajı olan Şirvan şəhər sakini Qəzənfər Məmmədov aldığı 75 manat təqaüdün 50 manatını kommunal xərclərə ödəyir. Deyir ki, sonuncu dəfə 3 il əvvəl təzə paltar geyinib. O, indiyə qədər ölkə prezident İlham Əliyevdən tutmuş, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə qədər xeyli ünvanlara müraciətlər edib. Hətta 6 ay əvvəl pensiya kartını Milli Məclisin spikeri Oqtay Əsədova göndərib və ondan həmin pula bir ay ərzində necə dolanmağının mümkünlüyü barədə cavab istəyib:

3 İLDİR TƏZƏ PALTAR GEYMİRƏM


«O qədər yazmışam ki, indi utanıram yazmağa. Yazmışam ki, insafınız olsun heç olmasa mənə 100 manat pul göndərin özümə şalvar-köynək alıb geyinim əynimə».

68 yaşlı Əhməd Məmmədov isə pensiyanın miqdarından deyil, övladlarından şikayətlidir. 3 uşağından heç biri onun halını sormur. Oğlu isə ona məxsus evi icazəsiz olaraq satıb. İndi Əhməd Məmmədov qocalar evinə getmək üçün ərizə yazıb.
Cavid İmamoğlu


Avropa Komissiyasının dəstəyi ilə «İnternyus-Azərbaycan» təşkilatı ilə birgə hazırlanan «Hər kəsin haqqı var» proqramının növbəti buraxılışında məhz bu mövzu - ahıl və tənha insanların hüquqları müzakirə edilib. Verilişin qonağı, sosial iş üzrə ekspert Cavid İmamoğlu deyir ki, Azərbaycanda ahılların övladları tərəfindən atılması məsələsi o qədər də aktual deyil. Çünki ənənəyə görə çoxları yaşlı valideynlərinə baxmağı özünə borc bilir. Amma yaşlıların əsas problemi maddiyyatla bağlıdır:

«Hansı ahıla yaxınlaşıb 2 dəqiqə söhbət etsən, sənə pensiyanın azlığından şikayətlənəcək. 70 yaşından yuxarı insan 70-80 manatla necə dolana bilər?»

2011 - AHILLAR İLİ OLSUN


Cavid İmamoğlu isə bütün bu problemlərin həllinə nail olmaq, məsələni gündəmə gətirmək üçün 2011-ci ilin Ahıllar İli elan olunmasını təklif edir. Onun fikrincə, indiyə qədər Azərbaycanda müxtəlif sahələrə tətbiq edilən bu praktikadan yararlanmaq, yaşlı insanların problemlərini gündəmə gətirmək mümkündür.

Hüquqşünas Vamiq Şükürov isə deyir ki, qanuna görə ahıllara aldıqları pensiya və əmək haqları ilə dolanmalıdırlar. Birbaşa övladların üzərində valideynləri saxlamaq öhdəliyi yoxdur. Amma Ailə Məcəlləsinə görə, əmək qabiliyyətini itirən və öz yaşayışını təmin edə bilməyən ahıl uşaqlarından aliment ala bilər. Onlar həm də pansionatlar və qocalar evlərinə üz tuta bilərlər:

Vamiq Şükürov
YAŞLI ADAMA AYDA AZI 250 MANAT LAZIMDIR


«Hesablamalara görə, ahılların öz tələbatlarını ödəməsinə 250-300 AZN lazımdır. Söhbət ən zəruri tələbat – yemək, geyim, yaşayış yeri və s. gedir. Dərmanları nəzərə alsaq, məbləğ lap çox olar. Lakin hazırda ölkədə əmək qabiliyyətli insanlar üçün minimum yaşayış həddi 96 manat, ahıllar üçün 68 manatdır».

DƏRMAN VƏ EV PROBLEMLƏRİ VAR

Hüquqşünas deyir ki, indi azərbaycanlı ahılların əksəriyyətinin tibbi sığortası yoxdur. Ona görə də onlar üçün ən böyük problemlərdən biri dərman preparatlarının alınmasıdır.

«Çoxunun şəkəri, qan təzyiqi var. Bu cür xəstələrə dərhal kömək göstərilməlidir, daim dərmanları verilməlidir. Bəzilərinə ümumiyyətlə verilmir, bəzilərinə gec çatdırılır. İndi bəzi qisim əlillər istisna olmaqla, ahıllar üçün kommunal xidmətlərdə güzəştlər yoxdur».

Hüquqşünas deyir ki, indi yaşlı və tənha insanların aldadıb mənzillərinin əlini alanlar da olur.

14 MİNDƏN ÇOX AHILA EVDƏ XİDMƏT GÖSTƏRİLİR


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli deyir ki, sosial müdafiə mərkəzləri tərəfindən evlərdə ahıl və tənha insanlara sosial xidmət göstərilir. Onlar üçün təmizlik işləri görülür, bazarlığı olunur, paltarları yuyulur və s. Hazırda 14.474 nəfər ahıla bu cür xidmət göstərirlər.

Qoca və kimsəsizlər üçün pansionatlarda qalanlar isə tam dövlət təminatında olur. Hazırda nazirliyin nəzdindəki bu cür müəssisələrdə 554 ahıl yaşayır.

QOCANIN NAZIYLA OYNAMAQ LAZIMDIR
Nəsrulla Nurullayev


Ahıl Ziyalılara Qayğı İB-nin sədri Nəsrulla Nurullayev deyir ki, dövlət müəssisələrində qocalara yaxşı baxırlar – yemək-içmək, qulluq edirlər. Amma mənəvi baxımdan qocalar sözün əsl mənasında tənha olurlar:

«Onlar təcrid olunmamalıdır. Onlara baxılmalıdır. Onlar da insandırlar Hüquqları var. Hər qocanın nazıynan oynamaq lazımdır. Yaşlı insanlar bir qədər təkəbbürlü olur Mən istərdim ki, qocalar evlərində işləyənlər bunları nəzərə alsınlar».

Azərbaycanda 70 yaşına çatmış vətəndaşlar ahıl hesab edilirlər. 2009-cu ilin statistikasına görə, ölkədə 70 və daha yuxarı yaşlı 423 min 800 insan yaşayır. Onlar əhalinin yalnız 4 faizini təşkil edir.

Şərhləri göstər

XS
SM
MD
LG