Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:26
“Məşhər günündə hamını adıyla çağıracaqlar, istəyirəm ki, mənə də “Məhəmməd” deyə müraciət etsinlər”.

Bunu deyən 19 yaşlı tacikistanlı gənci bir neçə ay əvvələcən ailəsi və dostları Şahrux adlandırıblar.

Amma bu yaxınlarda o “əsl tacik” adını İslam peyğəmbərinin adı ilə əvəzləmək qərarına gəliblər.

Tacikistanda onun kimi hərəkət edənlərin sayı artır.

Məhəmməd deyir ki, adını dəyişmək fikri onda tədricən yaranıb, İslam haqda daha çox şey öyrəndikcə özünə müsəlmanlar arasında geniş yayılan adlardan birini seçmək qərarına gəlib.

Tacikistanda adını dəyişənlərin dəqiq statistikası bəlli deyil, amma onların əsasən yeniyetmə və 18-25 yaşlı gənclər olduğu deyilir.

YENİ DOĞULAN UŞAQLARINA İSLAMİ ADLAR VERƏNLƏRİN DƏ SAYI ARTIR

Məsələn, Düşənbədə doğulan hər beş uşaqdan birinə İslam dini, onun müqəddəs hesab etdiyi şəxslərlə bağlı adlar verilir. Yeni doğulan qızlar arasında ən çox populyar olan ad Sumayadır.

Düşənbənin mərkəzi məscidi
Düşənbənin Şahmansur rayonu qeydiyyat idarəsinin rəhbəri Zebo Boboconova deyir ki, getdikcə populyarlaşan qız adları arasında Asiya və Ayişə də var.

“Beş il qabaq belə adları eşitməzdiniz, uşaqları üçün doğum şəhadətnaməsi almağa gələn valideynlər övladlarına daha çox Ququş, Anohito, İndira kimi adlar seçərdilər”.

Yeni doğulan oğlan uşaqları üçünsə ən populyar adlar – Məhəmməd, Yusif, Abdulla, Əbubəkrdir.

Tacikləri uşaqlarına İslami adlar qoymağa həvəsləndirənlər daha çox mollalardır. Ölkənin cənubunda – Kulob şəhərindəki məscidlərin birinin imamı Hoci Mirzo Ibronov deyir ki, bu işi mühüm sayır.

“Mən onlara deyirəm ki, Allah Abdulla, Əbdürrəhman kimi adlara üstünlük verir. Elə adlar ki onun bir hissəsi Allahın adı olsun. Biz bunu insanlara özümüzdən demirik, Allahın belə adları xoşladığını sübut edən hədis var”.

Axır illərdə Tacikistanda İslama meyl xeyli güclənib. Amma Düşənbədəki mədəniyyət üzrə ekspert Dilşad Rahimov deyir ki, öz adlarını dəyişən gənclər dini kimliklərini milli kimliklərindən önə çəkirlər.

“Əlbəttə hər kəsin öz adını dəyişmək haqqı var. Amma bu həm də bir az süni təsir bağışlayır. Məsələn, İran İslam Respublikasında da insanlar dinə çox bağlıdır, amma öz milli adlarını dini adlarla əvəzləmirlər”.

1990-cı illərdə Tacikistanda daha çox milli adlara meyl var idi. Xüsusən də 10-cu əsr fars şairi Firdovsinin “Şahnamə” əsərinin qəhrəmanlarının – Südabə, Təhminə, Cəmşidin adlarına.

Bu da SSRI dağılandan sonra taciklərin milli kökə, fars mədəniyyətinə qayıdışı ilə əlaqədar idi.

AMMA İNDİ “ŞAHNAMƏ" QƏHRƏMANLARININ ADLARI GETDİKCƏ “DƏBDƏN DÜŞÜR”

Necə də olmasa Cəmşid atəşpərəstliyə tapınan fars hökmdarı idi.

19 yaşlı Məhəmməd isə deyir ki, ad dəyişmək elə də asan məsələ deyil.

Bunun üçün çoxlu sənəd - məktəbdən, iş yerindən arayışdan tutmuş yaşadığı yerlərdən məsuliyyətə cəlb edilmədiy haqda arayışa qədər sənədlər toplamalıdır.

Dövlət idarələrində isə hər belə sənədin öz “qiyməti” var.

Məhəmməd deyir ki, iş uzana bilər, amma hələ ki dostları və ailə üzvlərinin onu yeni adıyla çağırması ona bəs edr.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG