Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:00
Düşündük-daşındıq, qərara gəldik ki, Azərbaycandakı filologiya fakültələrindəki ədəbi mühitlə bağlı reportaj hazırlayaq.

Yollandıq Bakı Dövlət Universitetinə. Fikrimdə filologiya fakültəsinin dekanına verilməli xeyli sualım vardı.

Ancaq BDU-nun Filologiya fakültəsinin kandarında mühafizə xidmətinin əməkdaşları mənim planlarımı darmadağın elədi.

Kəsəsi, məni fakültəyə buraxmadılar. Hətta binanın girişində dayanıb sel kimi qaynayan tələbələrin içərisindən filologiya fakültəsində oxuyan 1-2 tələbə soraqlamağımı da əngəllədilər:

- Kameralar çəkir, xahiş edirik ərazini tərk edəsiz.

İlk ağlıma gələn o oldu ki, yaxın illərdə Azərbaycanda “kriminalist yazar” problemi olmayacaq.

Çünki, girişində, çıxışında, auditoriyalarında nəzarət kameraları quraşdırılan məkanda təhsil alan filoloq yazacaq olsa, ancaq kriminal yazar.

Sonda universitetdəki axtarışlarım nəticə verdi. Filologiya fakültəsinin 4-cü kursunda oxuyan Kəramətlə rastlaşdım. Gənc yazar Kəramət Böyükçöllə. O, fakültədəki “Metafora” ədəbi dərnəyinin başçısıdır:

- Tez-tezmi toplaşırsız? Hansı yazıçıların əsərlərini müzakirə edirsiz?

- Ayda 1-2 toplantımız olur. Qurum üzvlərinin əsərlərini də müzakirə etdiyimiz olub, yazıçılarla görüşlər də keçirmişik. Anarla, Zəlimxan Yaqubla, Səlim Babullaoğlu ilə görüşmüşük. İndi Əkrəm Əylisli ilə görüş planlaşdırırıq.

- Kimləri oxuyurlar tələbələr?

Kəramət Böyükçöl
- Müəllimlərimiz auditoriyaya “Azərbaycan”, “Ulduz” jurnallarını gətirirlər. Onları oxuyuruq.

- Bir az ümumiləşdirsək, tələbələrin ən çox görüşmək istədiyi yazar kimdir?

- Zəlimxan Yaqub.

- Sizcə niyə?

- Zəlimxan Yaqub tələbələrin fikirlərini, düşüncələrini ifadə edə bilir.

- Sizcə, tələbələr Ramiz Rövşənlə görüşə gələrlər?

- Ramiz Rövşən böyük şairdir. Ancaq biz istəyirik ki, təşəbbüs tələbələrdən gəlsin. Hələ belə təşəbbüs olmayıb. Ancaq arzumuzdur ki, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı Odərlə görüşək.

- Ən yeni ədəbiyyat nümunələrindən hansısa əsərin müzakirəsini keçirmisiz?

- Tələbələr ən yeni yazarları demək olar, tanımırlar. Onların təbliğata ehtiyacları var. Düşünürəm ki, müəllifi, yazıçını formalaşdıran oxucu kütləsi olmalıdır.

- Yəni deyirsiz, oxucu nəyi oxuyur, yazar ondan yazmalıdır.

- Yazıçını oxuyanda başa düşmək lazımdı. Yavaş-yavaş yeni nəsil yazarlar da ədəbi mühitdə oturuşmağa başlayıb. Artıq Rafiq Tağının əsərlərində diplom işi yazan tələbələr var.

- Xarici ölkə yazarlarından kimləri oxuyursuz?

- Daha çox kimlər tədris olunursa, onları. Məsələn son illər Orxan Pamuk dərsliklərə salınıb. Ancaq xarici ölkə ədəbiyyatına o qədər də maraq yoxdur. Birincisi, fakültədə oxuyanların bəziləri bura ədəbiyyat sevgisindən gəlməyib. Qızların çoxu xarici dillər üzrə ixtisasları seçib balı toplaya bilməyənlərdir. Oğlanların da çoxu hüquq fakültəsini nəzərdə tutub ədəbiyyat fakultəsinin balını toplayanlar.

Həmid Herisçi
Bir zamanlar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirən yazıçı Həmid Herisçi isə deyir ki, Azərbaycandakı filologiya fakültəsində ədəbi mühit heç zaman olmayıb:

- Sovetlər dönəmindən Azərbaycanın filologiya fakültələri nöqsan üzərində qurulmuşdu. Məsələn, Moskva Dövlət Universitetində filologiya fakültələri yalnız o ölkələrin filologiyaları ilə bağlı deyildi.

Orada filologiya mütləq qaydada dillə bərabər keçiliridi. Bizdə isə daha çox Azərbaycan ədəbiyyatı tədris olunur. Bunu 1-2-ci sinif şagirdlərinə də öyrətmək olar.

Yazarın fikrincə, filologiya fakültəsi o zaman rəqabətədavamlı olar ki, orada Azərbaycan ədəbiyyatı və dili ilə birgə fransız, ingilis, ispan dilləri və bu dillərdə yazılan ədəbiyyat tədris olunsun:

- Filologoya fakultəsi Azərbaycanda həmişə əyalətçiliyin paytaxtı olub. Bir adam ki, Azərbaycan dilindən başqa heç nə bilməyə... Bax filologiya fakültələri belə insanların, bayağı millətçiliyin meydan suladığı məkanlar olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG