Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:43

2011-ci ilin büdcəsindən neft və böhran qoxusu gəlir


Zöhrab İsmayıl
Zöhrab İsmayıl
2011-ci ilin “Dövlət büdcəsi haqqında” qanun layihəsi artıq deputatlara təqdim edilib. Layihəyə görə, gələn ilin dövlət büdcəsi 12 milyard 61 milyon manat proqnozlaşdırılır. Bu da 2010-cu ilin büdcəsindən 500 milyon manat artıqdır.

Layihədən belə görünür ki, 2011-ci ilin büdcəsində fiziki şəxslərdən daxil olan gəlirlərdə, Əlavə Dəyər Vergisində bir az artım olsa da, hüquqi şəxslərin mənfəət vergisində müəyyən azalma olacaq. Mədən vergisində də elə ciddi dəyişiklik gözlənilmir.

Milli Büdcə Qrupu qeyri hökumət təşkilatı artıq 2011-ci ilin büdcə layihəsinin ilkin təhlilini aparıb. Qrupun eksperti, Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıla görə, gömrükdən gələn gəlirlərdə hər hansı artım və ya azalma yoxdur, ümumilikdə bu sahədə sabitlikdir. İqtisadçı deyir ki, 2011-ci ilin büdcəsində ən ciddi dəyişiklik Neft Fondundan daxilolmalardadır:

“Əgər 2010-cu ilin büdcəsində Neft Fondundan daxilolmalar 5 milyard 915 milyon manatdırsa, indi olacaq 6 milyard 480 milyon manat. Bu isə o deməkdir ki, 2010-cu ilin dövlət büdcəsi ilə 2011-ci ilin büdcəsi arasında mövcud olan 500 milyon manata yaxın fərq Neft Fondundan daxilolmalar hesabına mümkün olacaq”.

2011-Cİ İLİN BÜDCƏSİ NƏ İNVESTİSİYA, NƏ DƏ SOSİAL YÖNÜMLÜDÜR

İqtisadçıya görə, əgər bu ilin büdcəsi investisiya yönümlü büdcə adlandırılırdısa, 2011-ci ilin büdcəsi nə investisiya yönümlü, nə də sosial yönümlüdür. Bu baxımdan da mərkəz sədri gələn ilin büdcəsindən hansısa böyük sosial dəyişikliklər gözləməyin əbəs olduğunu bildirir.

Gələn ilin büdcə layihəsində dövlət investisiya xərcləri də azalacaq. 2011-ci ilin büdcə layihəsində əsas bölmələrə aid olmayan sair xərclər isə 1 milyard 379 milyon manat təşkil edir ki, bu da büdcənin təxminən 10 faizini təşkil edir. Zöhrab İsmayıl deyir ki, ilkin məlumatlara görə, həmin vəsait müdafiə sektoru üçün nəzərdə tutulan xərclərdir.

GƏLƏN İLİN BÜDCƏSİ NƏ VƏD EDİR - RİFAH, YOXSA BÖHRAN?

Zöhrab İsmayıla görə, büdcənin gəlirlər hissəsi bədbin proqnozlar üstündə qurulub:

“Tutaq ki, fiziki şəxslərin gəlir vergisi artmayacaqsa demək maaşlar da artmayacaq, hüquqi şəxslərin mənfəət vergisi artmayacaqsa, deməli, iqtisadiyyatda inkişaf da gözlənilmir. O cümlədən Əlavə Dəyər Vergisinin həcmində dəyişiklik olmayacaqsa onda ticarət və xidmətdə də dəyişiklik olmayacaq.
Gələn il Neft Fondunun gəlirləri 8,7 milyard manatdan çox olmalıdır
Gömrüyün ödənişləri artmayacaqsa, demək gömrükdə islahatlar da olmayacaq, yəni “qara” rəsmiləşdirmə “ağ” rəsmiləşdirməni üstələyəcək”.

Zöhrab İsmayıl deyir ki, 2011-ci ilin büdcə layihəsində sadələşdirilmiş verginin azalması gözlənilir ki, bu da kiçik biznesin də inkişafının gözlənilən olmaması deməkdir.

İqtisadçı 2011-ci ilin büdcəsini bədbin büdcə sayır. Zöhrab İsmayıl hesab edir ki, bu büdcə layihəsinə görə, tikintidəki, ticarətdəki durğunluq, süstlük gələn il də davam edəcək.

BİR MÜDDƏT SONRA NEFT FONDUNUN GƏLİRLƏRİ BÜDCƏ KƏSİRLƏRİNİ ÖRTƏ BİLMƏYƏCƏK


Zöhrab İsmayıl deyir ki, belə davam edəcəyi halda büdcənin neft asılılığı getdikcə artacaq və bir müddət sonra Neft Fondunun gəlirləri büdcə kəsirlərini örtə bilməyəcək:

“Bu o deməkdir ki, gələn il Neft Fondunun gəlirləri 8,7 milyard manatdan çox olmalıdır. Belə ki, ildən-ilə icmal büdcədə qeyri-neft kəsiri artır və növbəti illərdə Neft Fondunun gəlirləri bu kəsiri qarşılamayanda, artıq büdcə böhranı yaranacaq və sadəcə olaraq hökumət müəlliminin, həkiminin, polisinin maaşını verə bilməyəcək”.

Bu baxımdan Zöhrab İsmayıl deyir ki, 2011-ci ilin büdcəsindən neft qoxusu ilə yanaşı, böhran qoxusu da gəlir.

İqtisadçıya görə, bu gün Azərbaycanın dövlət büdcəsinin neft sektorundan əlavə Neft Fondundan da asılılığı artmaqda davam edir.

“GƏLƏN İLİN BÜDCƏSİ CİDDİ İRƏLİLƏYİŞİ TƏMİN EDƏ BİLMƏYƏCƏK”

İqtidaryönlü Ana Vətən Partiyasının İqtisadiyyat Komissiyasının sədri, İqtisad Universitetinin dekanı Əli Hacıyev də 2011-ci ilin büdcəsini ciddi inkişafa təkan verəcək büdcə saymır. Gələn ilin büdcəsinin bədbin büdcə adlandırılması fikri ilə razılaşmayan iqtisadçıya görə, 2011-ci ilin büdcəsini böhran şəraitində mövcud durumu saxlamağa yönəlmiş büdcə saymaq olar:

“Builki büdcə keçən illə müqayisədə ciddi inkişafa təkan verəcək büdcə deyil. Elə məbləğ baxımından da, artım baxımından da görünür ki, gələn ilin büdcəsi ciddi irəliləyişi təmin edə bilməyəcək. Bu baxımdan mən də büdcədən maliyyələşənlərin əməkhaqqında ciddi irəliləyiş gözləmirəm”.

“BİZ BUNU FACİƏ KİMİ QƏBUL ETMƏMƏLİYİK”

Nazim Məmmədov
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov isə “Media forum”a açıqlamasında büdcənin Dövlət Neft Fondundan transfertlər hesabına formalaşmasında qəbahətli heç nə olmadığını deyib.

Nazim Məmmədov mənfəət vergisində azalmanın proqnozlaşdırılmasının müəssisələrin əsaslı vəsait qoyuluşuna xərclərin artırılmasından irəli gəldiyini bildirib. Onun sözlərinə görə, dünya maliyyə böhranının nəticəsi olaraq iş yerləri ixtisara düşürsə, müəssisənin gəlirləri azalır və buna adekvat olaraq mənfəət vergisi də azalır. “Lakin biz bunu faciə kimi qəbul etməməliyik və digər vergi növlərində artım proqnozlaşdırıldığını nəzərə almalıyıq” - deyə Nazim Məmmədov əlavə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG