Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:40
Dünya Şahmat Olimpiadasında çıxış edən Azərbaycan kişi komandası gözlənilmədən 12-ci yerlə kifayətləndi.

İdman ekspertləri hesab edirlər ki, Azərbaycan şahmat komandasının zəif nəticəsinin bir səbəbi də Vüqar Həşimovun heyətdən kənarda qalmasıdır.

Belə bir güclü oyunçudan niyə imtina olundu? Hər şey sentyabrın 6-da Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun mətbuat konfransında Vüqar Həşimovla bağlı səsləndirdiyi fikirlərdən sonra başlayıb.

“KASPAROVUN KLUBUNDA HƏŞİMOVUN OYNAMASI ƏSLA DÜZGÜN DEYİL”


Azad Rəhimov mətbuat konfransında bildirib ki, son bir il ərzində V.Həşimovun atdığı addımlardan narahatdır. Nazir deyib ki, “son şahmat olimpiadasında Vüqarın hərəkətləri və qruplaşmaya çağırışları, onun yığmamızın kapitanı Zurab Azmayparaşvili ilə mübahisəsi, davaları, dünya reytinqində 26-cı pillədə duran qrossmeysterin belə hərəkətləri bizi heç cür qane edə bilməz. Kasparovun klubunda Həşimovun oynaması əsla düzgün deyil”.

Vüqar Həşimov 3 ildir İspaniya çempionatında əslən Bakıdan olan erməni əsilli dünya çempionu Harri Kasparovun adını daşıyan klubda oynadığına görə nazirin tənqidinə tuş gəlib.

“BİZ ONDAN İZAHAT GÖZLƏYİRİK”

Nazir onu da demişdi ki, Vüqar Həşimov dəfələrlə Azərbaycan Şahmat Federasiyasına dəvət olunub. Bu məsələni o federasiyanın prezidenti Elman Rüstəmovla da müzakirə edib. Azad Rəhimov deyib ki, ancaq Vüqar Həşimov federasiyaya gəlib izahat vermək istəmir:

“İlk növbədə onun mövqeyi bilinməlidir. Hərəkətlərinin nə ilə bağlı olduğuna izahat verməlidir. Biz ondan izahat gözləyirik. İzahatdan sonra hər şey məlum olacaq”.

Vüqar Həşimovun qardaşı və meneceri Sərxan Həşimov deyir ki, hazırda Vüqar Həşimov təlim-məşq toplantılarında iştirak edir. O, oktyabrın 18-dən 31-nə qədər Çinin Nankin şəhərində keçiriləcək mötəbər şahmat turnirinə hazırlaşır. Həmin turnirə Veselin Topalov, Vişvanatan Anand, Maqnus Karlson kimi məşhur şahmatçılar da qatılacaq. Qardaşı deyir ki, baş verən son hadisələr Vüqarın oyununa təsir göstərmir, o ancaq şahmat oynamaq haqqında düşünür. O ki qaldı nazirin dediyi izahat məsələsinə, Sərxan Həşimov bunları deyir:

“BU DA UYDURMA FİKİRLƏRDİR Kİ, CƏNAB NAZİRƏ ÇATDIRILIB”


“Sözün düzü, bu məsələdən xəbərimiz yoxdur. Vüqar komandada iştirak etməməsini isə mətbuatdan öyrəndi. Çünki bizim qrafikimiz elə qurulmuşdu ki, Vüqar olimpiadada iştirak edəcəkdi. Komandada qruplaşmayla bağlı Vüqar deyir ki, kimlə qruplaşıb və həmin qruplaşmada kimlərsə varsa, çıxsın ortaya. Bu da uydurma fikirlərdir ki, cənab nazirə çatdırılıb. Bütün bu yalan, böhtanlar, Vüqara qarşı yürüdülən biabırçı siyasətə baxmayaraq, Vüqar şahmatı davam etdirir və bu işlərə qarışmır. Çox xahiş edirik ki, Vüqara mane olmaq əvəzinə, kömək etsinlər. Onun heç bir köməyi yoxdur. Bütün yarışları, təlim-məşq toplantılarını öz şəxsi vəsaitimiz hesabına keçiririk”.

Vüqar Həşimov
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov isə deyir ki, federasiyanın Vüqar Həşimovla bağlı heç bir problemi yoxdur:

“HƏR ŞEY YAXŞI OLACAQ”

“Bu dəfə oynamayıb, gələn dəfə oynayacaq. Vüqar Həşimov Azərbaycanın yetirməsidir. Hər şey yaxşı olacaq, o yenə Azərbaycanın komandasında oynayacaq, mən buna ümid edirəm”.

İdman yazarı Coşqun Eldaroğlu isə deyir ki, şahmatda idmançı tez-tez yetişmir. Ona görə də Vüqar Həşimov kimi şahmatçılar qiymətləndirilməlidir, nəinki təzyiqə məruz qalmalıdır:

“VÜQAR MİLLİ KOMANDAYA QAYTARILMALIDIR”

“Çox təəssüf edirəm ki, bu məsələlər administrativ üsullarla həll olunur. Görünür, burda Vüqarın müstəqilliyi öz rolunu oynadı. Buna çox səhv addım kimi və pis baxıram. Çünki şahmatda elə bir heyət yoxdur ki, onların içindən seçim aparılsın. Ən yaxşılar milli komandanın şərəfini qorumalıdır. Vüqara qarşı bu addım milli komandanın başında çatladı. Vüqar milli komandaya qaytarılmalıdır. Yoxsa bunu cəzasını çox çəkəcəyik. Şahmat olimpiadasını oyunlarını izlədim, gördüm ki, bir oyunçunun yoxluğu hər şeyi həll edir”.

VÜQAR HƏŞİMOV “SOCAR-AZERBAIJCAN”IN HEYƏTİNDƏ YOXDUR

Oktyabrın 16-dan 24-nə qədər Bolqarıstanda Avropa Klub Kuboku uğrunda turnir keçiriləcək. Həmin turnirdə ilk dəfə olaraq “SOCAR-Azerbaijcan” komandası da iştirak edəcək. Komandanın tərkibində Şəhriyar Məmmədyarov, Aleksandr Qruşik, Aleksey Şirov, Teymur Rəcəbov, Vaşer Laqrav-Maksim və Rüstəm Qaşimcanov, Rauf Məmmədov və Eltac Səfərli iştirak edəcək. Vüqar Həşimov həmin heyətə daxil edilməyib.

Vüqar Həşimov Beynəlxalq Şahmat Federasiyasının - FİDE-nin reytinq cədvəlində 2719 balla 26-cı yerdədir. Azərbaycandan ən yüksək reytinqli şahmatçısı Şəhriyar Məmmədyarov bu cədvəldə 2756 balla 8-ci sıradadır. Teymur Rəcəbov isə 2748 balla 13-cü yerdədir.

Şərhləri göstər

XS
SM
MD
LG