Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:40

Azərbaycanlı və erməni meyitlərinin dəyişdirilməsi müzakirə edilə bilər



Bakıda intihar etmiş erməni kəşfiyyatçısı Manvel Sarıbekyanın meyitinin ermənilərdə olan iki azərbaycanlı hərbçinin – Milli Qəhrəman Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyitləri ilə dəyişdirilməsi ehtimalı və Beynəlxalq Qızıl Xaç Komitəsinin bununla bağlı vasitəçilik təklif edəcəyi istisna edilmir. Bunu oktyabrın 6-da “Media forum” saytına Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu və Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Sentyabrın 11-də cəbhə xəttində yaxalanan erməni Manvel Sarıbekyan oktyabrın 5-də intihar edib. Nazirlik onun kəşfiyyatçı olduğunu idda edir.

Mübariz İbrahimov bu il iyunun 18-də, Fərid Əhmədov sentyabrın 4-də öldürülüblər. Onların meyitləri indiyədək qaytarılmayıb.

Eldar Sabiroğlunun sözlərinə görə, Manvel Sarıbekyanın meyitinin Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri ilə dəyişdirilməsi barədə hələ ki, müzakirə aparılmayıb: “Amma hər şey vəziyyətdən asılıdır. Erməni kəşfiyyatçısının meyitinin Ermənistanda olan iki hərbçimizin meyiti lə dəyişdirilməsi ehtimalı da var. Lakin bununla bağlı hələ müzakirə olmayıb. Danışıqlarla bağlı ictimaiyyətə mütləq məlumat veriləcək”.

İlahə Hüseynova “Media forum”a bildirib ki, erməni kəşfiyyatçısının intihar etməsi xəbəri onun ailəsinə çatdırılıb: “Beynəlxalq Qızıl Xaç Komitəsi indiyədək əsirə baş çəkmədiyi üçün Manvel Sarıbekyanın statusu barədə, onun əsir olub-olmaması barədə bir fikir söyləmirik. Lakin məsələylə bağlı komitənin Ermənistan nümayəndəliyi Sarıbekyanın ailəsinə xəbər verib. Azərbaycanın da Ermənsitanda iki meyiti var və komitə tərəflərə meyitlərin dəyişdirilməsini, buna nail olmaq üçün vasitəçilik təklif edə bilər”.
Ermənistan Müdafiə Nazirliyi isə Manvel Sarıbekyanın adi bir çoban olduğunu, Azərbaycanla sərhəddə azdığı üçün yaxınlaşdığını bildirib. Nazirliyin yaydığı məlumatda deyilir ki, Manvelin kəşfiyyatçı olması və Azərbaycanda terror törədəcəyi ilə bağlı dedikləri təzyiq altda olub. Ermənistan tərəfi bildirir ki, Manvelin ölümüylə bağlı məsuliyyəti onu əsir götürən ölkə daşıyır və onlar Azərbaycanı əsirlərlə bağlı beynəlxalq konvensiyalara riayət etməməkdə ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG