Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:03

"Dövlət indi kimin əlindən tutub yazmağa qoymur ki?"


"Alma" qəzetinin yazıçı İlqar Fəhmi ilə müsahibəsi.

Bu yaxınlarda İlqar bəyin adı ilə hallanan iki sənət hadisəsi baş verdi: onun “Ən Yeni Ədəbiyyat Seriyası”ndan «Bakı tarixindən kollaj» adlı kitabı çap edildi və ssenarisini yazdığı “Ölüm növbəsi” adlı film tamaşaçılara təqdim edildi. “Fürsətdir” deyib, İlqar bəylə söhbətləşdik.


- İlqar bəy, əvvəla sizi «Ölüm növbəsi» adlı yeni filminizin ekranlara çıxması münasibəti ilə təbrik edirik. Ssenaristi olduğunuz filmə tamaşaçı diqqəti sizi qane etdimi?

- Ən əvvəl onu deyim ki, «Ölüm növbəsi» filminin heç bir reklamı filanı olmadı, premyera da geniş auditoriya üçün nəzərdə tutulmamışdı. Yalnız sənət adamları, yazı əhli dəvət olunmuşdu. Bu auditoriyanın isə rəyi çox müsbət oldu.

Geniş tamaşaçı rəyi hələ bir müddət sonra bilinəcək. Çünki hələ film disklərdə satışa çıxmayıb, geniş mənada nümayiş olunmayıb.

Bildiyimə görə, «Nizami» kinoteatrı təmir olunandan sonra, orada son dövrlərdə çəkilən yerli filmlər mütəmadi olaraq nümayiş olunacaq. Yalnız bundan sonra geniş auditoriyanın rəyi barədə danışmaq olar.

- Filmdə öz evini qaçqınla paylaşan bakılı ailəsi xəyanətlə üzləşir. Sizə elə gəlmirmi ki, bu məqamda əslən bakılı olan İlqar Fəhmi yazıçı İlqar Fəhmini üstələyir. Ümumiyyətlə, sizin məşhur bakılı- gəlmə mübahisəsinə münasibətiniz necədir?

- Filmin ideyası tamam başqadı. Əslində bizə cəmiyyətin maddi cəhətdən ən aşağı təbəqəsindən ən yuxarı təbəqələrinə qalxan insanın mənfi tərəfə nə qədər dəyişməsini göstərmək vacib idi.

Rejissorla birlikdə bu xüsusda çox düşündük, axırda ağlımıza gəldi ki, həmin dövrlərdə maddi cəhətdən ən çox çətinlikləri olan, belə demək olarsa quru canından başqa heç nəyi olmayan obraz istəyiriksə, bu halda yalnız qaçqın obrazına müraciət etməliyik.

Murtuz obrazı məhz bu səbəbdən yarandı. O ki qaldı ümumilikdə gəlmə-yerli münasibətlərinə, bu xüsusda fikirlərimi «Bakı tarixindən kollaj» əsərində geniş yazmışam, qısaca təkrar edə bilərəm.

Bu məsələnin kökü ötən əsrin altmışıncı illərində atılıb və elə belə yox, məqsədli şəkildə, milləti parçalamaq üçün.

Əlbəttə, «parçala və hökm sür» siyasəti yenidən Rusiya imperiyasına lazım idi ki, tabeçiliyində olan xalqlar müxtəlif qruplara bölünsün, aralarında intriqalar olsun.

Məhz altmışıncı illərdə çoxusunun əslən heç Bakıya dəxli olmayan, rus, erməni, yəhudi qarışıqlı rusdilli elita formalaşdı ki, bunlar özlərini bütün millətdən yuxarı tutaraq «bakinets» termininini formalaşdırdılar.

Guya bu “bakılılar” xalqın qaymaqları, düşünən beyinləri, nə bilim vuran ürəkləriydi. Həta rus dilində belə bir ifadə də var idi - «Yest takaya natsiya , bakinets» -yəni bakılı adında bir millət də var.

Məqsədləri o idi ki, müxtəlif millətlərin qarışığından ibarət olan bir «Bakinets» obrazı düzəldib onları bütün millətə qarşı qoysunlar.

İmperiya da bir çox işlərdə məhz o bakinetsləri qabağa çəkirdi, xalqın adından bir çox hallarda məhz onlar danışırdılar.

Yazıq bakılılar da təəccüblə bu «bakinets»lərə baxırdılar, çiyinlərini çəkirdilər. Təəssüflər olsun ki, o vaxtkı qarşıdurmanın işartıları indi də hərdən özünü büruzə verir.

- Siz uzun illərdir ədəbi prosesdə gedən qovğalara qoşulmamısınız. Bunu nə ilə izah edirsiniz: diskussiya aparmağa özünüzə bab adam tapmırsınız, yoxsa?..

- Mən ədəbi mühitə gec gəlmişəm, hardasa yaşım otuza yaxın olanda. O vaxta qədər isə yaşadığım Dağlı məhəlləsində o qədər «diskussiyalar»dan keçmişdim ki, ədəbi mühitə gələndə kiminləsə mübahisə eləmək həvəsim də ölmüşdü.

Maraqlı bir detalı qeyd edim, mən «yuxarı məhəllə»dən köçəndən sonra içimdə çox qəribə dəyişikliklər oldu. Əvvəllər ancaq «diskussiya» eləyirdim və qəzəl yazırdım.

Oradan çıxandan sonra isə belə şeylərə həvəsim öldü, başladım nəsr yazmağa. Elə bil köhnə məhəllənin aurasından çıxıb başqa adam oldum.

Əlbəttə, əgər mən yuxarı məhəllədə yaşayan vaxtlarımda ədəbi mühitə gəlsəydim, işim-gücüm yalnız diskussiya eləmək olacaqdı və inanmıram ki, bu diskussiyaların axırı həmişə yaxşı qurtaracaqdı.

- Əkrəm Əylisli "Azadlıq" radiosuna müsahibəsində, “AYB-dən təqaüd alanlar heç nə yaza bilməz”- dedi. Ömrüboyu dövlətin heç bir imtiyazından imtina etməyən ağsaqqal yazıçının bu fikrinə münasibətiniz necədir?

- Cavabı məncə özünüz verdiniz. Əkrəm Əylisli əvvəlcə özünün dövlətdən (istər sovet olsun, istərsə də milli) aldıqlarının siyahısını tərəzinin bir gözünə qoysun, bizim aldıqlarımızı o biri gözünə, görək hansı ağır gələr.

Ümumiyyətlə, sənət insanın cəbhənin hansı tərəfində olub-olmamağından asılı deyil. Guya AYB-dən kənarda olanlar dağı dağ üstə qoyurlar?

- Sizcə, gənc yazıçı və dövlət münasibətləri necə olmalıdır? Dövlətin layihələrindən istifadə etmək sizin yazıçı azadlığınıza xələl gətirmir ki?

- Mənim yazıçı azadlığıma xələl gətirən bir şey varsa o da mənim öz komplekslərimdi.

Dövlət indi kimin əlindən tutub yazmağa qoymur ki? Ağlına nə gəlir yaz da. Uzağı ölkədən qovacaqlar, siyasi mühacir kimi gedib Avropada qrantların hesabına kefə baxacaqsan.

Amma ciddi desəm, məncə, bizdə biznes, maliyyə strukturlarından fərqli olaraq mədəni mühitdə keçid dövrü hələ də qurtarmayıb, ona görə bu münasibətlərin bəzi məqamları bizi qane etmir, lakin vaxt keçdikcə onlar da düzələcək.

- Öz yaşıdlarınızdan bəyəndiyiniz, əsərlərini sevə-sevə oxuduğunuz imzalar kimlərdir?

- Hamısını oxuyuram, amma dəqiq qiymət vermək hələ tezdir, istənilən əsərə qiymət vermək üçün, gərək müəyyən zaman keçsin, əsər belə demək olarsa, günün altında bərkisin, əgər ovulub tökülsə, deməli, müvəqqəti şeydi. Əgər, günün altında bərkiyib daşlaşsa, onda əsl sənət əsəridi. Zaman ən böyük hakimdi.

Söhbətləşdi:
Nərmin Hüseynzadə

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG