Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:53
- Salam! Mənə bədii tərcüməçi lazımdır?

- Şeir, yoxsa, proza tərcüməçisi axtarırsınız?

- Şeir.

- Hansı dilə?

- Fransızcaya.

- Bədii tərcüməçilər burada oturmur. Ancaq təcili gərəkdirsə, zəng edək, gəlsin. Ya da telefon nömrəsi qoyun, sizinlə əlaqə saxlayaq.

Bakının mərkəzində - Üzeyir Hacıbəyov küçəsində bir-birinin ardınca sıralanan tərcümə bürolarında bədii tərcüməçi axtarışlarım nəticə vermədi.

Baş çəkdiyim bütün bürolarda təxminən eyni cavabları aldım – burda deyil, ancaq taparıq.

Qazancı sənəd tərcüməsindən çıxan bürolarda deyirlər ki, bədii tərcüməçilərə tələbat azdır. Ancaq bu işlə məşğul olan şəxsləri tapa bilərlər.

Qazandıqları isə müştəri tapdıqları üçün tərcüməçilərdən alacaqları kiçik faiz olacaq.

Qiymətlərlə də maraqlandıq. Bəlli oldu ki, ədəbi tərcümə biz az bahalıdır.

Əsərin hansı dilə çevriləcəyi, poeziya, yoxsa proza olması qiymətlərə təsir edir. Ən ucuz tərcümə ruscayadır – 1 800 işarəsi 5 manat.

Çünki ruscaya çevirənlər başqa dillər üzrə tərcüməçilərdən daha çoxdur.

İngiliscəyə 7-10 manat, Osmanlı türkcəsinə 8-10 manat arası əsər tərcümə etdirmək mümkündür. Ancaq bu, redaktəsiz tərcümənin qiymətidir.

Fəxri Uğurlu
Tərcüməni redaktə etdirmək üçün müəllif gərək redaktoru özü tapa.

Əsərləri bir neçə dilə tərcümə olunan Fəxri Uğurlunun sözlərinə görə, müəllif əsərini ingilis, türk, yaxud başqa dilə çevirmək üçün əməlli-başlı xərcə düşür:

- Bir çap vərəqi üçün orta qiymət 10-15 manat arasındadır. Xarici ölkələrin çoxunda tərcümə işini nəşriyyatlar üzərinə götürür. Hətta yazıçıya qonorar da verirlər. Azərbaycanda isə bu iş üçün gərək sponsor tapasan.

Fəxri Uğurlu deyir ki, Azərbaycanda keyfiyyətli tərcüməçi tapmaq da çətindir. Yaxşı tərcüməçilər "bir əlin barmaqları qədər azdır".

Onun sözlərinə görə, Azərbaycan ali məktəblərinin tərcümə bölmələrini bitirənlər daha çox xarici kompaniyalarda iş yeri tapmağa çalışır.

Çünki adətən belə iş yerlərində əmək haqları yüksək olur. Ədəbi tərcümə ilə yaşamaq, ailə saxlamaq mümkün deyil.

Çünki yazarların dünya çapına çıxmaq istəkləri olsa da, maddi imkanları yoxdur.

“Dünya ədəbiyyatı” toplusunun baş redaktoru Səlim Babullaoğlu isə fərqli düşünür:

- Azərbaycanda yaxşı əsər də var, yaxşı tərcüməçi də. Tərcümənin qiyməti isə fərqlidir. Ən ucuz qiymət 1800 işarə üçün 5 manatdır. Ən bahalısı 20 Avro.

Əsərləri bir neçə dilə tərcümə olunan şair Qəşəm Nəcəfzadə deyir ki, tərcüməçiləri daha çox İnternet vasitəsilə tapır:

- İlk dəfə şeirlərinin Yazıçılar İttifaqının xətti ilə daha 22 şeirlə birlikdə ingiliscəyə tərcümə edilmişdi.

Qəşəm Nəcəfzadə
Tərcümə kitabını çap edən Hollandiya nəşriyyatı ilə əlaqələrimiz belə quruldu.

Sonra o nəşriyyatda çalışan əslən türk olan tərcüməçilərlə tanış oldum.

Beləliklə, əsərlərim Avropa dillərinə tərcümə edildi. Azərbaycanda da bu işlə məşğul olan professionallar var.

Ancaq onların sayı çox azdır. Çünki görülən işin qarşılığında alınan əməkhaqqı ilə yaşamaq mümkün deyil.

Q.Nəcəfzadə deyir ki, bu işin professionallarını bir araya toplayıb ədəbi tərcümə mərkəzləri yaratmağa ehtiyac var.

Onun fikrincə, neft ölkəsi olan Azərbaycanda bu iş üçün pul tapmaq o qədər də çətin olmaz. Təki istək olsun.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG