Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:48

Seçki pozuntuları...


Parlament seçkisində imzatoplama kampaniyasının bitməsinə az qalıb. Deputatlığa namizəd olmaq istəyənlərin bəziləri isə «yox yerdən» problemlə üzləşiblər. Kimisi xəbər alır ki, təşviqat başlamasa da artıq onun şəkillərini yayırlar, bu da qanuna ziddir. Kimisi əlavə imza vərəqi istəyir, ala bilmir. “AXCP-Müsavat” seçki blokunun 73 saylı Lənkəran seçki dairəsindən vahid namizədi Yadigar Sadıqov isə imza vərəqlərini təhvil vermək üçün lazım olan gəlir arayışını təqdim edə bilmədiyindən şikayətçidir:

“MİN BİR BƏHANƏ İLƏ ARAYIŞ VERMİRLƏR…”

- Mən işlədiyim Lənkəran Dövlət Universitetindən illik gəlirim haqqında arayış istədim. Amma min bir bəhanə ilə bunu verməkdən imtina elədilər. Sonuncu dəfə arayışı gətirdim rektora, baxdı dedi ki, burda “keçmiş müəllim” sözü yazılmalıdır, sən demə məni işdən çıxarıblar. Amma mən universitetə gəlirəm, gedirəm, iclasda iştirak edirəm.

Yadigar Sadıqov arayış ala bilməməsiylə bağlı həm dairə, həm də mərkəzi seçki komissiyalarına şikayət edib. Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərov isə Sadıqova arayış hazırlandığı deyir:

ARAYIŞ HAZIRDIR


- Biz hazırlamışıq. Gəlsin götürsün. O başqa cür istəyirdi, o cür verə bilmərik.

- Sonuncu dəfə siz arayışda “keçmiş müəllim” sözünün yazılmadığını bildirmisiniz...

- Elədir, Yadigar Sadıqov iyunun 30-dan sonra universitetin müəllimi deyil. Amma indi arayışı hazırdı, gəlib götürə bilər.

Daha bir şikayət isə Klassik Xalq Cəbhəsi Partiyasından gəlib. Partiyanın 39 saylı Kəpəz birinci Seçki Dairəsindən namizədi Yunis Nuri isə DSK sədrinin ona imza vərəqlərini verməməsi ilə bağlı təzyiq göstərdiyini iddia edir:

“DOSTYANA” TÖVSIYƏ…

- Məni çağırdı, dostyana dedi ki, şəhər rəhbərliyi sənin namizədliyini istəmir, imza vərəqlərini vermə, versən, onsuz da onları saxta çıxaracam.

Yunis Nuri bu təklifdən həddən ziyadə narahat olub. O, imza vərəqlərini DSK-ya təqdim eləsə də, surətlərini də çıxarıb bir nüsxəsini MSK-ya, o birini də partiyaya göndərib ki, birdən problem yaransa, əlində sübutu olsun. Onu da əlavə edir ki, sədrlə söhbətinin bir hissəsini lentə alıb.

Amma DSK-nın sədri Eldar Əhmədov Yunis Nurini təkzib eləyir. Deyir ki, onun imza vərəqlərini alıb aktını da veriblər. Heç kim heç yerdə ona təzyiq göstərməyib və 7 gün ərzində Yunis Nuriyə cavab veriləcək.

Seçkiyə qatılmaq istəyən siyasi bloklardan AzdalıqRadiosuna deyirlər ki, bəzi dairələrdə namizədlərə ya əlavə imza vərəqləri vermirlər, ya da dairənin ərazisində yaşayan bir çox sakinin şəxsiyyət vəsiqəsini yığıblar ki, seçicilər imza verə bilməsin. Namizədlərin qohum-əqrəbasına təzyiqlərlə bağlı da şikayətlər gəlir.

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədr müavini Bəşir Süleymanlı
Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədr müavini Bəşir Süleymanlı deyir ki, onlar da apardıqları monitorinq zamanı bir sıra pozuntular qeydə alıblar:

TƏZYİQLƏR DAHA ÇOX BİTƏRƏF VƏ MÜXALİF NAMİZƏDLƏRƏDİR

- İmza vərəqlərinin verilməməsi, imza vərəqlərinin yoxlanması zamanı xeyli sayda imzaların saxta çıxarılması əksər dairələrdə baş verib . Xüsusilə bu, müxalifət və bitərəf namizədlərlə baş verib. Bir çox yerlərdə şəxsiyyət vəsiqələrinin vaxtı keçib. Bir də bizə məlumat gəlir ki, bəzi yerlərdə namizədliyini vermək istəyənlərə inzibati üsullarla təzyiqlər olur.

İmzatoplama zamanı təşkilatın qeydə aldığı seçki pozuntuları ilə bağlı ayrıca hesabat veriləcək. Bunu da Bəşir Süleymanlı deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG