Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:04
Babək YUSİFOĞLU

Ta qədim dövrlərdən bu günkü günədək yaşamış məşhur yazıçıların, şairlərin adlarını çəkəsi olsaq bizə bir qəzet səhifəsi deyil, cild-cild kitablar lazım gələcək.

Bəli, ömürlərini bədii yaradıcılığa, qələmə həsr etmiş söz adamları çox olmuşdur.

Və mən belə deyərdim, xoş o şəxsin halına ki, belə nəhənglərin kitablarını bacardığı qədər çox oxuya bilmişdir.

Amma onu da eiraf etmək lazımdır ki, dəyərli söz adamları hər nə qədər olsa da bəşəriyyət, cəmiyyətlər bütün dövrlərdə onların varlığına, insanlarda bədii zövqü formalaşdıran, mənəviyyatı zənginləşdirən istedad sahiblərinə həmişə ehtiyac duyulub.

Həmin ehtiyac elə bu gün də var, yəqin ki, sabah da olacaq.

Nəhayət Defo cəzalandırıldı. Əvvəlcə Defoya pul cəriməsi kəsildi, sonra isə onu ümumiyyətlə üsyançı elan edərək "biabırçı dirəyə" bağlanma"sını həyata keçirdilər.
Çox maraqlıdır, bu istedadlar sırasında elələri də var ki, onların yaratdıqları obrazlar, qəhrəmanlar müəllifin öz adından, imzasından daha məşhur olub, yazıçının qəhrəmanı ilə tanıyıblar.

İnsanlar Don Kixotu Servantesdən, Ovodu Voyniçdən çox tanımırlarmı? Jan Valjan, Kvazimoda Viktor Hüqo qədər məşhur deyilmi?

Yaxud Martin İdenin də adı heç Cek Londondan az çəkilmir. Əminəm ki, Daniel Defo haqqında da eşitməyən elə adamlar var ki, Robinzon Kruzodan daha çox şeylər danışa bilərlər.

Ser Defo Robinzon Kruzo haqqında yazdıqlarını təxminən dörd yüz ilə yaxındır ki, adamlara oxutdurur. Məncə oxutdurmağa hələ davam etdirəcək də.

(Əlbəttə, belə məşhurların sırasını artırmaq da olar, məncə buna ehtiyac yoxdur).

Əslində adlarını çəkdiyim və ya çəkmədiyim belə nəhəng söz adamlarının öz şəxsi həyatları da maraqlı, qəribəliklərlə dolu olub. Oxuduqca oxumaq istəyirsən.

Daniel Defonun həyatı kimi.

UŞAQLIĞI VƏ GƏNCLİYİ

Daniel 1660-cı ildə (bəzi mənbələrdə bu rəqəm 1661-ci il göstərilir) İngiltərədə - Kriplqeytdə anadan olmuşdur.

Onun atası Ceyms Fo (yazıçı sonralar familyasının əvvəlinə "de" artıraraq "Defo" etmişdir) həmin dövrlər üçün yaxşı gəlirli iş hesab olunan qəssablıqla məşğul idi. Və çox istəyirdi ki, gələcəkdə oğlu ya tacirlik etsin, ya da illahiyyatla məşğul olsun.

Daniel Defo
Bundan ötrü çalışırdı da. Amma balaca Danielin anası ərinin fikirləri ilə razı deyildi.

Çünki qadın oğlunun hələ kiçik yaşlarından başlayaraq oxumağa nə qədər həvəsli olduğunu görürdü.

Həqiqətən də Daniel böyük acgözlüklə tarixdən, səyahətlərdən, macəralardan bəhs edən kitablarla çox maraqlanırdı.

On iki yaşı olanda onu "Nyuinqton akademiyası" adlanan məktəbə qoydular və Daniel burada 4 il oxudu.

O, məktəbi bitirəndən sonra bir müddət corabların topdansatış ticarətiylə məşğul oldu və bu iş ona həyatın ən müxtəlif üzləri, xarakterləri ilə tanış olmasına şərait yaratdı.

Daniel Defo 1684-cü ildə varlı bir çəlləkçinin qızı ilə evləndi və bir neçə il də ticarətdə çalışdı. Təbiətən özünə qarşı tələbkar olan Daniel üzərinə düşən bütün işləri tənbəllik etmədən yerinə yetirirdi.

O, bir müddət kərpic zavodunda yüksək vəzifədə də çalışdı.

Amma bütün bu illər ərzində Daniel hiss edirdi ki, çalışdığı yer onun ürəyincə deyil. Təxminən üç ildən sonra Daniel Defo özünü maraqlandığı işə həsr etməyə qərar verdi.

Və siyasi jurnalların birində jurnalistik fəaliyyətə başladı.

Çox çəkmədi ki, özünü və ümumiyyətlə cəmiyyəti narahat edən problemləri kəskin qələmlə gündəmə gətirdi.

İlk vaxtlar yazıları ilə şöhrət qazandığını demək çətindi. Amma o yaradıcılıqdan çəkilmək haqqında düşünmürdü.

Hətta bu arada gedən siyasi proseslərə də qoşuldu.

Belə ki, Daniel Defo hersoq Monmautun ordusuna daxil olaraq İngiltərə hakimiyyətində oturub fransız siyasəti yeridən, çoxluğun qəbul etmədiyi kilsə "islahatları" aparan qohumu Yakov Styuarta qarşı çıxdı.

Lakin yuxarı dairələr tərəfindən bu etirazçıların hərəkatı amansızlıqla yatırıldı və o təqiblərdən canını qurtarmaq üçün xeyli müddət gizlənməli oldu.

Yalnız Vilhelm Oranski hakimiyyətə gələndən sonra Daniel Defo üzə çıxa bildi və yenidən jurnalistlik fəaliyyətinə davam etdi.

Və qələmə aldığı "Səmimi ingilis" pamfleti dərc olunandan sonra tanınmağa başladı, bu yazı ona böyük uğur qazandırdı.

O, pamfletdə əslən hollandiyalı olan kraldan bəhs etdiyinə görə, həm cəmiyyətdə, həm də sarayda böyük səs-küy yaratmışdı. Hətta Vilhelmin özü müəllifi görmək istədi.

Bu görüşdən sonra Kral Danielə həmin dövr üçün kifayət qədər böyük məbləğ hesab olunan pul mükafatı təyin etdi.

SİYASİ TƏQİBLƏR

Lakin Daniel Defonu qarşıda başqa sürprizlər gözləyirdi. Belə ki, 1702-ci ildə konservatorlar partiyasının təsiri altında olan Anna Styuart İngiltərə taxt-tacına sahib oldu.

Defonun "rüsvayçılığı"
Həmin vaxt Defo özünün məşhur satirik büroşürünü çap etdirdi.

Əvvəlki vaxtlar parlamentarlar onlardan bəhs edən bu əsərdəki satiranı başa düşmədikləri üçün alqışladılar, amma satiranın həqiqi üzünü anlayandan sonra yazıçıya hücumlar artdı.

Nəhayət Defo cəzalandırıldı. Əvvəlcə Defoya pul cəriməsi kəsildi, sonra isə onu ümumiyyətlə üsyançı elan edərək "biabırçı dirəyə" bağlanma"sını həyata keçirdilər.

Amma bunlar Daniel Defonun daha da şöhrətlənməsinə, populyarlaşmasına xidmət göstərdi. İnsanlar dəstə-dəstə gəlib "biabırçı dirəyin" önünə gül dəstələri qoyurdular.

Həbsxanada Defo özünün "Biabırçı dirəyin himni"ni yazdı və "Müşahidə" jurnalında dərc etdiri. Bu yazı da səs-küylə qarşılandı.

Daniel Defonun həbsxana həyatı iki il çəkdi. Amma azad olunduqan sonra hakimiyyət ona ciddi bir missiya həvalə etmək fikrinə düşdü.

Beləliklə Şotlandiyanın İngiltərəyə birləşdirilməsi üçün əsasların işlənib hazırlanmasını həyata keçirəcək heyətin tərkibində Daniel Defo Şotlandiyaya göndərildi.

Və hakimiyyətə məlum oldu ki, Daniel Defo həm də istedadlı diplomat imiş. Amma onun bu sahədə uzun müddət fəaliyyət göstərməsi mümkün olmadı.

Belə ki, hakimiyyətə gələn Hannoverlər evi haqqında yazdığı zəhərli məqalə yenidən Daniel Defonun yüksək məbləğdə cərimələnməsi və həbsi ilə nəticələndi. Yazıçı həbsxanada xeyli müddət yatdı.

Bu hadisədən sonra Daniel Defo siyasətdən həmişəlik getməyə qərar verdi.

DÜNYA ŞÖHRƏTİ GƏTİRƏN ƏSƏR

O, həbsxana həyatı ilə vidalaşandan sonra, 1719-cu ildə özünün dünyanı fəth edən ən məşhur əsərini - "Robinzon Kruzo"nu yazdı. Əslində Daniel Defo bədii yaradıcılığa çox gec başlayıb. Yazıçı bu əsərini yazanda onun təxminən 58 yaşı var idi.

Lakin bu roman Defoya inanılmaz şöhrət gətirdi. Əsər işıq üzü görəndən ta indiyədək dünyanın elə bir ölkəsi yoxdur ki, orada çap olunmasın.

Məhz yüksək bədii keyfiyyətlərinə, hadisələrin ustalıqla, şirin dillə təsvir edilməsinə, süjet xəttinin çox maraqlı qurulmasına, ümumiyyətlə gözəl qələmə alınmasına görədir ki, "Robinzon Kruzo" ən çox tərcümə olunan, ən çox tirajla çap olunan əsərlərin ön cərgəsindədir.

Daniel Defo bu əsəri ilə Avropada həm də roman janrına yeni keyfiyyətlər gətirdi, köhnə steriotipləri dağıtdı. Nahaq yerə onu Avropanın yeni romançılığının banilərindən biri hesab etmirlər.

Daniel Defo
Ustalıqla yazılmış bu əsərlə bağlı ən maraqlı cəhətlərdən biri də budur ki, roman dəniz səyahətindən bəhs etsə də Daniel Defo yalnız bircə dəfə - gənclik illərində gəmiylə Portuqaliyaya səfər edib, yerdə qalan bütün ömrünü yalnız öz vətənində keçirib.

Defo əsərin süjetini həyatdan götürüb. Həmin dövrlər - 16-18-ci əsrlərdə dəniz ölkələrindən gəmi ilə uzun səyahətlərə çıxanlar çox idi.

Və dənizçilər bu səfərlər haqqında çox maraqlı macəralar danışardılar.

Defo şotlandiyalı bir dənizçinin insan ayağı dəyməyən kiçik bir adada dörd il dörd ay yaşaması, sonradan təsadüf nəticəsində xilas olması haqqında hekayətini dinləmişdi.

İstedadlı yazıçı məharətlə bu hadisələri bədiiləşdirərək oxucunu Robinzon Kruzo ilə adada günbəgün, saatbasaat yaşatmağa, onunla birgə çətinlikləri aşmağa məcbur edib.

Romanı oxuyan hər kəs sanki Robizonla birgə həmin həyatı yaşamış olurdu. Və bu da müəllifin inkaredilməz istedadının sayəsində idi.

Qazandığı bu böyük uğurdan sonra yazıçı həvəsləndi və səyahətdən bəhs edən bir neçə əsər yazdı. "Polkovnik Cek", "Dünya ətrafinda səyahət", "Dəniz qulduru", "Şeytanın siyasi tarixi" çap olunsa da "Robinzon Kruzo"nun kölgəsindən çıxa bilmədilər.

Ümumiyyətlə, Daniel Defo bədii yaradıcılığa çox gec başlasa da inanılmaz məhsuldarlıqla işləməyi bacarmşıdır.

Belə ki, onun 200 dən çox kitabı və broşürləri vardır ki, yüz illərdir oxucuların əlindən düşmür. İngilislər uzun illər Defonu İngiltərənin sərvəti adlandırıblar, onun istedadı ilə fəxr ediblər. Amma...

SON

Bu istedadlı, çox məşhur yazıçı, həm də İngiltərə siyasətində qısa da olsa öz sözünü deyən adam böyük maddi sıxıntılar içərisində yaşadı, pulsuzluqdan əziyyət çəkdi, elə yoxsulluq içərisində də 70 yaşında bu dünyayla vidalaşdı .

Ən acınacaqlı fakt isə budur ki, əsərləri ilə dünyanı fəth edən yazıçının qəbrində üç-dörd kəlmə yazısı olan başdaşı yalnız 18-ci əsrlərin axırlarında qoyulub.

Çox sadə qəbir lövhəsində isə bunlar yazılıb: "Daniel Defo, "Robinzon Kruzo"nun müəllifi. Doğumundan 70 il sonra 1731-ci il 24 apreldə ölüb". Vəssəlam.

Göründüyü kimi, onun özündən də məşhur olan qəhrəmanının adı Defonun qəbirdaşında da özünə yer tapıb.

Amma tanıyanlar tanıyır, bilir ki, Daniel Defo nəhəng yazıçıdır və qəhrəmanı Robinzon Kruzo da o böyük istedadın məhsuludur.

Və nə qədər populayar olsa belə yenə öz müəllifinə, qəbir daşında adı qoşa çəkilən Daniel Defoya "borcludur".

"Ədalət" qəzeti

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG