Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:34
Bərdənin Gülgəzli və Xəsili kəndlərində deputatlığa namizədin nümayəndəsinə imza toplamağa imkan verilmir. Kənd icra nümayəndələri sahə müvəkkilləri ilə birlikdə imza toplayanları izləyir, sakinlərə təzyiq göstərirlər. Bunu AzadlıqRadiosuna 94 saylı Bərdə kənd seçki dairəsindən namizədliyi irəli sürülmüş Elnur Məcidli deyib:

«Xəsili kəndində vəziyyət daha da ağırdır. Oradakı icra nümayəndəsi Şahin Baxışov mənim imza toplayan nümayəndəmə və əhaliyə təzyiq göstərir. Kəndlilərə deyir ki, imza versəniz torpaqlarınız əlinizdən alınacaq. Gülgəzlidəki kimi Xəsilidə də sahə müvəkkili bu qeyri-qanuni müdaxiləyə yardımçılıq edir. Çox güman ki, polis rayon icra hakimiyyəti başçısının birinci müavini, seçki işlərinə baxan Məzahir Qasımovun göstərişi ilə hərəkət edir».

Bərdə rayon icra hakimiyyəti başçısının birinci müavini Məzahir Qasımov deyilənlərin böhtan olduğunu bildirir. O deyir ki, seçkilərlə rayon icra hakimiyyəti yox, dairə seçki komissiyası məşğul olur.

«Tam qeyri-səmimi məlumatdır. Ərazi icra nümayəndələri özbaşına deyillər seçki prosesinə müdaxilə etsinlər. İcra Hakimiyyətindən isə onlara belə bir göstəriş verilməyib. O ki qaldı sahə müvəkkili barədə deyilənlərə, polis icra nümayəndəsinin sözü ilə namizəd təqib etməz. Bu, mümkünsüzdür».

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirib ki, polis haqqında deyilənlər kökündən yanlışdır:

«Belə şeylər qətiyyən ola bilməz. Polis siyasətdən kənardır. Ona görə, hansısa polis əməkdaşının namizədlərə maneçilik törətməsi barədə iddialar əsassızdır. Belə faktlar ola bilməz».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG