Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:05

Əsəd Qaraqaplan "Sən məni başa düşməzsən.. bəy"















Sən məni başa düşməzsən.. bəy


sən məni başa düşməzsən.. bəy
mən bir az kefli
bir az dərdli
bir az şənəm
lənətlənmiş bir evin cocuğu
tərk edilmiş bir ürəyin sahibiyəm..

varlığımı çoxu sevməz
baxışımdan gülüş qonmaz qadınların sifətinə
qarşımda kişilərin ürəyinin əsməyi var..
bütün bunlara rəğmən
ən müqəddəs adamın da unutduğu mənəm mən..

sən məni başa düşməzsən.. bəy
mən kefdən içirəm
mən dərddən içirəm
mən sadəcə içirəm

bir dostum vardı
dəliqanlı.. söz götürməz
sözlə nəfəs alardı..
bir dəfə unutmuşduq gecənin yarısını
baş-başa verib üsyan etmək istəmişdik
insanların bizə haqsızlığına..
əlimiz yalın cibimizsə boş idi
ayağımız torpaqdaydı Allahın göyü altda..

..dostum çıxıb getdiyində sağ ol belə demədi
gecələr tən ortadan yarıldı başım üstə
üsyan etdim bu gedişin sükutuna
səs nəfəsimi kəsdi
söz doğradı dilimi
tüpürdüm insanlara dostumun gedişində..

sən məni başa düşməzsən.. bəy
əliyalın, cibiboş insanların üsyana qalxmağını
üsyan.. üsyan belə sevməz
tən ortadan yarılan gecələrin
bir üzü üstünə aşar
insanların haqsızlığı sənin içindən keçər..
sənin içini deşər
başıboş cibidolu əlisilahlı yaratıq..
üzünə gülümsəyən canını almağa hazır
qarşında ağlayansa başını kəsər arxadan..

sən məni başa düşməzsən.. bəy
bir az daha kefdən içmək
bir az daha dərddən içmək
bir az daha içmək.. içmək..

..yox.. mən daha ayıldım
gözlə görünən.. əllə tutulan hər şeydən..
daha gündüzlər günəş olmur başım üstə..
daha lampa işığında oturmuram gecələr..
daha əllərim bir qadının
saçlarına.. yanağına.. bədəninə toxunmur..
daha qəzəblə yürümürəm
bu şəhərin leş qoxan küçələrin..
daha vecimə almıram insanların leş içlərin
daha.. daha.. daha..
sən məni başa düşməzsən.. bəy..

..şeir belə anlada bilməyəndə
içimin yanğısını
göz yaşlarım quruyanda bəbəyimin içində..
parçalanmış bir içlə
dolaşanda insanların arasında
bir adam tapmayanda ölmünə ağlayasan
sən məni başa düşməzsən.. bəy..

sən məni başa düşməzsən.. bəy
mən bir az kefdən içmirəm
mən bir az dərddən içmirəm
mən bir az içmirəm.. bir az içmirəm..

sən məni başa düşməzsən.. bəy
boş ver bir az
bu şüşədən sonra
bu gecədən sonra
bu heç nəyin.. heç kəsin olmayan küçədən sonra
boş ver bir az

gəl bir az kefdən içək
gəl bir az dərddən içək
içək.. içək
qədəhini qaldır sadəcə içək..
sən məni başa düşməzsən.. bəy..


Yalnız qaranlıqlara

Dərin yuxuya dalmış ayrılıq gecəsiyəm
İnsanlardan xəbərsiz mən bir can küçəsiyəm
Bu gecə bu küçəni gəlib də keçəsiyəm
Yalnız qaranlıqlara.. yalnız qaranlıqlara..

Öldüm, artıq cəsədəm, yerdən götürür məni
Bu küçədən bu gecə gəlib ötürür məni
Bu gecə öz əlindən salıb itirir məni
Yalnız qaranlıqlara.. yalnız qaranlıqlara..

Çiyinlərinə enib gedirəm, sürünmürəm
Bu gecə bu küçədə işığa bürünmürəm
İlk dəfə baş əyirəm.. əyirəm, görünmürəm
Yalnız qaranlıqlara.. yalnız qaranlıqlara..


Anti-Depressiya

bir dəli adamın yaşantısından betər
bir bilgin adamın yaşantısından ötə
əli-ayağı əsən
beyni dumanlı bir gənc
ətrafı iyrənc
tutunacaq son yeri əllərini doğramış
gedəcək son yolunu Yaradana bağlamış
bir ölüm gözləyir ki, özündən böyük ölüm
bir yaşam gözləyir ki, kimsə verməz min il də
həyatın dibi geniş, həyatın dibi işıq
həyatın üstü bulud, həyatın üstü dardı
nə bir yaxın əzabı, nə bir uzaq sevdası
qollarını bağlamaz
yollarından saxlamaz

bir uçurumun dibinə atılıb Xilas olan
bir qəddar ürəklidi göz görəsi hər şeyə
..gecə yarı oyanıb çıxar sakit eşiyə
nə bir səs tutar onu, nə işıqda kölgəsi
öz içində bağırar, öz içindədi səsi
həyat belə nə gözəl, həyat belə nə rahat
bir günəşdən yoxsulsa yenə gözəldi həyat
durub baxar üzünə tərs göztərən aynada
durub qırar aynanı tək qalar aynadan da
..itlərin hürüşməsi, nə xoruz banlaması
nə bir yaxın düyünü, nə bir qəribin yası
ürəyinə toxunmaz

ona başqa avazda Quran belə oxunmaz
səs gələr ürəyinə, qulaqları tutular
səsi çəkər içinə, səssizlikdə oturar
bir siqara alışar, duman çıxar başından
milyon ildi yol gəlir iyirmi beş yaşından
içər-içər özündən çox balaca camları
özündən uzaq edər balaca adamları
söyər-söyər özünü, lənətləyər özünü
döyər-döyər özünü, bir də döyər özünü
həyatı başqan xarab, həyatı qəlbi açıq
həyat adamlarıyla adi, sadə, yarımçıq

bir qəzəb sevdasına tutulmuşsa ürəyi
eh bundan sonra onun kim olacaq köməyi
Allahmı göydən baxır, günəşmi göydən çıxır
bəs bu gecə yarısı kim onu yerdən sıxır..
bəs bu kimin əlidi yapışıb yaxasından
bəs onu kim oyadıb bu gecə yuxusundan..
kim çəkib gözlərinə qaranlıq pərdəsini
niyə kimsə eşitmir içindəki səsini..

yoxsa hər kəs öldümü, yoxsa kimsə qalmayıb
yoxsa özü olmayıb, özü adam olmayıb..
bəs bu insan əzabı, bəs bu gecə kimindi
bu xaraba məmləkət, bu xaraba şəhər-kənd
bəs bu küçə kimindi..
..dəlimi oldum, Allah, adam olmadımmı heç
keç günahımdan, Allah, keç, adamlığımdan keç..


Çox dəyişdin deyirlər

çox dəyişdin deyirlər..
bir az daha yaşlandım
bir az daha 25-ə yaxınlaşdım
uşaqlaşdım bir az daha..

dostlardan birər-birər uzaqlaşdım
ya da dostlar birər-birər atıb getdilər məni..
indi daha yaşlılara
indi daha kiçiklərə qoşuluram..
müidrim Salam Sarvan oldu
Aqşin Yenisey iş yoldaşım
dostum oldu Xanəmir Telmanoğlu..
yaşda məndən kiçik olanlar
gəlib-getməyə başladılar yanıma
Ayxan, Ayaz, Səlcuq, Məcid..

çox dəyişdin deyirlər..
indi saçlarımı arxaya darayıram
saqqal saxlayıram
ama nə qədər olsa da
yazdıqlarımdan daha güclü görünürəm deyirlər..

çox dəyişdin deyirlər..
mən heç dəyişmədim, dost
bir az daha yaşlandım
bir az daha 25-ə yaxınlaşdım
bir az daha uşaqlaşdım sadəcə..

dostlardan birər-birər uzaqlaşdım
ya da dostlar atıb getdilər məni..
indi daha yaşlılara
indi daha kiçiklərə qoşuluram sadəcə..
müdirim Salam Sarvan oldu dəyişmədim..
Aqşin Yenisey iş yoldaşım..
dostum Xanəmir Telmanoğlu..
yaşda məndən kiçik olanlar
gəlib-getməyə başladılar yanıma
dəyişmədim
Ayxan, Ayaz, Səlcuq, Məcid..

saçlarımı arxaya darasam da
saqqal saxlasam da
yazdıqlarımdan daha güclü görünsəm də
dəyişmədim

mən heç dəyişmədim, dost..
bir sevgilimi dəyişdim
sevgilərimi dəyişmədən..
bir də bu saydıqlarımı..

mən heç dəyişmədim, dost
mən özümü tapdım bir az
bir az daha yaşlaşdıqca
bir az daha 25-ə yaxlaşdıqca
bir az daha uşaqlaşdıqca tapdım..

dostlardan birər-birər uzaqlaşıb
ya da dostlar birər-birər atıb getdikcə məni
indi daha yaşlılara
indi daha kiçiklərə qoşuduqca
mən özümü tapdım bir az..

müdrim Salam Sarvanda
itirdiyim böyük qardaşlarımı..
iş yoldaşım Aqşində
gülüşün öldürücü dəhşətini
ağlayıb ürəyi boşaltmağın güclülüyün..
dostum Xanəmir Telmanoğlunda
güclü olmaq
həyata qarşı yenilməməyi tapdım..
bir də qarşı masada otururan İbarhimdə
sakit baxışlarında min bir sual gizlənən
o qəribə kənd oğlunda
mən özümü tapdın bir az..

məndən kiçik olanlar
gəlib-getməyə başlayanda yanıma
Ayxan, Ayaz, Səlcuq, Məcid..
mən özümü tapdım bir az

saçlarımı arxaya darayanda
saqqal saxlayanda
yazdığımdan daha güclü görünəndə
mən özümü tapdım bir az

çox dəyişdin deyirlər..
Allah haqqı, Quran haqqı
mən heç dəyişmədim, dost..
Allah haqqı, Quran haqqı
mən özümü tapdım bir az...


Otaq

Asta-asta üzü üstə
Çəkil get öz yatağına
Qoy mən sənə şeir yazım
Tikilməmiş otağımda

Bu otağın divarları
Bu otağın tavanı yox
Bu otağın bişmişi nə
Bu otağın yavanı yox

Qadını yox əl gəzdirə
Fəhləsi yox təməl qaza
Kişisi yox çörək ala
Şairi yox şeir yaza

Dodağı yox boyalana
Ətirlənən gülü yoxdu
Bu otağın içi mənəm
Bu otağın çölü yoxdu

Yoxam ki mən bu otaqda
Bu otaqda həm də varam
Mən bu otağın içiyəm
Bu otağa həndəvərəm

Divarları sümükdənmi
Suvağı dəridənmi heç
Yolu uzaq düşənlərin
Yolu bəridənmi heç

Gəl sən bir qonaq ol mənə
Gəl hərdən bir bu yerdən keç
Ciyərimdən bir parça ye
Bir istəkan qanımdan iç

Baxma divarsız biriyəm
Baxma tavanım yox mənim
Sənə qaynayacaq qanım
Doğradığın ciyərim var
Qorxma yavanım yox mənim

Divarınam sümükdənəm
Suvağınam – dərin mənəm
Mən sənin öz arvadınam
Qorxma sənin ərin mənəm.

Asta-asta üzü üstə
Çəkil get öz yatağına
Qoy mən sənə şeir yazım
Tikilməmiş otağımda

esed_n@mail.ru

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG