Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:45
Suda, quruda yaşayanlar

(uşaqlar üçün üç kiçik hekayə)

1

-Salam, ata.

-Salam, oğlum.

-Ata, hələ Amerikadasan?

-Hə, oğlum.

-Nə vaxt gəlirsən?

-Həftənin axırına gələcəm, oğlum.

- Eee, tez gəl də.

- Gələcəm darıxma. Dərslərini oxuyursan? Bacın necədi? Anan? Bax evin kişisi sənsən, evi sənə tapşırmışam onlardan muğayat ol!

-Delfin aldın?

-Nə?

-Delfin.

-Delfin?

-Delfin də. Bəs mənə demişdin Ameriakadan gələndə sənə bir cüt delfin alacam? Aldadırdın məni?

-Yox ay balam, aldatmıram. Gəlməmişəm axı hələ. Gələndə alaram, amma delfini harda saxlayassan? Bəlkə gələndə sənə it alım, hə? Burda yaxşı itlər var.
Ya da meymun.

-Yox istəmirəm, itim var. Meymundansa xoşum gəlmir. Mənə delfin al, bilmirəm.

-Bir akvariumun var ki, qonaq otağının yarısını tutur. Dünyada balıq növü yoxdur ki, onun içində olmasın. Ən nadir balıq növləridir. Daha bundan artıq nə istəyirsən?

-Delfin.

-Harda saxlayassan delfini?

-Bağda, hovuzda.

-Hovuzda özümüz çimirik axı?

-Başqa hovuz tikdirərsən çimmək üçün, mənə delfin al.-Uşağın ağlamsındığı səsindən hiss olunurdu. Oğlunun mızıldamağa başladığını görən, başının üstündə dayanmış anası dəstəyi alıb yoldaşı ilə danışmağa başlayır.

-Əli, sən allah heç olmaya ordan gələndə delfin al gətir. Bezdirib məni. Bütün günü delfin, delfin. Bezmişəm daha oğlunun əlindən.

-Yaxşı, yaxşı. Soraqlaşaram görüm Ameriakada delfini harda satırlar, gələndə alıb gətirərəm.

Qadın yoldaşı ilə danışıb qurtarandan sonra ayaqlarını da altına yığıb divanda oturub mızıldanan oğlunun başını sinəsinə sıxdı. Onun saçlarını oxşaya-oxşaya əmin olmasını, atasının Amerikadan gələndə mütləq delfin alıb gətirəcəyini söylədi.

Sevincək olmuş uşaq çölə qaçdı. O bağbanı bağçada ağacların arasında tapdı. Bağban ağaclara dərman vururdu. Sahibin oğlunu görən kimi əlindəki cihazı durdurdu. Uşaq ona:

-Əmir əmi, hovuzun suyun boşalt, təzədən doldur, amma suya dərman qatma. Heç kimi də çimməyə qoyma. Atamın Amerikadan alıb gətirəcəyi delfinləri hovuza buraxacam.

Əynini dəyişib sürücüylə delfin yemi almaq üçün zoomağazalara baş çəkməyə gedən balaca sahib qayıdana kimi bağban hovuzun suyunu boşaldıb qurtarmışdı, divarlarını yuyub təmizləməklə məşğul idi.

2

-Oğlum, necəsən?

-Yaxşıyam dədə. Nə vaxt gələssən işdən? Gecdi daha.

-Gəlirəm oğlum, çıxmışam işdən, yoldayam. Yatmamısan hələ? Gələndə nə alım sənə.

-Yoqurt.

-Sonra?

-Bilmirəm ki. Çipsi.

-Başqa.

-Bilmirəm.

-Yaxşı dəstəyi ver anana. Gələndə yoqurtla, çipsi alacam.

-Ata, maaş almısan?

-Necə bəyəm?

-Demişdin maaş alanda balıq alassan mənə. Anam deyir istəmə atandan heç nə. Pulu yoxdu,sən ondan nəsə istəyəndə ala bilmir, kefi pozulur.

-Yaxşı. Alacam. Darıxma. Telefonu ver anana.

-Hardasan?

-Çıxmışam işdən. Nərimanovdayam.

-Maaş almısan? Dostlarınlasan?

-Yox.

-Neynəyirsən bəs orda?

-Burda zoomağaza var gecəyə kimi açıq olur. İstəyirəm uşağa balaca akvarium-balıq alım.

-Balığı neynəyirsən? Pulun var? Qələt eləyir, alma.

-Yaxşı, yaxşı kontur azdı. Uşaqdır da xətri istəyir. Bir dəfə qonaqlığa getməyib puluna uşağın istəyini yerinə yetirməklə heç nə olmaz.

-Qələt eləyir, alma! Dərdimiz ümman-dəryadı, qaz pulunu iki aydır ödəmirik...

-Gələrəm evdə danışarıq, çatdım dükana. Uşağa de məni gözləsin, yatmasın.

3

-Oğlum, niyə ağlayırsan?

-Delfinlər öldü.

-Xəbərim var. Televizorda gördüm. Müdhiş səhnə idi.

-Mən də orda idim. Altımışa yaxın delfin özünü atmışdı sahilə. Hamı, hamı xilasedicilərə kömək edirdi. Mən də kömək edirdim. Amma xeyri olmadı. Cəmi ikisini xilas eləyə bildik.

-Yaxşı ağlama, oğlum. Ağlamaq çarə deyil. Axı sən və ya xilasedicilər neynəyə bilər ki, delfinlərin kütləvi intiharı təbiətin açılmamış sirrlərindən biridir.

-Amma sahildəkilər arasında belə bir söz gəzirdi ki, okean neft tullantıları ilə çirkləndiyi üçün canlı aləm məhv olmaq təhlükəsi ilə üz-üzədir. Delfinlərin kütləvi intiharı isə təbiətin harayıdır. Təbiət bizi xəbərdar etmək istəyir, tədbir görülməsə böyük ekoloji katastroflar olacaq.

-Mənim ağıllı balam bunların hamısını sənə sahildəki dostların dedilər?

-Hə. Bir də dedilər ki, hamısının baiskarı neftdir. Ata, çıx o işdən qayıt evə. İstəmirəm orda işləyəsən.

-Az qalıb oğlum, bir aydan sonra Avstraliyaya qayıdacam.

-Hansı tərəfdəsən?

-Finlandiya sahillərində.

-Ata, bir hadisə də olub.

-Nə?

-Balıqlar öldü.

-Necə?

-Balıqlar öldü.

-Hansı?

-Otağımdakı balıqlar.

-Onlara nə oldu?

-Dünən akvariumun suyun dəyişdim. Bu gün səhər baxdım ki, hamısı köpüb, suyun üzündə hərəkətsiz vəziyyətdədirlər. Rəngləri də ağarıb.

-Balıqlar nədən öldü? Onların da baiskarı neftdir?

-Hə.

-Necə?

-Su daşıyanda səhvən sənin qarajda benzin saxlamaq üçün istifadə etdiyin mehtərəni işlətmişdim. Yazıq balıqlar.

-Yaxşı oğlum ağlama, delfinlərə və balıqlara görə də üzülmə. Ok?

-ok.

-Bax belə. İndi ver dəstəyi anana.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG