Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:26

Flora Kərimova: «Belə vaxtlarda hardaydız?..»


Flora Kərimova
Flora Kərimova
«İşdən sonra» verilişinin qonağı xalq artisti Flora Kərimovadır.

- Flora xanım, Avropa İnsan haqları məhkəməsi sizin seçkilərin saxtalaşdırılması ilə bağlı iddianızı təmin edib və sizə 59 min avro təzminat verilməsini tələb edib.

- Olar bir zarafat edim? 59 min 100 avro. 100 manat mənim qiymətim. 59 min mənim vəkillərimin. Əsabəli bəyin və Fuad Ağayevin.

- Flora xanım, bu beş il mübarizə aparmaq yəqin ki, xeyli enerji tələb edir.

- Mübarizəni mən aparmırdım. Mübarizəni aparırdı Əsabəli bəy Mustafayev. ATƏT-in Sumqayıtda olan sədri idi. Hüquq Mərkəzinin rəhbəri idi. Və sonra qoşuldu Fuad Ağayev. Mən özümə borclu deyiləm. Mən bu iki insana borcluyam. Mənə dayaq olan bu iki insana. Biz o vaxt Əsabəli bəylə və bütün qrupla məsləhətləşdik qara piarı aradan götürdük. O vaxt da var idi kiminsə ailəsindən bir şeyi götürüb onu gözdən salmaq üçün istifadə etmək. Çox qəribədir ki, biz o vaxt bir-birimizin xeyir işinə də dəvət olunurduq. Mən dəvət olunmuşdum Qəhrəman adlı alternativ rəqibimin-özü də çox güclü namizəd idi. Gedirdik bir-birimizin şənliyinə. Qəribəsi o idi ki, mən onu təbliğ edirdim. O da məni təbliğ edirdi. Çox sıcaq keçirdi. Ağrılı keçirdi. Təbii ki, «obşijitelləri2 görmək mənə ağır gəlirdi. Oturub ağlayırdım. İnanın mənə, yalan danışmağa utanaram, əllərimi öpürdülər, ətəyimi öpürdülər, ağlayırdılar, deyirdilər Flora xanım, qoymayacaqlar sizi, qoymayacaqlar. Buna baxmayaraq, Əsabəli bəyin təşəbbüsü ilə oldu Avropa Məhkəməsi. Ümumiyyətlə, mən baş qoşmaq istəmirdim bu işə. Seçkini hamar apardıq. Fuad bəy də qoşuldu bu işə. Desəm ki, üçümüzün yox, bu iki insanın qələbəsidir.

- Amma bir neçə nəfər yarımçıq qoydu bu seçkiləri.

- Bu, mənim xasiyyətimdə yoxdur. Başımla divarı yarıram. Hətta biləndə ki, mən o yolda xeyir görməyəcəyəm, hansısa söz-söhbətə düçar olacağam, hansısa anlaşılmazlıqla qarşılaşacağam və kəskin bir duruma düşəcəyəm yenə də gedirəm. Xasiyyətdir də, neynəyim? Dəyişə bilmirəm.

- Məbləği necə bölüşdürəcəksiniz?

- Əsabəli bəy əvvəldən axıra qədər bu beş il mənimlə oldu. İndiki məhkəmə proseslərimi də Əsabəli bəy aparır. Fuad bəylə ikisi də təmənnasız iş görüblər. Bu mənə çox önəmli idi. Çox xərc aparan bir proses idi. Bu prosesdə hövsələ xüsusən Əsabəli bəyə vacib idi. Fuad bəyə də bir də təşəkkür edirəm.

- Dinləyici yazır: Flora xanım, biz sizi sevirik. Amma siyasətə qoşulmayın. Sizi incikli görəndə bizə xoş olmur. Qalın müğənni kimi və bizim sevimlimiz kimi.


- Mənim siyasətim Qarabağ idi, vətən idi, siz idiniz. Hər biriniz ayrı-ayrı bir millət olaraq, xalq olaraq. Ən böyük təşəkkürüm mənim xalqımadır. Onlar məni yerə çırpmadı. Onlar münasibətin göstərdilər. Onlar kəskin vaxtlarda, mənim qatarım getdi deyilən vaxtlarda mənim qatarımı sən demə mən yox, mənim qatarımın sükanı arxasında mənim xalqım ehtiram edən, məni sevən insanlar oturub aparırdı. Və ömür sükanını da onlar aparırdı. Bəlkə də, elə ona görə də mən sınmadım, əyilmədim, bükülmədim. Və diz üstə durmadım.

- Amma Flora xanım sizin siyasətlə bağlı qərarlarınızı heç də hamı təqdir etmir. Fərqli mövqelər var.

- Olsun. Onlara mənim bir sualım var. Hardaydınız mən od püskürəndə? Hardaydınız mən ev dustağı olanda? Hardaydınız mən illərlə efirdən təcrid olanda? Hardaydınız mənim qızım ağlayırdı, özünü öldürürdü, yarım saat gec gələndə morqlara zəng vururdu, belə vaxtlarda hardaydız? Siz nə haqla mənim baxışımda hansısa fərq görürsüz? Bunlar deyirlər ki, güclə olsa da, kimi isə pislə, bəlli bir insanı pislə.

- Amma sizcə onlar sadəcə evdə oturub sizi sevmirdilərmi və sizə səslərini vermədilərmi?

- Mən inanıram ki, səsləri vermək sevməkdən gəlir. Bəs o sevməkdirsə, niyə məni başa düşmürlər? Demirəm mənim yanlışımda məni başa düşüb güzəştə gedələr. Məni başa düşüb niyə hər şeyi axıra qədər düşünmürlər? Hər dəfə verdiyim sualı verirəm. Əgər mən bir belə axmağam ki, qazanmağın yolunu bilmədim? Yolla gedən insanları görmədim? Və bunu mən 15 il, 20 il, 5 il, 3 il bundan qabaq eləmədim. Yəni mən belə savadsızam? Yəni həyat belə bağlıdır ki, mən o birilərin timsalında necə zənginlənmək lazımdır, görmədim? Ağlıma bir şey gəldi. Bütün sınaqlardan keçdim. Görünür, o insanlar ki, məni başa düşmək istəmir, başa düşmürlər, yəqin istəyirlər ki, mən axırıncı - ölüm sınağından da keçim. Ancaq mən bunu eləməyəcəyəm. Tanrı nə vaxt yazıb onda çağıracaq onda utanmayacağam, qorxmayacağam. Və övladlarımın da utanmağa yeri yoxdur.

- Dinləyici yazır: Flora xanım, «Facebook»unuz niyə bağlı idi? Təbrik məktubları almaq istəmirsiniz?

- Allah eləməsin. Bax deyirsiniz belə. Mən aktuallığımı itirsəydim, mənim «facebook»umla kimin işi olardı? Mən Azərbaycanda, bəlkə də, yeganə «facebook» səhifəsinin sahibiyəm ki, orada 5 minə qədər dost var. Bu da kimi isə narahat edir. Kimi isə yox, konkret bilirəm kimləri narahat edir. Həm səhifəm itdi-batdı, həm informasiya səhifəm. Bağlasınlar yenisini açaram. Onu da bağlasınlar, yenisini açaram... Hələ ki ətrafımda bu işi bacaran, ağıllı enerjili insanlar var, mənim «facebook»um «ölməyəcək».

- Sosial şəbəkələrdə fəallıqdan qorxmursunuz? İki bloqqer həbsdədir indi -Emin Milli və Adnan Hacızadə.

- Yox. Onların necə həbs olunması hamımıza bəllidir axı. Onları necə o səviyyəyə qoymaq olar? Onlar mübarizdirlər. O cavanları kimlə bir sıraya qoymaq olar? Onlar fövqəl bir sıradadırlar.

- Dinləyici yazır: Flora xanım, seçici kimi hansı partiyanın namizədinə səs verəcəksiniz YAP-ın, yoxsa AXCP-Müsavatın və ya sadəcə müxalifətin?


- Şərhsiz.

- Dinləyici yazır: Flora xanım, İlham Əliyevin apardığı daxili və xarici siyasətdən razısınızmı? Bir dəfə AzadlıqRadiosunda İlham Əliyevin siyasətini təriflədiniz. İndi gördünüzmü necə güclü siyasəti var bizim prezidentimizin? Axırda sizə 59 min avro uduzdu.


- Niyə belə Allahsız danışırlar? Niyə olan şeyi görmək istəmirlər? Niyə razı olmaq istəmirsiz? Niyə göz yummaq istəyirsiz? Niyə gözləyirsiz ki, İlham Əliyevi mütləq yumşaq desək tənqid eləməliyəm? Niyə məndən təhqir gözləyirsiz?

- Siz münasibət bildirmədən mən sadəcə bilmək istəyirəm faktı necə görürsünüz? Sizcə həmin seçkinin nəticəsinin saxtalaşdırılmasında İlham Əliyevin rolu var idimi?


- Siz necə bilirsiniz? İlham Əliyev zəng edib deyirdi ki, Flora xanıma mane olun?

- Sizcə, yox?


- İlham Əliyevi o səviyyəyə endirməyə mən heç razı olmaram. Mən bir şey də deyim. Mən öz praktikamdan, öz həyatımdan görmüşəm ki, kimlərəsə xoş gəlmək üçün, elə bax dediyiniz insana xoş gəlmək üçün hərdən elə bir özfəaliyyət edirlər ki, adamın əli üzündə qalır. Əgər mən bu işlərin içində bişməsəydim, bilməsəydim, kökdən bilməsəydim, mən deyərdim ki, hə, siz deyəndir. Elə deyil.

- Amma Flora xanım, əslində bu məsələnin iki cavabı var: Ya istəmir, ona görə yaxşı deyil, ya bacarmır ona görə yaxşı deyil.


- Mən dedim yaxşı deyil? Onu sual verən deməlidir. Sual verən öz sualına cavab verməlidir.

- Əgər ölkədə seçki saxtalaşdırılırsa, əgər bunu siz dediyiniz kimi orta səviyyəli, kiçik səviyyəli məmurlar edirsə, özfəaliyyət edirsə, deməli onların idarə olunmasında bacarıqsızlıq var. Yenə də prezidentin üzərindədir bu məsuliyyət. əgər bu prezidentdən gələn göstərişdirsə, yenə də burda məsuliyyət prezidentin üzərindədir. Sizcə üçüncü variantı varmı bunun?

- Var. Deyim sizə üçüncü variantını. Biz məhkəmələrdən keçdik. İndiki məişət məhkəmələrində də Faiqlə, İlhamə və ya kiminləsə indiki mərhələdə yenə də uduzmaq mərhələsindəyəm. Onu sizcə orta səviyyədən başqa yuxarıdan kimsə sifariş verir?

- Faiq Ağayevlə məhkəmədə, bəlkə də, yox. Amma seçki ilə bağlı...


- 5 il bundan qabaq olan situasiyanı bu günə gətiririk. Bu gün 5 il bundan qabaq olan mərhələni topa-tüfəngə tuturuq. İndi biz bütün bu günahlandırmamızı ehtimallar üzərində qururuq ki, biz nə qədər haqlıyıq? Biz bunu niyə edirik? Bax mən indi bunu deyirəm düşmən qazanıram özümə. Sabah bütün qəzetlər də hamısı yazacaq ki, Flora əqidəsini dəyişib. Flora əqidəsinə çox sadiqdir. Mən ağa qara deyə bilmirəm. Mən sizə bir şey deyim. İndi ağa-ağ demək, qaraya qara demək mənim üçün şəxsən hamı üçün demirəm mənim üçün ağrısızdır. Mən tamamilə rahat tənqid edə bilərəm. Ağrısız tənqid edə bilərəm. Özüm üçün itkisiz tənqid edə bilərəm. Məhz indi bunu etmirəm. Çünki mən öz dediyimə inanıram. Və heç kim mənim bu mövqeyimi, mənim baxışımı dəyişdirə bilməz.

- Sizin namizəd olduğunuz dairə seçki komissiyasının sədrini həbs etdilər, sonra bir neçə həftədən sonra buraxdılar. Sonra dövlət işinə qoydular və ötən il ona orden verdilər. Bəs görəsən kim edib bunu?

- Deyəcəksiniz İlham Əliyev? Əgər İlham Əliyevin çiynində hansısa məsuliyyət varsa, onda onun idarə etdiyi cəmiyyətin çiynində də məsuliyyət var.

- Onu seçib deyə?

- Yox. Cəmiyyət öz sözünü deyə bilməyib. Deməli cəmiyyət indi öz-özünə inanmır.

- Dinləyici yazır: Hər bir xalq seçdiyi parlamentə layiqdir fikrinə münasibətinizi bilmək istəyirik.

- Eşitdiyimə görə, parlament 80 faiz dəyişiləcək.

- Dinləyici yazır: Səhv etmirəmsə, Flora xanım Avropa Məhkəməsinin qərarına görə, imici korlanan dövləti yox, onun səsini oğurlayan, iradəsini zorlayan, sonradan seçdiyi əqidəyə layiqli xidmət etməyə imkan verməyən hakimiyyətin halına yandığını vurğulayıb. Sizə səs verən, bu qədər ucaldan xalqı belə təhqir etmək, onun dövlətini belə aşağılamaq nəyə lazımdır?


- Bunlar yüksək pafoslu sözlərdir. Belə söhbətləri buraxın. İndi bu söhbətlər qətiyyən aktual deyil. Birdəfəlik deyirsiniz ki, Flora xanımı gözdən salasınız. Alınmayacaq. Çünki Flora xanımın həm müğənni kimi tarixi keçmişi var, həm də vətəndaş kimi. Mən etdiyim addımın yüzdə birini siz edin, sonra oturub söhbət edərik.

- Dinləyici yazır: Flora xanım, İlham Əliyev sizi səhnəyə qaytardığı üçün münasibətiniz dəyişib?


- Ona qalsa Heydər Əliyev məni dəfələrlə qaytarıb. Və məni təcrid edəndə, mən sonradan bildim, Heydər Əliyevin xəbəri də olmurdu, eşidirdi, yenidən qaytarırdı. Və mən o qədər cılız adam deyiləm ki, səhnəyə qayıtmaq üçün 70 yaşımda kiməsə baş əyəm, kiməsə özümü borclu biləm. Onu gözləməyin. Nə ac qarnım olsun, ya istəyir tox qarnım olsun heç kimə baş əyməmişəm. Mən övladlarımın himayəsindəyəm. Bilirsiniz nədir? Bəsdir də bu haqsızlığı edirsiniz. Allah görür. Allahın qəzəbindən qorxun. Allah öz varlığını bir daha sübut etdi. Bəzi adamlara etdiyinin nümunəsində. Məni rahat buraxın.

- Dinləyici yazır: Çox maraqlıdır, bir tərəfdən saxtakarlıq olub deyir. Digər tərəfdən deyir ki, bu, sifarişlə olmayıb. Yox, Flora, xanım, sizin haqqınızda film çəkməyəcəklər.


- Heç lazım da deyil. Mənim haqqımda elə indi deyirlər ki, kiməsə baş əyirəm ki, səhnədə olam. Birinci 3 efirdə mən səslənirəm: ATV, İctimai, Xəzər. Vəssalam. Bu belə getdi. Bu sözdə siz yanılırsız. İş ki qaldı çəkməyə, mənim məhkəmə proseslərimə indi də qanunsuz baxırlar, indi də pozuntu var. Əgər mən bu hökumətə xidmət etsəydim, mənim pozuntularım olardı?

- Yeri gəlmişkən, məhkəmə çəkişmələrinizdən biri Faiq Ağayevlə bağlıdır. Onu da bıçaqlayıblar.


- Vallah o gün elə heyfsilənirdim ki, birdən ölüb-eləyər, mənim məhkəmələrim yarımçıq qalar. Bir az zarafatcılam mən, başıma döyə-döyə durdum ki, ay Allah, ona dəymə. Çünki onun mənə hələ çox cavabları var. Bir şey deyim sizə. Bu bədbəxtin başına bu iş gələndə hamı elə bilirdi ki, mən eləmişəm. Mən elə düşünürəm. Eşitməmişəm, mən eləmişəm elə bilirdilər. Ta ki tutmayana qədər. Yəni bu haqsızlığa qədər də insanlar əl atır.

- Dinləyici soruşur: Flora xanım, hələ də Müsavat partiyasının üzvüsünüzmü?


- Mən Müsavat Partiyasının üzvü deyildim, mən Xalq Cəbhəsinin üzvü idim. Mən onda da deyirdim, indi də deyirəm ki, mən baxmayaraq ki, çox sevdiyim, çox hörmət etdiyim, ruhunu yüksək tutduğum Əbülfəz bəyin ölümündən sonra partiyaya girdim. Sonra bir müddətdən sonra öz xoşumla çıxdım partiyadan. O dövrdə də deyirdim, mənim partiyam Azərbaycandır, mənim partiyam millətimdir, xalqımdır.

- Dinləyici yazır: «Yeni Müsavat» qəzetinə müsahibənizdə demisiniz ki, ürəyiniz ağrıyır bu hökumət üçün. Məgər bu hökumət deyil ki, təqsirkar ki, ölkədə bütün qanunsuzluqların başında duran. Hökumət hökumət olsaydı, məhkəmələri sizə və bütün müxalifətə qarşı haqsız qərarlar çıxarmazdı.


- Mən dedim mənim ürəyim ağrıyır Azərbaycan üçün. Çünki hər bu Azərbaycana dəyən zərbə mənim ürəyimə dəyir. Çünki bu iş olmamalıydı. Bu olay olmamalıydı. Bu biabırçılıq olmamalıydı. Bu presedent olmamalıydı ki, Azərbaycan olaraq mənim ölkəm başıaşağı qalmasın. Niyə siz mən dediyimi axıra qədər dərk eləmədən yozursunuz? Yozub nə məndən bir şey qoparda biləcəksiniz, nə mənə pislik edə biləcəksiniz, nə məni gözdən sala biləcəksiniz. Olmayacaq. Ola bilməz də belə şey. Çünki mən danışanda birinci nə danışıram yadımdadır. Heç mən demişəmmi hökumətə qarşı? Bir də ki, mən niyə qorxum o sözü deməyə? Ancaq hökumətə yox, Azərbaycana qarşı. Çünki bu hökumət Azərbaycana qulluq edir. Sonda deyim ki, bəlkə, mən bu hökumətə qulluq etdiyim üçün Avropa Məhkəməsi mənim işimi mənim xeyrimə həll edib?

XS
SM
MD
LG