Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:34
Meydana - ədəbi tənqidə “müharibə” elan edərək atıldılar

1953-cü ildə təsis edilən jurnalın ilk sayında – baş məqalədə görün nə yazılmışdı:

“The Paris Review” öz səhifələrində yaradıcılığı – nəsr və poeziyanı önə çəkməyə ümid edir.

Ədəbi tənqiddən imtina etməsək də, düşünürük ki, o, indi ədəbiyyat dərgilərinin çoxunda malik olduğu dominant mövqedən məhrum edilməli və öz yerinə - hardasa kitabın axırlarına yaxın səhifələrə yerləşdirilməlidir.

Düşünürük ki, “The Paris Review”nun qapıları yaxşı yazıçı və şairlərin üzünə açıq olmalıdır, daha işi-gücü reklam, yaxud qərəz dolu yazılar yazmaq olanların yox”.

Jurnalı üç nəfər - Harold L. Humes, Peter Matthiessen və George Plimpton Parisdə yaratmışdılar.

O vaxtdan bəri dərgidə V. S. Naipaul, Samuel Beckett, Italo Calvino, Philip Roth, Jonathan Franzen və bir çox başqa ünlü yazarların əsərləri dərc edilib.

Ədəbi tənqidə alternativ kimi jurnal həm də yazarlara öz yaradıcılıqları haqda danışmaq imkanı yaratdı.

Dərgidə çap olunan “Yazar iş başında” rubrikasında çap olunan müsahibələr seriyasında yazıçılar öz porrtetlərini yaradır, həyat və yaradıcılıqları, yazı texnikaları haqda danışırlar.

Belə müsahiblər arasında William Faulkner, Vladimir Nabokov da olub.


Dərgidə çap olunmaq istəyənlərin nəzərinə

Jurnal redaksiyası hazırda Nyu-Yorkda yerləşir.

Dərgidə dünyanın istənilən ölkəsindən yazarlar dərc edilə bilər.

Bir şərtlə ki əsər ya ingiliscə yazılmış olsun, ya da ingilis dilinə mükəmməl tərcümə edilsin.

Və əvvəllər heç yerdə çap edilməmiş olsun. E-maillə göndərilən əsərlər qəbul edilmir.

Əsərlər zərfdə bu ünvana göndərilməlidir. (Nəsr əsərləri nəsr üzrə redaktora, şeirlər poeziya üzrə redaktora).

The Paris Review
62 White Street
New York, NY 10013


Qaydalara görə, yazar hər dəfə jurnala ya maksimum 6 şeir, ya 1 qısa hekayə, ya da 1 publisistik yazı göndərə bilər.

Yazar redaksiyaya göndərdiyi zərfdə öz telefon və e-mail adresini də qeyd etməlidir.

George Plimpton
Redaksiya onunla könüllü əlaqə saxlayan yazarlara minnətdarlığını bildirir, amma yolda itən zərflərə görə məsuliyyət daşımadığını bildirir.

Jurnal məsləhət görür ki, yazarlar redaksiyaya əsər göndərməmişdən qabaq dərgi ilə tanış olsunlar, orada necə əsərlərin çap olunduğu görsünlər.


“The Paris Review” yazarlara mükafat da verir

Müsabiqədə iştirak üçün müraciətə ehtiyac yoxdur.

Qaliblər ilboyu jurnalda çap olunan şeir və hekayələrin arasından – jurnalın redaktorları tərəfindən seçilir.

Qaliblərin adı jurnalın qış sayında elan edilir.

Bundan başqa dərgi “Plimpton Mükafatı” da təsis edib. (Dəyəri 10 min dollar)

Bu hər il gənc, yaxud əsərləri əvvəllər çap edilməmiş müəlliflərə verilir.

Bu mükafat jurnalın 50 il redaktoru olmuş George Plimpton-un şərəfinə təsis edilib.

O, 2003-cü ildə vəfat edib.


Jurnalda təcrübə keçmək mümkündür

“The Paris Review” ədəbiyyat adamlarına təcrübə proqramı təklif edir.

Bunun üçün jurnala müraciət edənlər bilməlidir ki, təcrübə - həftənin 5 günü – hər gün jurnalda 8 saat işləmək deməkdir.

Təcrübə 3-4 ay davam edə bilər. Proqramda iştirak edənlərə şərait yaradılır ki, dərginin ərsəyə gəlməsinin bütün mərhələlərində iştirak etsinlər. Yazarların əsərlərinin qəbul edilməsindən dərginin oxuculara çatdırılmasına qədər.

Onlara jurnala daxil olan bədii və publisistik əsərləri oxumaq da həvalə edilir.

Samuel Beckett
Jurnalda təcrübə keçənlər üçün sonradan Amerikanın və başqa Qərb ölkələrinin aparıcı qəzet, jurnal, nəşriyyat və ədəbiyyat qurumlarında iş tapmaq asanlaşa bilər.

O cümlədən HarperCollins, FSG, The Gernert Agency, The Wylie Agency, The New York Sun, The New Yorker, Vanity Fair, The Wall Street Journal və s.

Jurnalda təcrübə keçənlərə maaş verilmir.

Proqramda iştirak edənlər yuxarıda qeyd edilmiş ünvana məktub göndərməli, The Paris Review dərgisində niyə təcrübə keçmək istədiklərini açıqlamalı, məktuba özləri haqda məlumat və ədəbiyyatla bağlı 2-3 publisistik yazılarını əlavə etməlidirlər (bütün bunların ümuni həcminin 15 səhifədən artıq olmaması şərtilə).


Jurnal necə maliyyələşir?

Ədəbiyyat dərgisinin özü-özünü maliyyələşdirməsi hər yerdə olduğu kimi Amerikada da çətindir.

Ildə 4 sayı çıxan “The Paris Review” qeyri-kommersiya təşkilatıdır və vergidən azaddır.

Jurnalın çapı, onun keçirdiyi ədəbi tədbirlər, reallaşdırdığı proqramlar həm də iyanələrdən asılıdır.

The Paris Review öz İnternet saytında oxucularına müraciət edir ki, istənilən həcmdə iyanələr qəbuldur və həmin pullar jurnalın ədəbiyyatın maraqlarına xidmət işini asanlaşdırır.

1000 dollardan artıq yardım etmək “Plimpton çevrəsi”nə üzv olmaq deməkdir – yəni jurnalın həmtəsisçisi və uzun illər redaktoru olmuş Plimpton kimi həmin şəxslər də dərgi üçün mühüm iş görmüş insanlar kimi qəbul ediləcəklər.

Jurnala yardımı onun saytı vasitəsilə - on-line da etmək olar. (10 dollardan başlayaraq).

Axır illərdə “The Paris Review” işində bir sıra yeniliklər edib.

İndi jurnalda publisistik yazılar daha çox dərc edilir. Jurnal daha çox foto verməyə başlayıb. Bunlar oxucular tərəfindən əsasən müsbət qarşılanıb.

Həmçinin oxu
"Granta" jurnalı

Günün bütün mövzuları

XS
SM
MD
LG