Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:04
Sentyabrın 30-da Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, başqan müavini Tofiq Yaqublu və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar. İdarənin rəis müavini Yaşar Əliyev partiya funksionerlərinə Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimliyə ünvanladığı məktubu və Rusiya mətbuatında çıxmış icmalı təqdim edib.

Yaşar Əliyev İsa Qəmbərlə Əli Kərimliyə ünvanladığı məktubunda yazıb ki, ölkənin hüquq- mühafizə orqanlarının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, təşkil etdiyiniz mitinqlərdə sərbəst toplaşmaq azadlığı haqqında qanunun tələblərinin və ictimai asayişin kobud şəkildə pozulmasına yol verilir:

«BƏLKƏ TƏSƏVVÜRLƏRİNİZ DƏYİŞDİ…»

«Siz tez-tez Qərb dövlətlərini nümunə göstərərək mitinq keçirmək azadlığı ilə bağlı həqiqətə uyğun olmayan fikirləri ictimai rəyə, eyni zamanda partiyadaşlarınıza çatdırır, qanunsuz hərəkətlərə qanuni don geyindirməyə cəhdlər edirsiniz. Bununla əlaqədar diqqətinizi «İzvestiya» qəzetinin 10 sentyabr 2010-cu il sayında verilmiş bir icmala cəlb etmək istəyirəm. Bu icmalda xarici dövlətlərdə, o cümlədən ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İsveç, İsveçrə, Litva, Yaponiyada razılaşdırılmamış yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin, piketlərin təşkilinə görə tətbiq edilən məsuliyyət tədbirləri yer alıb. Bu icmalla tanış olmağınız bəlkə sizlərin sərbəst toplaşmaq azadlığı haqqında təsəvvürlərinizi dəyişmiş olardı. İstərdik ki, siz və həmfikirləriniz qeyd olunan icmalı oxuyub özünüz üçün düzgün, qanuna söykənən qərar çıxarasınız».

İsa Qəmbər
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə deyir ki, hakimiyyət cəmiyyətin fəallaşmasından, müxalifətin keçirəcəyi mitinqlərin genişlənməsindən qorxduğu üçün bu məktub üsuluna əl atıb:

«BU DOLAYI YOLLA POLİS REJİMİNİN QURULDUĞUNU TƏSDİQLƏYİR»

«Bakı polisinin rəis müavini tərəfindən mitinqlərlə bağlı belə bir məktub göndərilməsi dolayısı yolla Azərbaycanda polis rejiminin qurulduğunun təsdiqidir. Normal dövlətlərdə müxalifət partiyaları, müxalifət liderləri ilə hər hansı bir məsələni müzakirə etmək istəyirlərsə, polis yox, hakimiyyətdə olan siyasi qüvvələr təmasa keçir. Hakimiyyət isə görünür təcrübəsizlikdən və çaşqınlıqdan, polis vasitəsilə müxalifət liderləri ilə danışmağa cəhd edir. Məktuba gözucu baxdım. Nə blankda, nə də hər hansı bir möhürlə rəsmi şəkildə təsdiq olunub. Şəxsi məktuba bənzəyir. Bir polis zabitinin də müxalifətlə şəxsi məktublaşmasına nə ehtiyac var, bu da aydın deyil».

AXCP sədri Əli Kərimli isə deyir ki, mitinqlərdə problemi müxalifət yox, polis yaradır:

«MİTİNQLƏRDƏ NECƏ DAVRANMAĞI POLİS ÖYRƏNMƏLİDİR»

«Mitinqlərdə necə davranmağı öyrənməyə Bakı Baş Polis İdarəsinin ehtiyacı var, nəinki bizim. Biz 20 il bundan qabaq da mitinqlər keçirmişik. Azərbaycanda yüz minlərin toplaşdığı mitinqlər də keçirmişik.

Əli Kərimli
Heç bir problemsiz hər həftə keçirilib. Problemi ancaq və ancaq hökumət və polis yaradır».

Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov isə bildirir ki, məktubun göndərilməsində məqsəd sabitliyin qorunmasıdır:

«TƏXRİBAT OLMASIN»

«Baş Polis İdarəsi istəyir ki, mitinqlər olsun, ancaq insanlara ziyan dəyməsin. Mitinqlər olsun, ancaq bir təxribat hadisəsi olmasın. Çünki mitinqlər insanların çox toplaşdığı bir yerdir».

Son vaxtlar beynəlxalq təşkilatlar da sərbəst toplaşmaq azadlığı məsələsini bir neçə dəfə gündəmə gətiriblər. Beynəlxalq təşkilatlar xüsusilə seçkilər ərəfəsində vətəndaşların bu haqlarının tanınmasında birmənalı mövqe sərgiləyirlər.

AXCP və Müsavat isə artıq oktyabrın 10-da birgə mitinq keçirmək haqda qərar veriblər.

Şərhləri göstər

XS
SM
MD
LG