Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:25

«Sənsiz» və «Sevgili canan»ı Müslüm kimi oxuyan olmayıb?!


«Sən olmasaydın...» kitabı
«Bakı. Dahi sənətkarın doğulduğu və «Əlvida, Bakı...» deyərək vidalaşdığı şəhər...»

Tanınmış jurnalist Fazil Rəhmanzadənin yenicə çapdan çıxmış «Sən olmasaydın...» kitabı Bakının panoram şəklinin altına yazılan bu sözlərlə açılır.

Bənzərsiz müğənninin yoxluğunun ikinci ilində oxucularla görüşəcək kitabın müəllifi ilə söhbətimiz qarşınızdadır:

- Fazil bəy, kitabı vərəqləyəndə anladım ki, siz Müslüm bəylə tanış olmusunuz. Bu tanışlığım tarixçəsini bizimlə bölüşərsinizmi?

- Elədir. Uşaqlıqda onunla Filarmoniyanın bağında tanış olmuşuq. 50-ci illərin əvvəllərində biz o bağda yerləşən təsviri sənət dərnəyinə birgə getmişik. Müslüm heykəltəraşlıq bölməsində idi, mən rəssamlıq. Dostluğumuz o vaxtdan başlayıb. Tale elə gətirdi ki, mən jurnalist oldum, o müğənni. Dostluğumuz onun vəfatına qədər davam edirdi. Hələ 80-ci illərdən mənim Müslüm barədə kitab yazmaq istəyim vardı. Amma Müslüm o qədər eldən-elə gəzirdi ki, macalı olmurdu. Hətta bu məqsədlə Moskvaya da uçdum. Kitabın bəzi hissələrini yazmışdım da. Apardım Moskvaya o əlyazmanı, orda itirdim. Sonra da həvəsdən düşdüm. Ortalığa başqa kitablar girdi. Əvvəl-axır, arzuma çatdım. Deyilənə görə, pis kitab alınmayıb.

DÜNYANIN İKİNCİ SİNATRASI ÖLDÜ?

- Fazil bəy, kitabı necə yazdız?

- Kitabda jurnalistikanın müxtəlif janrlarından istifadə etmişəm - müsahibədən, reportajdan, essedən və s. Çalışmışam ki, oxunaqlı olsun. Çünki Müslüm o qədər böyük sənətkardır ki, onun haqqında kitabı elə-belə yazmaq olmazdı. Onun böyüklüyünü, dahiliyini oxucuya təzə sözlə çatdırmaq lazım idi.

Müslüm vəfat edəndə, deyirdilər ki, dünyanın ikinci Sinatrası öldü. Bilirsiniz də, Sinatra ötən əsrin ən böyük vokalçısı sayılır. Amma mən kitabda buna etiraz edirəm və yazıram ki, dünyanın birinci Müslümü öldü...Sinatranın böyüklüyünü qəbul edirəm, amma Müslümün yaradıcılığı daha rəngarəng idi, daha müxtəlif janrları əhatə edirdi. Rus klassik əsərlərini, Azərbaycan operalarını, italyan klassik operalarını, neopalitan nəğmələrini, rus xalq nəğmələrini, bizim bəstəkar mahnılarını ifa etməsi göstərir ki, Müslümün etdiyini Sinatra edə
1969-cu ildə çəkilən şəkil
bilməzdi!

BABA MÜSLÜM KİM İDİ, NƏVƏ MÜSLÜM KİM?

- Kitabı Maqomayevlərin nəsil şəcərəsi ilə başlamısınız...

- Elədir. Əvvəlcə uşaqlığından danışıram, ata-anasından söhbət açıram, sonra keçirəm baba Müslümə. Çünki bu istedad haradan kök alır, haradan gəlirdi, bunu göstərmək lazım idi. Müslümün babası Azərbaycan bəstəkarlıq məktəbinin klassiklərindən idi. Bu məktəbin yaranmasında Üzeyir bəylə yan-yana, çiyin-çiyinə, ağır zillətlərə dözə-dözə çalışmışdı. Böyük dostu, həmkarı, qardaşı Üzeyir bəylə yanaşı Müslüm bəy də klassik musiqimizin, opera janrının, romans janrının yaranmasında az zəhmət çəkməmişdi. Ona görə də, bu haqda danışmaq lazım idi. Həm də mənim fikrimcə, o sətirlərin özü də Müslümün həyatına kövrəklik gətirir. Çünki onun atası müharibəyə gedib qayıtmayıb. Babası Müslüm rəhmətə getmişdi. Bircə əmisi qalmışdı. Əmisi ona atalıq, əmisinin yoldaşı analıq elədi. Nənəsi - Badigülcamal xanım onu tərbiyə etdi. Əmisi Camaləddin bəyin əməyini də xüsusi qeyd etmişəm. O həm də Müslümün yolgöstərəni idi. Bir də açığını deyim ki, indiki gənclər Müslümləri qarışdırırlar. Çox adam bilmir ki, Filarmoniya baba Müslümün adınadır, yoxsa nəvənin. Odur ki, istəyirəm bilsinlər ki, baba Müslüm kim idi, nəvə Müslüm kim.

İMKANIM OLSAYDI...

- Kitabı ağ-qara və rəngli şəkillər də bəzəyir...

- Onlar mənim şəxsi arxivimdəndir. Bəzisini bizim köhnə fotomüxbirlərin şəxsi arxivindən, bəzisini «AzərTac»ın arxivindən əldə etmişəm. Özüm toplayırdım. Orda elə şəkillər var ki, heç kəsdə yoxdur. Məsələn, Müslümlə mənim lap gənclikdə çəkdirdiyimiz şəkil. 1969-da çəkilib o şəkil. Onu da verdim kitabda. Çalışmışam ki, bu kitab estetik baxımdan yaxşı olsun. Çünki təkrar edirəm, Müslüm elə böyük sənətkardır ki, ondan elə-belə yazmaq olmaz. Əgər imkanım geniş olsaydı, kitabı daha qəşəng edərdim. Gələcəkdə, qismət olsa edərəm...

Müslüm vəfat edəndə, deyirdilər ki, dünyanın ikinci Sinatrası öldü
MÜSLÜM MOSKVADA DAHA ÇOX ANILIR

- Kitab lap təzə çıxıb. Hələ ondan heç kəs danışmayıb, yazmayıb. Yəqin ilk biz olarıq. Bəs kitabın təqdimat mərasimi olmayacaq?

- Təqdimat mərasimi oktyabrın 18-i, ya da 19-u olmalıdır. Səbəb də budur ki, bəzi adamlar var ki, onların mərasimdə olması vacibdir, amma onlar Bakıda deyillər. Məsələn, Rüstəm İbrahimbəyov, Tahir Salahov və b. Tədbirdə mədəniyyətimizin, xalqımızın ünlü sənətkarları iştirak etmək istəyirlər və mən onların xahişi ilə tədbiri ertələmişəm. Deyirəm, bir fürsətdir düşüb əlimizə, Müslümü yad edək.

Müslümü Moskvada daha çox anırlar, nəinki Bakıda. Açıq deyək ki, biz bu sarıdan geri qalırıq. İstərdim ki, bu mərasimlə XX əsrin ən böyük müğənnilərindən biri olan Müslümü dünyaya tanıdaq. Deyək ki, o azərbaycanlı idi, Azərbaycan xalqının övladı idi, Azərbaycan musiqi mədəniyyətinin yetirməsi idi və bizim doğma sənətkarımız idi. Fikrim var ki, Bakıda onun oxuduğu əsərlərdən ibarət konsert gecəsi, anım gecəsi təşkil edim.

BU ROMANSLARI MÜSLÜM KİMİ OXUYAN OLMAYIB!

- Gözəl olardı...

- Bəli. Müslümün bir özəlliyi də orasında idi ki, o qorxmurdu. Bax, bizim «Sənsiz» və «Sevgili canan» romanslarını korifey ifaçılar oxumuşdular. Amma o, cəsarətlə bu romanslara elə çalarlar qatdı, elə sevgi ilə yanaşdı ki, özündən əvvəlkilərdən üstün oxudu. Açıq deyirəm, heç kəsin əməyini, zəhmətini, istedadını yerə vurmaq fikrim yoxdur. Bülbülə də sayğım var, Lütfiyar İmanova da, Gülağa Məmmədova da, başqa ifaçılara da. Amma etiraf edək ki, bu romansları Müslüm kimi oxuyan olmamışdı! Təkrarsız, bənzərsiz və orijinal!

Şərhləri göstər

XS
SM
MD
LG