Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:54

Prezidentin adıyla mandat qazanmaq...


«Mənə verilən xəbərlərə görə, dairə üzrə rəqiblərimdən biri – YAP-ın vahid namizədi Rafiq Məmmədhəsənov inzibati resurslardan yararlanmaq fikrindədir. Mən bu məsələ ilə bağlı YAP-ın İdarə Heyətinə müraciət etmişəm. Müraciətimdə partiyanın həmin dairədən vahid namizədini geri çəkməyi də məqsədəuyğun saydığımı bildirmişəm».

Bu sözləri AzadlıqRadiosuna müsahibəsində 104 saylı Tovuz-Gədəbəy Seçki Dairəsindən namizədliyini müstəqil qaydada irəli sürən YAP-ın, eyni zamanda Milli Məclisin üzvü Nazim Məmmədov deyib.

Nazim Məmmədov bildirib ki, partiyanın digər bir neçə dariədə olduğu kimi bu dairədən də vahid namizədini geri çəkəcəyinə ümid edir:

Nazim Məmmədov
- Mənim namizədliyimi seçicilərin təşəbbüs qrupu sentyabrın 15-də irəli sürüb. O zaman hələ YAP-ın vahid namizədlər siyahısı açıqlanmamışdı. Açığı mən gözləyirdim ki, YAP ya mənim namizədliyimi dəstəkləyəcək, ya da bu dairədə digər namizəd irəli sürməyəcək. Görünür yerdən düzgün informasiya verilmədi və YAP məni vahid namizədlər siyahısına salmadı. Ola bilər ki, bu məsələdə diqqətdən kənarda qalan məqamlar var. Ancaq yenə də ümid edirəm ki, YAP öz rəsmi namizədini mənim dairəmdən geri çəkəcək.

Rafiq Məmmədhəsənova böyük hörmətim var. O indi parlamentdə 103 saylı Gədəbəy Seçki Dairəsini təmsil edir. Keçən dəfəki parlament seçkilərində də YAP-ın vahid namizədi olub. Onun öz köhnə dairəsində fəaliyyətini davam etdirməsi, məncə, daha yaxşı olardı. Ancaq yenə də mən mübarizəyə hazıram. Güman edirəm ki, Rafiq müəllim təbliğat kampaniyasında inzibati resurslardan istifadəyə yol verməyəcək. Təmsil olunduğumuz partiyada da belə problemlərin seçicilərin xeyrinə həll ediləcəyinə inanıram. Bir daha bildirirəm ki, YAP bir neçə dairədə vahid namizədini geri çəkib və bu praktika 103 saylı dairədə də təkrarlanmalıdır».

- Partiya içərisində partiya siyahısından kənar namizədliyini irəli sürən şəxslərə münasibət necədir?


- YAP demokratik partiyadır. Demokratik partiyada da demokratik düşüncəli insanlar daha çox diqqətə layiq olmalıdırlar. Namizədliyi irəli sürənlər daha çox seçiciləri fikirləşmiş olsaydılar, daha yaxşı olardı. YAP-ın vahid namizədlər siyahısındakı bəzi şəxslər siyahılar açıqlanan gün bəyanat verib bildirirdilər ki, bu, prezidentin onlara etimadıdır, müxalifət düşərgəsindən 20 namizədlə belə, mübarizəyə hazırdırlar. Bəziləri bldirir ki, mən prezidentin əskəriyəm. İlham Əliyev hamının prezidentidir. Onun adının seçki təbliğatında hallandırılması namizədin öz resurslarına yox, hakimiyyətin resurslarına arxalanmaq cəhdidir.

O zamanlar artıq keçmişdə qalıb. Bugün seçicinin problemləri ilə məşğul olan insanlar ölkənin inkişafında, hakimiyyətin müsbət imicinin güclənməsində maraqlı olan insanlardır. Biz indi öz şəxsi maraqlarımızı ictimai maraqlara, dövlət maraqlarına qurban verməyi bacarmalıyıq. Bu daha çox mənəvi məsələdir, ona görə də mən bu məsələni seçicilərin öhdəsinə buraxıram».

YAP-ın 103 saylı Tovuz-Gədəbəy Seçki Dairəsindən vahid namizədi Rafiq Məmmədhəsənovla da əlaqə saxladıq. Bildirdi ki, Nazim Məmmədovun açıqlamalarına heç bir şərh vermək istəmir:

- Mən bu barədə heç nə danışmayacağam.

Məsələ ilə bağlı YAP-ın mətbuat xidmətinə də zəng vurduq. Mətbuat xidmətində də məsələyə hər hansı formada münasibət bildirmək istəmədilər.

YAP Nazim Məmmədovun məsələ ilə bağlı açıqlamalarına digər media orqanlarında da şərh verməyib.
XS
SM
MD
LG