Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:25

Rəşad Məcid "Hökumətimizin ədəbiyyata bu cür biganəliyi hamımızı təəccübləndirir"


Niyə "Eurovision"a pul tapılır, yazıçılara yox? Azərbaycanın öz ədəbiyyatını xaricdə təbliğ etmək siyasəti varmı?

Azadlıq Radiosunun "Pen klub" verilişindəki müzakirəyə Yazıçılar Birliyinin katibi Rəşad Məcid, gənc yazarlar Zümrüd Yağmur, Səlim Babullaoğlu, Aydın Xan, Almaniyadan şairə Nuridə Atəşi qatılıblar. Türkiyə təcrübəsindən isə türk şairi Ataol Bəhramoğlu "Pen klub"a danışıb.

(Verilişdə deyilənlərin əsas məqamlarını aşağıda oxu. Proqramda deyilənlərin hamısını eşitmək istəyənlər üçün audioyazı aşağıda).

RƏŞAD MƏCİD: “DEYİR HEÇ MİRZƏ CƏLİLİ DƏ TÜRKİYƏDƏ YAXŞI TANIMIRLAR”

Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyir ki, Azərbaycan ədəbiyyatının xaricdə təbliği vacibdir.

"Hətta Anar müəllim deyir ki, Mirzə Cəlili belə Türkiyədə yaxşı tanımırlar".

R.Məcid xatırladır ki, 1990-cı illərdə Azərbaycan müstəqillik qazananda bu məsələ aktuallaşdı və nəticədə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi yaradıldı və dövlət ona maliyyə ayırmağa başladı.

“Bu mərkəz Gürcüstan təcrübəsi əsasında yarandı.

Xeyli işlər də gördü. Xeyli Azərbaycan ədəbiyyatı nümunələri sətri tərcümə edildi, başqa ölkələrdə çapı üçün əlaqə yaradıldı.

Amma sonradan dövlət bu yardımı dayandırdı. Amma Anar bu məsələni bir neçə dəfə qaldırdıqdan sonra Mərkəzə cüzi vəsait ayrılıb, bununla da sadəcə xarici ədəbiyyatı dilimizə çevirirlər. Azərbaycan yazarlarının başqa dillərə tərcüməsində böyük boşluq var”.

Rəşad Məcid deyir ki, başqa ölkələrdə tərcümələri maliyyələşdirən fondlar var.

“İqtisadi baxımdan güclənən Azərbaycanı kənarda tanıdacaq ədəbiyyatın təbliğinə də investisiya qoyulmalıdır. Bir sıra səfirliklər öz təşşəbbüsləriylə bəzi əsərləri çap ediblər. Amma buna dövlət səviyyəsində vahid siyasət və investisiya ayrılması lazımdır.

“Sizcə, indiki hökumət niyə Azərbaycan ədəbiyyatının xaricdə təbliğinə tələsmir” sualına Rəşad Məcid belə cavab verdi:

“Vallah hökumətin yerinə danışa bilmərəm. Amma 1960-cı illərdə, hələ sovet dövründə Azərbaycan ədəbiyyatı antologiyası cox nəfis şəkildə fransız dilində dərc olunmuşdu. Yəni sovet dövründə də belə addımlar atılıb.

Amma indi müstəqilliyimizin iyirminci ilinə qədəm qoyuruq. Və hökumətimizin ədəbiyyata bu cür biganəliyi şübhəsiz ki hamımızı təəccübləndirir"”.

NURİDƏ ATƏŞİ: “DÖVLƏTİN AYIRDIĞI PULU GÖYƏ SOVURDULAR”

Nuridə Atəşi
Söhbətə Almaniyadan qoşulan Nuridə Atəşi bu fikirdədir ki,

Azərbaycan ədəbiyyatının Avropada təbliği bərbad vəziyyətdədir.

“Bu təbliğatın aparılması dövlətin, səfirliklərin marağında deyil. Əlbəttə Azərbaycan ədəbiyyatının təbliğinə pul ayrılır. Amma bu pullar hara gedir? Dövlət buna nəzarət etmir və ya edə bilmir.

2008-ci ildə Almaniyada Azərbaycan mədəniyyət ili keçirildi.

Biz orda bir neçə ziyalı məsələ qaldırdıq ki, Azərbaycanın minillik klassik ədəbiyyatı almancaya çevrilsin. Nazir Əbülfəs Qarayevə müraciət etdim və razılaşdıq.

İki il alman şairi ilə gecə-gündüz tərcümə etdik. Axırda bu işə mədəniyyət günlərinə ayrılmış 3 milyon avrodan heç 20 min avro da ayırmadılar.

Nəşriyyat mat qaldı. Mən də, tərcüməçi də qonorardan imtina etdik. O pul da sovruldu. Nə deyim, nuşcanları olsun. Amma mədəniyyət günlərindən qalan bircə o kitab oldu.

...Azərbaycan ədəbiyyatını təbliğ etmək bizim, səfirliyin borcudur. Təəssüf ki, səfirliklə işləmək mümkün deyil.

Bu gün Azərbaycan ədəbiyyatını muzdlu lobbiçilər tanıdır. Bunlara para tapılır. Amma Azərbaycan yazarlarının dünyaya çıxması üçün dövlət pul tapmır”.

Bu deyilənlərlə bağlı Mədəniyyət Nazirliyinin sözçüsü Zöhrə Əliyeva canlı efirə qatılmaqdan imtina etdi və prodüsserimizə dedi ki, onlarla əməkdaşlıq edən Rəşad Məcid suallarımızı cavablandıra bilər.

R.Məcidə görə, Nuridə Atəşinin söylədiklərində müəyyən həqiqət var.

“Mən o kitabı görmüşdüm. Hesab edirəm ki, bu kitaba Azərbaycan hökuməti dəstək verməliydi.”

AYDIN XAN ƏBİLOV: “YAPONİYA İLDƏ 60 MİLYON AYIRIR Kİ...”

Kulturoloq Aydın Xan Əbilovun təklifəri isə bunlardır:

“Son illər xaricdə Xocalı, Qarabağ həqiqətləri ilə bağlı kitablar nəşr olunur. Amma bədii ədəbiyyatdan söz düşəndə bunu görmürük.

Nə kapital yatırımını, nə başqa işləri.

Musiqiyə, idmana, başqa sahələrə göstərilən diqqəti, qayğını, yönəldilən qayğını təəssüf ki, ədəbiyyatla bağlı görmürük.

Çox təəssüf. Amma ədəbiyyat millətin deyən dili, düşünən beyni sayılır.

O baxımdan da istərdik ki, Azərbaycanda bu sahəyə xüsusi diqqət ayrılsın. Ayrıca ədəbiyyat konsepsiyamız, Ədəbiyyat Fondumuz olmalıdır. Fond müstəqil olarsa, bu müsbət nəticə verər.

Aydın Xan
Hər bir yazar ora müraciət edə, illik qrant ala bilər”.

Aydın Xan Əbilovun sözlərinə görə, Yaponiyada hər il 60 milyon avrodan çox pul xərclənir ki, yapon yazıçılarının əsərləri Nobel Komissiyası üzvlərinin qəbul etdiyi dörd dilə çevrilsin. Amma bunu da deyir ki, hər şeyi dövlətin boynuna qoymaq olmaz.

Bəzi ölkələrdə bu cür fondları həm də iş adamları maliyyələşdirir.

“Bizdə çox iş adamları var ki, müğənnilərə çoxlu pul buraxırlar, amma ədəbiyyata pul ayırmırlar.

Niyə məsələn, Mübariz Mənsimov və ya Vahid Ələkbərov Türkiyədə və ya Rusiyada Azərbaycan ədəbiyyatı antologiyasını çap etdirməsinlər?”

ŞƏXSİ TƏŞƏBBÜS ÇIXIŞDIMI?

Söhbətə - canlı efirə zəng etməklə qoşulan “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlu da deyir ki, bəzən şəxsi təşşəbbüskarlıq göstərmək lazımdır.

Hər işi dövlət görə bilməz. Məsələn, son beş ildə Azərbaycan ədəbiyyatının bəzi nümunələrini 14 ölkədə, Rusiya, Orta Asiya, Pribaltika ölkələrində, Polşada nəşr etdiriblər.

“Özü də fərqli nümunələri, yəni yazıçılar arasında hansısa quruma üzvdür ya yox deyə bölgü aparmamışıq.

Onların arasında Aqşin vardı, Günel Mövlud vardı, Zahir Əzəmət vardı, tam siyahı əlimdə deyil.

Polyak dilində 21-ə yaxın yazıçının əsərini çap elədik və ya Füzulidən Məqsəd Nura qədər Azərbaycan prozası antologiyasını çap elədik.

GUAM ölkələri yazıçılarının Bakıda birinci beynəlxalq görüşünü keçirdik.

Səlim Babullaoğlu
Bu işin maliyyə məsələsini Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu boynuna götürdü. Müəyyən bir mərhələdə Mədəniyyət Nazirliyi də tədbirə dəstək verdi.

Açıq Cəmiyyət İnstitutu SOROS Fondu ilə Gürcüstan və Özbəkistan yazarlarının əsərlərini çap etdik.

O ölkələrdə də bizim əsərlər çap olunub”.

“FONDUN MÜSTƏQİLLİYİNƏ KİM TƏMİNAT VERİR?”

Yazar Zümrüd Yağmur isə Rəşad Məcidlə Aydın Xan Əbilovun fond yaradılması ilə bağlı təklifinə belə münasibət bildirdi:

“Kim deyə bilər ki, bu fondda səmimi olaraq Azərbaycan ədəbiyyatının nümunələri təbliğ olunacaq?

Kim təminat verə bilər ki, məddahlıqdan uzaq olan, avtoritar rejimin iç üzünü açan bir əsər o fond vasitəsilə xaricdə təbliğ ediləcək?..

Qrantların verilməsindən söhbət gedir. Məgər başqa sahələrdə qrantların verilməsində əngəlləri görmürükmü, sabah ədəbiyyata ayrılacaq qrantların kimlərə veriləcəyi də bəlli olmasın?..”

Zümrüd Yağmurun qənaətincə, bu gün cəmiyyət ədəbiyyatla ünsiyyətə girə bilmirsə, virtual aləmdən canlı aləmə daşına bilmirsə, ədəbiyyatın hətta ölkə daxilində təbliğatı getmirsə, xaricdə hansə təbliğatdan söhbət gedə bilər?

“Buna yəqin Rəşad Məcid aydınlıq gətirər. İkincisi, mən tam məsuliyyətlə deyirəm ki, bilərəkdən cəmiyyət azad düşüncədən uzaq saxlanılır.

Tabuların yıxıldığı cəmiyyətdə azad düşüncə yaranır. Marksın fikri var ki, sosialist ədəbiyyatı yaranmayınca sosialist inqilabı yetişə bilməz.

Zümrüd Yağmur
Mütləq azad ədəbiyyat yaranmalıdır. Azad yazarların varlığı bu gün kimlərisə qorxudur. Azad yazarların birbaşa oxucu ilə tamasına imkan verilmir.

Ancaq virtual aləmdə bu görüş baş tutur. Məsələn, Pərvizin “Yad dildə” romanı gələcək üçün güzgüdür, amma bu gün hansı televiziya onu müzakirə edir?

RƏŞAD MƏCİD: “PƏRVİZİN ROMANINI AXIRADƏK OXUYA BİLMƏDİM”

“Zümrüd Yağmurun köşə yazısı kimi çıxışını dinlədim. Biz fondun yaradılmasına toxunanda çıxış yolu göstəririk. Amma o elə məsələləri qaldırır ki, onların bu gün həlli çətindir.

Səlim Babullaoğlu müxtəlif fondlara müraciət etməklə, müxtəlif instansiyalarla yazışaraq Azərbaycan yazarlarının xarıcdə çapına nail olub. Bu təşəbbüsü sizin yeni ədəbiyyat adlandırılan yazarlar da etsinlər.

Pərvizin “Yad dildə” əsəri dahiyanə əsərdirsə, xaricdə çap etsinlər, halbuki mən o əsəri oxuyub bitirə bilmədim. Məsələ ədəbiyyatı bölməklə məhdudlaşmır. Köklü problemlər var”.

ZÜMRÜD YAĞMUR: “RƏŞAD MƏCİD ZÖVQ SAHIBI DEYIL”

“Mən də düşünürəm ki, fondlar lazımdır. Sadəcə, Rəşad bəyə demək istəyirəm ki, yanaşma dəyişməlidir, ədəbiyyatda özgələr və doğmalar yanaşması aradan qalxmalıdır, qurumlararası savaşda “bizlərdən və özgələrdən olan” prinsipi aradan qalxmalıdır.

Mənə elə gəlir ki, bu yanaşma aradan qalxmayınca, Azərbaycan ədəbiyyatının səmimi təbliği gedə bilməz....

Mən köşə xarakterli danışmırdım, Azərbaycan ədəbiyyatı xaricdə və daxildə niyə təbliğ olunmur onu izah etmək istəyirdim.

Bu bir. İkincisi, Rəşad Məcid Pərvizin əsərini axıra qədər oxuya bilməyibsə, mən onun zövq sahibi olmadığını müəyyən etdim və demək ona Azərbaycan ədəbiyyatının təbliğini tapşırmaq qəbahət və cinayətdir”

AYDIN XAN ƏBİLOV: “BU MÜBAHİSƏLİ MƏSƏLƏDİR”

“Bu, bir az mübahisəli məsələ oldu. Vaxtilə Dostoyevski ilə Çexov arasında da problem olub.

Zövqlərdə mübahisə etməyək. Mən sadəcə bir məsələyə qayıtmaq istəyirəm, kağız-qələm dövrü qurtardı. İndi elektron kitablar gəlir. Biz 500 tiraj Almaniyada ya Fransada kirtab çap edə bilərik, amma onun piarı qurulmalıdır.

Rəşad Məcid
Bunu üçün milyonlar xərclənməlidir ki, Azərbaycan yazıçısı təbliğ olunsun, oxunsun.

Məsələn, Orxan Pamukun brend olması üçün milyonlar xərcləndı.

Biz həm də elektron kitabxanalar vasitəsilə ədəbiyyatımızın təbliğinə çalışmalıyıq.

Bizim yazıçılar hələ kommersiya xarakterli əsərlər yazmırlar.

Bu baxımdan hökumətin konsepsiyasında xüsusi maddə olmalıdır ki, Azərbaycan ədəbiyyatının ingilis, rus, türk dilində təbliği üçün xüsusi saytlar yaradılsın.

Buna kompleks halda baxmaq lazımdır, burda çox məqamlar var, tərcümə məsələsidir, nəşriyyat məsələsidir, yayın məsələsidir, ədəbi əlaqələr məsələsidir və sairə...”

Müzakirəyə son söz əvəzi Türkiyə şair Ataol Bəhramoğlu ilə müsahibəni veririk.

(Onunla canlı efirdən bir qədər əvvəl söhbətləşdik)

“TEDA – TÜRK ÖRNƏYİ”

“Türkiyədə bu işlərlə ilgilənən TEDA adlı müstəqil bir qurum var (Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tərcüməyə dəstək proqramı). Bu qurum Mədəniyyət Nazirliyinə bağlı, amma müstəqil qurumdur. Türk yazarlarının xaricdə təbliği ilə məşğul olur.

TEDA yazarlara iki cür dəstək verir. Məsələn, bir nəşriyyat evi müraciət edir ki, bu yazarı nəşr etmək istəyirəm və ya tərcüməçi deyir ki, bu yazarın əsərini tərcümə edirəm, mənə dəstək verin.

TEDA ildə iki dəfə toplanır və qərar verir.

Ataol Bəhramoğlu
Bu qurum yüzlərlə yazıçıya dəstək verir, Nobel alan yazarımız da bunun içində. Elə mənim də biri Amerikada, biri də Bolqarıstanda nəşr olunan kitabıma qurum dəstək olub”.

Türk şairi deyir ki, Türkiyə rəsmiləri beynəlxalq yarmarkalarda stend yaradarkən qabaqlar ancaq 13-14-cü əsrlərdə yaşayan yazarları təbliğ edirdi. Amma bu gün elə deyil.

“Məsələn, ötən il Frakfurtdakı yarmarkada bütün yazarlar, yəni müxalifətçi və ya hökumətyönlü məsələsi mövzu edilmədən, keyfiyyəti bəlli hər kəs yer almışdı. TEDA-nın çox faydası var.

Yüzlərcə yazar bu qurum vasitəsi ilə məşhurlaşdı.

“Heç şübhəsiz çağdaş Azərbaycan ədəbiyyatı dünya miqyasın çıxarılası ədəbiyyatdır.

Bu böyük ədəbiyyatdır. Məncə, TEDA Azərbaycana bir örnək ola bilər.

Hökümət yazarlarına heç bir ayrı-seçkilik qoymadan, sadəcə dəyərli olub-olmadığını müəyyənləşdirməklə dəstək olmalıdır.

Əgər seçim zamanı iqtidara və ya müxalifətçiyə ayırsalar o kitabları Avropada oxuyan olmaz.

Verilişi tam şəkildə dinlə
davamı
(Prodüsser Gülər Miryəhya)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG